Beyləqan rayonunun Qəhrəman Kəbirli kəndində doğulmuş və Vətən uğrunda canını fəda etmiş qəhrəman şəhidimiz Abbasov Şamxal Xasay oğlunun Anım Günü böyük ehtiramla qeyd edilib. 14 fevral 1995-ci ildə dünyaya göz açan Şamxal Abbasovun 2025-ci il fevralın 14-də doğum günü məzarı başında anılıb.
Tədbirdə iştirak edən AVMVİB sədr müavini Akif Həsənov çıxış edərək, AVMVİB sədri Füzuli Rzaquliyev adından şəhidin ailəsinə başsağlığı verib. O, şəhid ailələrinin daim diqqət mərkəzində saxlanıldığını, onların yanında olduqlarını və mənəvi dəstək göstərməyə davam edəcəklərini bildirib.
Bu əlamətdar gündə şəhidin ailəsi üçün xüsusi bir hadisə də baş verib. Şəhid Şamxal Abbasovun qardaşının ailəsində dünyaya gələn körpəyə, qəhrəman dayısının şərəfinə Şamxal adı verilib. Bu, ailənin və bütün yaxınlarının Vətən uğrunda canını fəda etmiş qəhrəmanın adını yaşatmaq niyyətində olduqlarının bir sübutudur.
Şəhidlərimiz daim qəlbimizdə yaşayacaq! Allah bütün şəhidlərimizə rəhmət eləsin!
AVMVİB-in Mətbuat xidməti
Elçin Qədirov










