90 YAŞIN MÜBARƏK “Kəlbəcər harayı”

Tale elə gətirdi ki, “Kəlbəcər harayı” qəzeti özünün 27 ilini qaçqın ömrü yaşadı. Nə qədər ağrılı, nə qədər çətin olsa da bu belə idi. Amma qəzet özündə yaşamağa güc tapdı. Bu gün yurdumuzun dilbər guşələrindən olan Kəlbəcər rayonunun bütün sakinləri kimi, “Kəlbəcər harayı” qəzeti də VƏTƏN azadlığının dadını yaşayır. Fəaliyyət göstərdiyi bu illər ərzində müxtəlif adlar altında nəşr edilən qəzet rayonunun ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatının güzgüsü olaraq qalır.

1934-cü ilin yazında ucqar dağ rayonu olan Kəlbəcərin ictimai-siyasi həyatında önəmli rol oynayan, gənc nəslin təlim-tərbiyəsində mühüm vasitə olan, zəmanəsinin aynasına çevrilən rayon qəzeti «Qızıl maldar» nəşrə başlayır.

Yarandığı gündən geniş xalq kütləsinin tribunasına çevrilən qəzetin səhifələri fəhlə və kəndlilərin, elm və mədəniyyət işçilərinin, ziyalıların üzünə həmişə açıq olub.

Rayon qəzeti 90 illik şərəfli tarixində müxtəlif adlarla, 1934-1953-cü illərdə «Qızıl maldar», 1953-1961-ci illərdə «Yeni həyat uğrunda» adları ilə çap olunub. 1961-ci ildə rayon qəzetləri birləşdirildiyindən 1965-ci ilədək Bərdə rayonunda «Kommunizm yolu» adı altında fəaliyyətini davam etdirir. 1965-ci ildə «Yenilik» adı ilə həyata təkrar vəsiqə alan rayon qəzeti 1993-cü ilin aprel ayına kimi həmin ad altında oxucularının görüşünə gəlir.

Əlbəttə, zəmanəsinin güzgüsü olan «Yenilik» qəzeti o dövrdə rayonun ictimai-siyasi həyatında mühüm rol oynayır, rayon həyatının bütün sahələrini özündə əks etdirərək oxucularını daim maarifləndirir, əsl peşəkarların qələmindən çıxan məqalələri, oçerkləri, reportajları və tənqidi yazıları ilə geniş oxucu rəğbətini qazanır.

Qəzet həm də rayonda ədəbi-bədii mühitin formalaşmasında, gənc istedadların aşkar edilib püxtələşməsində, onların yaradıcılığının təbliğində də önəmli işlər görür.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın dağ rayonlarının, o cümlədən Kəlbəcərin sosial-iqtisadi inkişafına göstərdiyi böyük qayğı və diqqətdən «Yenilik» qəzeti də hərtərəfli bəhrələnmişdi. 1984-cü ildə Kəlbəcərdə ən müasir çap dəzgahları, linotip maşınları ilə təchiz edilmiş 2 mərtəbəli müasir tipli mətbəə tikilərək fəaliyyətə başladı. Bunun da nəticəsində qəzetin nəşri xeyli yaxşılaşdı, maddi-texniki təchizatı daha da möhkəmləndi.

Qəzetin yaradıcı heyəti də ali təhsilli jurnalist kadrlarla möhkəmləndirilmişdi. Amil Novruzov, Malik Zeynalov, Qəhrəman Nağıyev, Validə İsmayılova və digər gənc jurnalistlər məhz ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə «Yenilik» qəzetinə işləməyə göndərilmişdilər.

Yerli gənc istedadlardan Məmməd Aslan, Hidayət Elvüsal, Sücaət Əhmədov, Rahim Dünyamalıyev və onlarca digər yazarlarımız «Yenilik» qəzetində peşəkar kimi formalaşmışlar.

Rayon qəzetinin formalaşmasında, ölkədə geniş şöhrət qazanmasında o vaxt qəzetə rəhbərlik etmiş yaradıcı şəxsiyyətlərdən Məhəmmədəli İsmayılov, Əziz Bayramov, Kərəm Əhmədov, Şamil Əsgərov, Qənbər Qurbanov, Zal Cabbarlı, Əli Mirzəyev, Sədnik Paşayev, Bəhmən Məmmədov, Əli Qurbanov və Zimistan Həsənovun xidmətləri danılmazdır. Onlar müxtəlif illərdə rayon qəzetinə rəhbərlik edərək qəzetin işıq üzü görməsində, yaşayıb xalqımıza xidmət göstərməsində fədakarlıqla çalışmışlar.

Dağlıq Qarabağda erməni separatizmi baş qaldıranda, erməni millətçilərinin Azərbaycana torpaq iddiası ilə başlanan təcavüzünə qarşı mübarizəyə qalxanların ön cərgəsində gedənlərdən biri də «Yenilik» rayon qəzeti idi.

1988-1993-cü illərdə Ermənistan və Dağlıq Qarabağ erməniləri tərəfindən blokadaya alınanda Kəlbəcərin amansız və olduqca qəddar düşmənlərə qarşı 5 il apardığı savaşda «Yenilik» rayon qəzeti çox mühüm və layiqli işlər gördü. Qəzet əməkdaşlarının, xüsusilə Zimistan Həsənov, Zahid Muxtar, Qənifə Səmədova, Köçəri Orucoğlu, Vidadi Məmmədov və digərləri Milli Ordunun əsgərləri ilə çiyin-çiyinə səngərlərdə azğın düşmənə qarşı qələmləri ilə vuruşdular. Əyinlərinə hərbi libas geyinən qəzet əməkdaşları döyüş bölgələrindən reportajlar dərc etdirir, fotoşəkillər çəkirdilər.

Kəlbəcərə vurulan zərbənin, əhaliyə dəyən maddi və mənəvi ziyanın qədəri saysız-hesabsız idi. Ən çox ziyan isə təhsilə, mədəniyyətə, səhiyyəyə dəymişdi. 65 min nəfərədək kəlbəcərli zorla öz ata-baba yurdundan qovularaq didərgin salınmışdı. Ölkənin müxtəlif şəhər və rayonlarında müvəqqəti sığınacaq tapmış kəlbəcərlilərə o vaxt hay verən yox idi, əhali çaş-baş qalmışdı. 

Lakin Kəlbəcərlilər əyilmədi. Belə bir çətin vaxtda soydaşlarımızın harayına səs verən yenə də yeni adla işıq üzü görən «Kəlbəcər harayı» qəzeti oldu. Əsl peşəkar və mətbuat fədaisi olan Zimistan Həsənov redaksiyanın pərən-pərən düşmüş əməkdaşlarını ətrafına yığaraq qəzetin yenidən fəaliyyət göstərməsi üçün döymədiyi qapı qalmadı. Məhz onun inadkarlığı, işgüzarlığı hesabına və əlbəttə, Kəlbəcərə ürəkdən bağlı olan ziyalıların dəstəyi ilə rayon qəzeti yaşadı, ictimai-siyasi həyatda öz layiqli yerini tuta bildi. 

Bu gün də qəzetdə dərc olunan yazılar öz mövzu müxtəlifliyinə görə diqqəti cəlb edir. Şübhəsiz, respublikamızda, həmçinin azad olunan Kəlbəcərdə gedən irimiqyaslı quruculuq işləri, sosial, iqtisadi və siyasi uğurlar qəzetin əsas mövzusudur. Bunlarla yanaşı, ayrı-ayrı bölgələrdə məskunlaşmış kəlbəcərlilərin rayon rəhbərliyi ilə görüşləri, Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə göstərilən diqqət və qayğı, həmçinin gənclərin idman, incəsənət, təhsil sahəsində qazandıqları uğurlar, Kəlbəcərin tarixinə, coğrafi mövqeyinə aid müxtəlif elm adamlarının maraqlı araşdırmaları, torpaqlarımızın müdafiəsi uğrunda fəda olmuş şəhidlərimizin şücaəti qəzetdə öz əksini tapır.

90 ilin bütün qovğalarına baxmayaraq, «Kəlbəcər harayı» xalqımıza, Vətənimizə vicdanla xidmət edib. Çünki burada çalışanlar həmişə dövlətə, dövlətçiliyə, xalqımızın tarixinə, milli-mənəvi dəyərlərinə, dilinə, dininə, adət və ənənələrinə sadiq olub, onu qoruyub, yaşadıblar.

«Kəlbəcər harayı» qəzetinin 90 illik yubileyi onun yaradıcı heyətinin, rayon ictimaiyyətinin həyatında çox mühüm siyasi hadisədir. Qəzet fədakar yaradıcı insanların yorulmaz fəaliyyəti nəticəsində bu gün yaşayır, sabah da yaşayacaqdır.

90 illik yubileyin mübarək, «Kəlbəcər harayı»!

Hazırladı: Novruz Səlimov

ictimaimedia.az

Bu xəbəri paylaşın: