Xaqani Ədəboğlu
145 yaşlı Azərbaycan jurnalistikasının anısına…
(Təkrar… Çünki dəyişən nə isə yoxdur)
Bəri başdan bütün jurnalistlərimizi və bu sahədə bu sənətə gor qazılması işində öz «iynəsi» ilə az-çox əməyi keçən hər kəsi Milli Mətbuat günü münasibətiylə təbrik ETMİRƏM.
Çünki mənzil almaq növbəsində boy göstərən bir sənətin adına jurnalistika deyilməz. Dünya informasiya məkanında bir nöqtəsi olmayanlara isə jurnalist heç deyilməz. Çünki sələf dedikləri rəhmətlik Həsən bəy Zərdabi öz evini satıb Söz deməyə çalışırdı, amma özünü xələf adlandıran biveclər, Sözü satıb ev almaq uğrunda bir-birinin «ətini yeyirlər».
Bu gün bir jurnalist yarlıqlı tanışım mənzil növbəsindəki neqativ özəlliklərdən ağzı köpüklənə-köpüklənə qeybət edib, bu sahədə «40 il külüng çaldığını» da tez-tez millətin başına taqqıldadmaqla, mənzilə daha çox haqqının olmasını sübut etməyə çalışırdı. Tam özgə bir sənət tarlasından jurnalistika adına 40 cümləsi olmayan, səmt küləyinin jurnalistikaya atdığı bu «qanqal toxumuna» dedim: «Yaxşı ki, sən jurnalistikada külünglə işləmisən. Qələmlə işləsəydin, indi Azadlıq meydanında heykəlinin qoyulmasını tələb edəcəkdin»…
Müstəqillik dediyimiz illərdə bu sahədə kimi traktorla, kimi külünglə, kimi bellə, kimi isə yabayla işləyərək Azərbaycan jurnalistikasına gor qazmaqla məşğul olublar. İndi məzarı hazır olan ölünün özü belə ortada yoxdur. Bu boş məzarın başında moizə oxumağa isə jurnalist deyil, ya molla, ya da keşiş lazımdır.
Azərbaycan jurnalistikası özünə «başbilənlik» düzəldib və buraya 1 tək və 1 cüt təhsilli olanlar istisna olmaqla, qeyri sənətlərdən adamlar toplayıb. İndi də qalıb bu qurumun əlində. Hansısa «ağıllının» ağlıyla jurnalistikamızı oxunmayan beş-üç qəzet və baxımsız 3-5 televiziyaya çevirənlər, bu gün sosial şəbəkələri bağlamaq barədə bəyanatlar verirlər. Çünki oxunmayan qəzetli və yaxud baxımsız televiziya ilə bu şəbəkələr qarşısında çarəsiz qalıblar. Bu adamlar unudurlar ki, bu dəfə xalq «vərəqələr (listovka)» yaymaqla da bu bivec jurnalistikadan daha samballı olacaqdır. Sözlə və sözə qarşı Don Kixot mübarizəsi aparanlar, hələ də anlamayıblar ki, sözün öldürülməsi mümkün olmayıb, həbs edilməsi və qadağan edilməsi də mümkün deyil. Ona görə də sözlə mübarizənin tək yolu ondan daha yaxşı sözü deyə bilməkdir. İnformasiya da eyniylə anlaşılmalıdır…
Bu gün hökumət jurnalistlərə mənzil verib. Bəs bu jurnalistlər, görəsən hökumətə nə verirlər ki? Azərbaycan jurnalistləri «ev vermə» əməliyyatının dünyada anolqsuz oduğunu deməklə, gül vurmaqdadırlar. Doğrudan da bizim jurnalistlərin «möhtəşəmliyi» də elə bundadır. Bir güllə ilə iki dovşan vurmalarındadır. Analoqsuzluğun informasiya yükünə diqqət edin. Əlbəttə, jurnalistlərə ev tikib, mənzil vermək istəyən hökumətlər dünyada çoxdurlar. Sadəcə o təklifi qəbul edə biləcək ranqda olan jurnalistlər isə yoxdurlar.
Siz Allah, inciməyin. Bilirəm bizim jurnalistlərimiz bir az ərköyündürlər. Çünki «qucaqda böyüyən uşaq», həmişə ərköyün olar. Kirvənin də «pay-püşt» verməsi normal şeydi. Amma bu məsələyə bircə iraddan başqa, heç nəyim yoxdu. Gərək bu binaları, heç olmasa Masazırda tikəydilər. Sənətiylə Biləcəri səddini keçə bilməyənlər, barı mənzilləriylə bu səddi aşmış olardılar. Azad mətbuatın inkişafı üçün bina tikmək deyil, zəmin yaratmaq lazımdır. Jurnalistikanın inkişaf istiqamətlərini müəyyən edəcək qurumların başında bu sənətdə izi olmayan adamların, olması təsadüfü ola bilməz. Bir müstəqil ölkənin mətbuatı azad reklam bazarı, azad informasiya almaq imkanlarından mərhumdursa, mütləq çoxlu — çoxlu binalar tikmək lazımdır.
Napoleon deyirdi ki, feodalizmi top yıxdı, müasir quruluşu isə qələm yıxacaq. Amma günümüzün reallıqları Qələmi yıxdı. Bu gün dünya mediyası öz informasiya yükünü beyinlərə yeritmək üçün HƏRF axtarışındaykən, Azərbaycan jurnalistikası hələ də HƏRİF axtarır.
Onlar xəbərdən saqqız, bizlər isə saqqızdan heykəl düzəldirik. Onlar olayı xəbərləşdirir, biz isə xəbəri olaylaşdırırıq. «Jurnalistikaya giriş» dərsi deyən müəllimimiz Nəsir İmanquliyev tez-tez deyərdi: «Kapitalizmdə jurnalistlər kapitalistlərin pul kisəsindən asılıdır». Bizdə isə bu gün jurnalistikanı koopitalistlər qatlayıb «ciblərinə» qoymuşlar. Jurnalistləri, Jurnalistikamızı söyüş və nifrət hədəfinə çevirdikləri üçün, lütfən təbrik etməyin. Özüm də daxil, Mətbuat gününüzü təbrik ETMİRƏM…
Əssalamü Aleykum va Rahmatullahi Barakatuhu…
