Nyu-York şəhərinin yeni seçilmiş meri Zöhran Məmdaninin 1915-ci il hadisələri ilə bağlı səsləndirdiyi və bu hadisələri Azərbaycanın 2023-cü ildə öz ərazilərində həyata keçirdiyi tədbirlərlə müqayisə edən fikirləri Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) tərəfindən ciddi narahatlıqla qarşılanmışdır.
AVMVİB hesab edir ki, bu cür yanaşmalar tarixi reallıqları təhrif edir və fərqli dövrlərə aid hadisələrin süni şəkildə eyniləşdirilməsinə xidmət edir. Birlik vurğulayır ki, sözdə “erməni soyqırımı” iddiaları uzun illərdir siyasi məqsədlərlə gündəmdə saxlanılan, tarixi faktların manipulyasiyası üzərində qurulmuş yanaşmadır və bu mövzu ətrafında formalaşdırılan tezislər reallığı ıks etdirmir, sırf təbliğat xarakteri daşıyır.
AVMVİB bildirir ki, Azərbaycan Respublikasının 2023-cü ildə həyata keçirdiyi tədbirlər beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ölkənin suveren ərazilərində icra olunmuş, uzun illər davam edən işğala son qoyulmasına yönəlmiş tarixi ədalətin bərpasıdır. Bu reallığın başqa hadisələrlə əlaqələndirilməsi və fərqli kontekstdə təqdim olunması qəbuledilməzdir.
Birlik hesab edir ki, beynəlxalq ictimaiyyət nümayəndələri bu kimi həssas mövzularda mövqe bildirərkən daha məsuliyyətli yanaşma sərgiləməli, tarixi həqiqətləri və hüquqi reallıqları nəzərə almalıdırlar.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə ifadə edir və qeyd edir ki, tarixi həqiqətlərin təhrifinə yönəlmiş istənilən cəhdlərə qarşı prinsipial mövqe bundan sonra da davam etdiriləcəkdir.
AVMVİB-in Mətbuat xidməti
