AVMVİB sədri Anım Günü ilə bağlı saytımıza danışdı

Hörmətli oxucular!
Bildiyimiz kimi, 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun  mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun  döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.

Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı  və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada  imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən  çıxarılması və Naxçıvan Muxtar Respublikası  ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.

2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.

Prezident İlham Əliyev cənabları İkinci Qarabağ müharibəsi  bitdikdən sonra Vətən müharibəsinin başladığı günü «Anım Günü» kimi qeyd etmək barədə sərəncam vermişdir. 2020-ci il dekabrın 2-də Ali Baş Komandanımız İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Anım Gününün bir qəhrəmanlıq səhifəsi olduğu, haqqın, ədalətin şər üzərində zəfərinin başlanğıcı kimi qiymətləndirmiş və bunun xalqımız üçün əhəmiyyətindən danışmışdır. Saytımıza açıqlamasında AVMVİB sədri Anım Gününü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış, bu günü ümumxalq həmrəyliyin təzahürü, eyini zamanda, Vətən uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsinə Azərbaycan dövlətinin, Ali Baş Komandanımız İlham Əliyev cənablarının göstərdiyi ali ehtiramın təsdiqi kimi qiymətləndirmişdir.

Daha sonra AVMVİB sədri Füzuli Rzaquliyev bildirmişdir:

«Vətən müharibəsində iştirak etmiş Şanlı Azərbaycanımızın mübariz oğul və qızlarının şücaətini həm dövətimiz, həm də xalqımız həmişə yüksək qiymətləndirəcəkdir və heç vaxt unutmayacaqdır. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, bu qələbəni bizə bəxş etmiş Ali Baş Komandan İlham Əliyev cənablarına, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış əsgər və zabitlərimizə minnətdarıq. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiramımızı bildirir, onlara Allahdan rəhmət diləyirik! Qazilərimizə, müharibə veteranlarımıza, müharibə əlillərimizə uzun ömür arzulayırıq!
Allah şəhidlərimizə rəhmət etsin! Amin!».

AVMVİB Mətbuat xidməti

Bu xəbəri paylaşın: