Antoterror əməliyyatından bir il ötür

Ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün tam bərpası, ərazilərimizdə erməni separatizminin kökünün kəsilməsi ilə nəticələnən uğurlu lokal xarakterli antiterror tədbirlərinin başa çatmasından bir il ötür. Qısa müddətdə, yüksək peşəkarlıqla həyata keçirilən antiterror əməliyyatından bəhs edərkən, bir neçə məqamı xüsusi olaraq qeyd etmək lazımdır. Bunlar, əməliyyatın keçirilməsini labüd edən şərait, yaranmış zərurət, peşəkar icra və uğurlu nəticələrdir!

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vurulub. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah ediliblər. Separatçıların əsas rəhbərləri həbs edilib. Düşmənin qüdrətli Ordumuzun qarşısında 23 saat 50 dəqiqə dayanmağa gücü çatıb.

Rəsmi mənbələrə görə 13 istiqamətdə həyata keçirilmiş antiterror əməliyyatının unikallığını əks etdirən bəzi xüsusiyyətlər haqqında qısa olaraq bəhs etmək istərdik. Əməliyyata əvvəlki təcrübələrə əsaslanaraq, günorta saatlarında və əlverişsiz hava şəraitində başlanılmaqla, həm bölmələrimizin sürətli hərəkət etməsi, həm də düşmənin qəfil yaxalanması təmin edilmiş oldu. Kütləvi artilleriya atəş zərbələrinin dəstəyi ilə irəliləyən bölmələrimiz tərəfindən qısa müddətdə bütün yolların nəzarət altına alınması və əraziyə giriş-çıxışın bağlanması üzrə tapşırıqlar uğurla yerinə yetirilmişdi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi göstərişinə əsasən, qarşıya qoyulmuş tapşırıqlar bölmələrimizin şəxsi heyəti arasında minimum itki ilə icra olunub. Tapşırıqların icrası zamanı dəqiq zərbələrlə düşmənin 1761 hədəfi sıradan çıxarılıb, qarşılıqlı əlaqədə hərəkət edən bölmələrimiz bütün istiqamətlərdə tez zamanda yüksək uğurlara nail olub. Qısa vaxtda 90-dan çox döyüş mövqeyi düşməndən təmizlənib, həmçinin erməni təxribat qrupları, könüllü dəstələrin döyüş hazırlığı və atış çalışmaları icra etmək üçün inşa edilmiş 11 təlim və tədris mərkəzi ləğv olunub.

Uğurlu antiterror əməliyyatı Azərbaycan dövlətinin qələbəsi, xalqımızın haqlı mövqeyinin, tarixi ədalətin, Vətən sevgisinin və döyüşlərdə iştirak edən Silahlı Qüvvələrimizin peşəkarlığının təntənəsi idi. Xüsusi vurğulanmalıdır ki, özündə kapitulyasiya aktını ehtiva edən üçtərəfli Bəyanatın imzalanmasından sonra ötən postmüharibə dövründə Ermənistanın təxribatlardan və işğalçılıq siyasətindən əl çəkməyərək sərgilədiyi qeyri-konstruktiv davranışlar antiterror əməliyyatının keçirilməsini labüd etmişdi.

Təbii olaraq, ilk növbədə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsini bir daha hörmət və ehtiramla anır, onların ailə üzvləri və yaxınlarına səbir, döyüşlərdə yaralanan hərbi qulluqçularımıza isə uca Allahdan şəfa diləyirik.

Bu xəbəri paylaşın: