Zaqatala qaziləri döyüşə hazırdır️


Zaqatala 708 saylı batalyonun bir qrup Qarabağ qaziləri Musayev Nuruş, Qədirov Qasım, Ömərov Nurəddin, Zeynalov Kamran, Səfər Qaraca və Həsənov Salman Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində könüllü döyüşmək üçün qeydiyyatdan keçdilər.

Torpaqlarımızın azad olunması uğrunda Ali Baş Komandanın istənilən əmrinə hazır olduqlarını bildiriblər.


AVMVİB Zaqatala rayon şöbəsinin sədri Elçin Agababayev bildirib ki, «Biz müharibə od-alovunu görmüş, ölümün gözünə dik baxaraq mənfur düşmənə qarşı vuruşmuş insanlarıq. Biz düşməni görüb üzərinə getmişik. Torpaqlarımızı işğal etmiş erməni daşnaklarına qarşı nifrətim sonsuzdur. Odur ki, mən hər döyüşdə iştirak etməyə can atıram.

Hətta bir neçə gün öncə hərbi komissarlığa məktubla müraciət edərək bildirmişəm ki, mən döyüş başlandığı andan ön mövqedə olacağam. Üstəlik, ərz etmişəm ki, qazi dostlarım mənimlə birgə döyüşlərə hazırdır.

Nə gizlədim, ərazilərimizin işğal altında olması məni bir an belə rahat buraxmır. Kimlərsə düşünər ki, vücudlarının hər hansı üzvünü itirən insan necə döyüşə bilər, amma vallah, ayaqları, qoları olmayanlar sürünərək, gözləri olmayanlar hiss edərək döyüşə gələcək.

Yetər ki, yaşasın xalqımız, var olsun, müstəqil Azərbaycanımız».

Leyla Həsənova

Posted by Leyla Hesenova on 17 İyul 2020, Cümə
Bu xəbəri paylaşın: