AVMVİB Rəhbərliyi və rayon şöbələri Tovuza səfər etdilər

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində ölkəmizin qərb sərhəddində vəziyyət gərginləşib.

AVMVİB Rəhbərliyi və rayon şöbələri rəhbərliyi ordumuza, yerli sakinlərə öz dəstəklərini bildirmək üçün Tovuz rayonunda oldular. AVMVİB sədri Füzuli Rzaquliyev, sədrin I müavini Kamil Şirinov, sədrin müavinləri Vahid Abdurəhmanov, İslam Səfərov, Mübariz Quliyev, NTK sədri Niyazi Quliyev, AVMVİB Mingəçevir, Tovuz, Goranboy, Yasamal, Nəsimi, Saatlı, Zərdab, Şamaxı, Ağdaş, Zəngilan, Çilov, Qazax, Ağstafa, Göygöl, Ağsu, İsmayıllı, Qəbələ, Şəmkir, İmişli, Ağsu, Qəbələ, Gəncə, Xəzər, Ucar, Laçın, Cəbrayıl, Pirallahı, Samux, Sumqayıt, Dəmir Yolları, rayon şöbələrinin sədrləri və üzvləri Tovuz rayonunda olublar. Bölgəyə gələn döyüşçü heyəti AVMVİB Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev və rayon şöbəsinin üzvləri qarşılayıblar. Müharibə veteranlarının bu səfərdə məqsədləri, həm ordumuza dəstək, həm də yerli sakinlərlə birgə omaqdan ibarət idi.

AVMVİB Rəhbərliyi şəhidimiz Azərbaycan Ordusunun baş əsgəri Məmmədov Elşad Dönməz oğlunun doğulduğu Tovuz rayonun Ağdam kəndində şəhidin atası Dönməz Məmmədovla da görüşüblər.

Böyük bir heyətlə bölgəyə səfər edən AVMVİB-nin sədri Füzuli Rzaquliyev bizimlə söhbətdə dedi: «Bu bölgəmizin əhalisi qəhrəman və qorxmazdır. Hadisələrin hələ ilk günlərindən, yəni ötən əsrdən tovuzlular qəhrəmancasına düşmənə qarşı mübarizə apardığını hamımız bilirik. Ona görə də burada bir daha qürur hissi keçirdim. Sakinlər bir dəqiqə belə olsun düşünmədilər ki, yaşadıqları kəndi tərk etsinlər. Bütün bunları öz gözlərimizlə görmək üçün buraya gəldik. Ali Baş Komandanımız cənab İlham Əliyevin əmrinə hazır olduğumuzu bildirmək üçün buradayıq və əldə silah ən çətin döyüşlərdə iştirak etməyə hazır olduğumuzu isə düşmənə mesaj kimi çatdırmaq üçün buradayıq. Bu qəhrəman bölgəmizin hər birinə can sağlığı arzulayırıq.»

Bu səfərin təşəbbüskarlarından olan AVMVİB sədrinin I müavini Kamil Şirinov da müharibə veteranlarının belə səfərləri, həm yerli əhali, həm də döyüşən hərbçilərimizi ruhlandırılması üçün vacibdir. Hesab edirəm ki, ordumuz, həqiqətən də qüdrətli olduğunu bir daha sübut etdi. Bu döyüşlərdə şəhid olan hərbçilərimizə Allahdan rəhmət dləyirəm və belə səfərlərin davamlı olmasının vacib olduğunu bildirirəm.

Səfərlə bağlı AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov bildirdi ki, bu səfərdə iştirak edən 26 şöbənin hər birinə AVMVİB adından öz minnətdarlığımı bildirirəm. Bu səfərə bütün şöbələrimiz qoşulmaq istəyirdi. Lakin mövcud reallığı nəzərə aldıq. AVMVİB Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev və rayon şöbəsi veteranları əsgərlərimizə sovqat gətirmişdi. Rayondan xoş təfərrüatlarla ayrıldıq. Allah Vətənimizi və ordumuzu qorusun!

Müharibə veteranları Tovuz rayonunda Şəhidlər Xiyabanını ziyarət etdilər.

Vaqif Sadıqov

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: