Qanunsuz məskunlaşdırılmış — XANKƏNDİ

Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığı başçılarının — xanların istirahəti üçün yaşayış məskəni kimi salınır. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınır. Bu zaman onun xanlığın digər vacib şəhər və kəndlərinə, AğdamaXocalıyaMalıbəyliyəKərkicahana və digərlərinə yaxın olması da əsas götürülüb. Belə ki, yeni yaşayış məntəqəsi kimi digər yaşayış məntəqələrində də ancaq yerli əhali, azərbaycanlılar yaşayırdı. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında «Xanın kəndi» kimi tanınır. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alır.

Qarabağ xanlığı Rusiyaya birləşdirildikdə (14 may 1805) Xankəndi axırıncı Qarabağ xanı Mehdiqulu xanın arvadı Pəricahan bəyimə bağışlanmışdı.

1988-ci ildə Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndində ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başladılar. İlk mitinq 13 fevral 1988-ci ildə Xankəndinin mərkəzi meydanında təşkil olundu. Bundan bir həftə sonra, 20 fevralda Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırdı. Bu, Dağlıq Qarabağın azərbaycanlı icmasının haqlı narazılığına səbəb oldu. Bundan sonra Sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndinə Daxili Qoşunların batalyonunu göndərdi. Həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlandı. Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd etdilər. 20 fevralda Xankəndi mərkəzi xəstəxanasında praktika keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlandı. 2 gün sonra isə Ağdamdan yüzlərlə azərbaycanlı gənc bunu qisasını almaq üçün Xankəndinə yürüş etdilər. Onların qarşısı Əsgəranda silahlı ermənilər və rus əsgərləri tərəfindən kəsildi. Baş verən qarşıdurmada iki azərbaycanlı qətlə yetirildi, çoxlu sayda insan isə yaralandı. Bu gənclər sonradan illərlə davam edəcək Dağlıq Qarabağ münaqişəsinin ilk qurbanları oldular.

Hazırda düşmən şəhərdə məskunlaşmanı artırmağa çalışır. Zori Balayan kimi faşist birisi şəhərdə 17 min əhali qaldığına görə həyacan təbili çalır. Xankəndində 2 min nəfər Kərkicahanlı ilə birlikdə 15 min azərbaycanlı yaşayırdı.

Xaricdəki diasporun köməyi ilə Xankəndini bərpa edirlər. Onu da qeyd etmək lazımdır ki, ermənilər işğal olunmuş digər rayonların şəhər mərkəzlərini talan edərək onların vasitəsilə Xankəndini və həmçinin Dağlıq Qarabağdakı digər şəhərləri çox ucuz qiymətə bərpa ediblər. Bundan başqa erməni diasporunun köməyi ilə Gorus şəhərindən Xankəndinə qədər 64 km uzunluğunda, çəkilişi 1999-cu ildə tamamlanan şose yolu çəkilmişdir ki, bu yol Ermənistan ilə işğal olunmuş əraziləri birləşdirən yeganə yoldur.

Vikipedik məlumatlar əsasında: Əli Nəsib Zərdabi

Bu xəbəri paylaşın: