Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi Daxili İşlər Nazirliyinin hospitalında müalicə alan AVMVİB Şuşa şöbəsinin sədri Hafiz Qəmbərovu ziyarət etmişdir.
Ziyarət çərçivəsində AVMVİB rəhbərliyi Hafiz Qəmbərovun səhhəti ilə maraqlanaraq ona şəfa diləklərini çatdırmış, göstərdiyi vətənpərvər xidmətlərə və təşkilatın fəaliyyətindəki səmərəli əməyinə görə təşəkkür etmişlər. Hafiz Qəmbərovun keçdiyi şərəfli yol, onun ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda göstərdiyi fədakarlıqlar bir daha vurğulanmışdır.
Qeyd edək ki, Hafiz Qəmbərov Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun qardaşıdır. O, illərdir ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Şuşa şöbəsinə rəhbərlik edir və veteranların hüquqlarının qorunması, onların sosial problemlərinin həlli istiqamətində fəal ictimai fəaliyyət göstərir.
AVMVİB rəhbərliyi ziyarət zamanı bir daha bildirib ki, bu cür fədakar vətəndaşlar daim təşkilatın diqqət mərkəzindədir və onların sağlamlığının bərpası, sosial rifahının yüksəldilməsi üçün bütün zəruri dəstək göstəriləcəkdir.
AVMVİB-in Mətbuat xidməti

