Bələdiyyə seçkiləri 2025: Şəffaflıq, fəallıq və qürur dolu zəfər!

Yanvarın 29-da saat 19:00-da Azərbaycandakı bütün seçki məntəqələrində bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başa çatıb.

Fedai.az xəbər verir ki, hazırda seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb.

Seçkilər 118 seçki dairəsi üzrə 5846 məntəqədə keçirilib. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. 685 bələdiyyə üzrə seçkilərdə namizədlər 8071 yer uğrunda mübarizə aparıblar. Ümumilikdə bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir.

Qeyd edək ki, Azərbaycan Vətən müharibəsi İctimai Birliyinin (AVMVİB) bir çox üzvləri həm namizəd kimi, həm müşahidəçi, həm də ölkə üzrə müvafiq məntəqələrdə məsul şəxs qismində bələdiyyə seçkiləri prosesində iştirak etmişdir.

Azərbaycan Vətən Müharibəsi İctimai Birliyi 2025-ci il bələdiyyə seçkilərinin şəffaflıq və yüksək seçici fəallığı şəraitində keçirilməsindən məmnunluq hissi keçirməklə xalqımızın suveren Azərbaycan torpaqlarının hər bir guşəsində demokratik seçkilərin təşkil olunmasından qürur duyduğunu vurğulayaraq, bu mühüm siyasi prosesin milli həmrəylik və vətəndaş iradəsinin təcəssümü olduğunu bildirir. Seçkilərdə qalib gələn namizədləri təbrik edir, onların ölkəmizin tərəqqisi naminə uğurlu fəaliyyət göstərəcəyinə inamını ifadə edir.

Eyni zamanda, Azərbaycan Vətən Müharibəsi İctimai Birliyi dövlətimizin ali mənafeyinin qorunması və inkişafı istiqamətində hər zaman qətiyyətlə dövlətimizin, onun müdrik rəhbəri, Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin yanında olduğunu bəyan edir və dövlətçilik prinsiplərinə sarsılmaz sədaqətini bir daha vurğulayır.

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: