Rusiya Gürcüstan vasitəsilə Ermənistana 300 hərbi maşın çatdırmağa hazırlaşır

“Rusiya Gürcüstan ərazisi vasitəsilə Ermənistana 300 hərbi təyinatlı avtomobil çatdırmağa hazırlaşır”.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari arxi” telekanalının süjetində bildirilib.

Qeyd olunub ki, Anatoli Mkurnali adlı biznesmen bununla bağlı Gürcüstanın Müdafiə Nazirliyinin Baş Nəzarət İdarəsinə müraciət edib. Müraciətdə bildirilib ki, iş adamı “Venqo” şirkətindən Ermənistana 300 hərbi maşının daşınması ilə bağlı təklif alıb.

Telekanal məsələ ilə bağlı əldə etdiyi sənədi də süjetdə təqdim edib. Bildirilib ki, “Venqo” şirkəti Gürcüstanda qeydiyyata alınıb və müxtəlif növ yük daşımaları həyata keçirir.

“Mtavari arxi”nin əməkdaşları şirkətin Tbilisidəki ofisinə baş çəkiblər. Şirkət nümayəndələri Ermənistana hərbi yük daşınması ilə bağlı təklif aldıqlarını təkzib ediblər. Qeyd olunub ki, şirkətin hərbi yük daşımaq üçün lisenziyası yoxdur.

Süjetdə iddia olunub ki, hərbi texnikanın daşınmasını Marneuli və Sadaxlı sakinləri görüblər. Onlar bildiriblər ki, bir neçə gün öncə tranzit nömrə nişanlı “Kamaz” markalı hərbi maşınlar Ermənistan istiqamətində hərəkət edib.

Məsələ ilə bağlı ekspertlərin rəyi də öyrənilib. Onlar deyiblər ki, Gürcüstan ərazisi ilə bu cür tranzit daşınma hökumət və Müdafiə Nazirliyinin razılığı olmadan həyata keçirilə bilməz. Ekspertlər bu insidentin böyük beynəlxalq qalmaqala səbəb olacağını da istisna etməyiblər.(SNN NEWS.AZ)

Bu xəbəri paylaşın: