Şəhid Məhəmməd Əhmədlinin Anım günüdür

Sən şəhid oğlu şəhid, istəmə məndən məqbər,
Sənə ağuşunu açmış və durur peyğəmbər!
(M.A. Ərsoy)

Şəhidimiz Məhəmməd Əhmədli məşhur bir ailənin övladıydı. Əmisi Sovet İttifaqı Qəhrəmanı, 19 yaşında şəhid olmuş Cəmil Əhmədov, atası isə müstəqil Azərbaycanımızın ilk Xalq yazıçısı, Azərbaycan ədəbiyyatının ən vüqarlı və əyilməz siması olan Sabir Əhmədli idi.

Xalq yazıçısı Sabir Əhmədli bəlkə də həyatı boyunca bir dəfə diz çöküb. Bu məqamı korifey yazıçının «Axirət sevdası» əsərində görürük. Bütün həyatı boyu heç kimin, heç nəyin qarşısında sınmayan, əyilməyən bu nəhəng insan ilk dəfə şəhid oğlu Məhəmmədin cənazəsi qarşısında diz çökür… Dizin-dizin sürünüb özünü neçə günlərdi arayıb-axtardığı, ölümü yaraşdırmadığı uca boylu Məhəmmədinin tabutunun üstünə əyilir…

-Y O X! Yox! Yox! Ola bilməz. İnanmaram! Məhəmməd, balam mənim! İnanmaram!-cənazənin ayağında çöküb, dizin-dizin onun üstünə can atdım.

-Açın üzünü! Götürün örtüyü! Mən onu görmək istəyirəm!.. Mən səni haralarda axtardım, balam?! Gəlibmişsən, özün gəlibmişsən! Məndən qabaq gəlib çıxmısan evimizə» («Axirət sevdası»).

На изображении может находиться: 1 человек, стоит

12 fevralda elə doğulduğu gündə, eyni saatda şəhid olan Məhəmməd Sabir oğlu Əhmədli 1970-ci il fevralın 12-də Bakı şəhərində dünyaya gəlib. Bakıdakı Ş. Əfəndizadə adına 13 nömrəli orta məktəbdə təhsil alıb. M. Əhmədli Moskva Poliqrafiya İnstitutuna daxil olmuş, sonradan təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında davam etdirmişdi.

Qarabağ döyüşlərinə könüllü uollanmışdı. Evdə atası torpaqların işğalına dözə bilmədiyini, cavanların bu şərəfsizliyi niyə götürə bildiyinə təəccübləndiyini demişdi. Oğul haqlı olaraq bu töhmətin ona edildiyini anlayıb qərar vermişdi.

O, 1994-cü ilin əvvəllərində cəbhə bölgəsindən zəng edib atasına demişdi: «Mən qürbətdə deyiləm. Ölsəm də, qalsam da, bu torpaq bizimdir. Əmim Sovet İttifaqının xatirinə döyüşüb. Mən də Azərbaycanımız uğrunda canımı qurban verməyə hazıram. Ata, gec gəlsəm, incimə. Ömrü boyu babam əmimi axtardı, sən də məni gözləyərsən».

Amma ata ürəyi idi, dözmürdü. Bir gün qışın çovğununda, oğlunun ad gününü qeyd etmək üçün Sabir Əhmədli Murovdağa yola düşür. Məqsədi bir-iki günlüyə icazə alıb Məhəmmədi evə gətirmək idi ki, oğlunun yaxınlaşan doğum gününü onun iştirakı ilə birgə qeyd etsinlər.

Oğlunu döyüş bölgəsində xeyli axtarmalı olan Sabir Əhmədli hətta düşmən mövqeyinə yaxın səngərlərə belə, gedib çıxır. “N” saylı hərbi hissədə Sabir Əhmədliyə deyirlər ki, oğlu Məhəmməd yaralanıb, arxaya hospitala göndərilib. Yazıçı dərhal Bakıya geri qayıdır ki, oğlunu hospitalda axtarsın. Amma yaşadıqları evin həyətinə daxil olarkən yas çadırının qurulmağını görən Sabir müəllimə hər şey əyan olur.

Məhəmməd Əhmədli öz ad günündə şəhid olmuşdu…

На изображении может находиться: 2 человека, люди сидят, люди едят, стол, еда и в помещении

1994-cü il fevral ayının 12-də son döyüşü olmuşdu. 24 yaşının tamam olduğu gün düşmən gülləsi ondan yan keçmədi. Murovdağ döyüşlərində Toğananın o üzündə M. Əhmədli qəhrəmancasına şəhid oldu. Böyük yazıçının möhtəşəm bir əsərinin adı da «Toğana» idi. Sanki dahi yazıçımız S. Əhmədli bu dünyaya yaşadığını yazmaq və yazdığını yaşamaq üçün göndərilmişdi.

Şəhid Məhəmməd Əhmədlinin məzarı II Şəhidlər Xiyabandadır…

Şəhid döyüşçünün qardaşı Etibar Əhmədli də könüllü olaraq Qarabağ döyüşlərində iştirak etmək üçün yollanıb. Lakin qardaşı Məhəmmədin şəhid olması onun döyüş yoluna nöqtə qoyub. O, qəldində oğul və məmləkət dərdini gəzdirən atasını tək qoya bilməzdi.

На изображении может находиться: 3 человека, люди сидят и в помещении

…“Cavanlarımızın üzünə baxa bilmirəm. Mənim balam da bu yaşdaydı…”- deyə Sabir Əhmədli şəhid oğlu haqqında sonralar mətbuata müsahibəsində bildirmişdi. Oğlunun həyatdan vaxtsız köçməsi əsl şəxsiyyət olan Sabir Əhmədliyə rahatlıq vermirdi…

Müstəqil Azərbaycanın ilk Xalq Yazıçısı Sabir Əhmədlinin şəhid oğluna ilk şeir ithaf edən də elə müstəqil Azərbaycanın ilk Xalq Şairi Qabil olub:

Oldu

Kəlbəcər dağlarında,
Bir uşaq həlak oldu.
Bəmbəyaz qar içində…
Billur buzlar içində,
Şəhid ruhu pak oldu.

***

Az qalınca bahara,
Açıq alnında yara…
Qurban getdi Vətənə-
Meydandan qaçanlara —
Görk oldu…İdrak oldu.

***

Adı peyğəmbər adı,
Gözlərində muradı,
Dünyadan kam almadı,
Toy-nişanı olmadı,
Bəy otağı xak oldu.

***

Kəfən geydi asiman,
Bakı büründü ağa…
Bir quzu…Bir gül oğlan…
Kömüləndə torpağa,
Məxluq hövlnak oldu.

***

Gün çıxdı, əridi qar,
Ötdü çovğun xatası,
Məhəmmədin qarıymış,
Bu qar…dedi atası,
Dili ülgüc tək oldu.

***

Nə söz var, nə təsəlli,
Bu bəla ərzə bəlli.
Məzarlar allı-güllü,
Nə sayı, nə hesabı,
Bu nə səmum yelidir,
Bu nə xəzandı, ya Rəbb?
Nə yaman külək oldu…

На изображении может находиться: 1 человек, часть тела крупным планом

Doğum günün qutlu olsun, Şəhidim. Məkanın cənnət, namın uca olsun!

P.S. Şəhid Məhəmməd Əhmədli kimi qəhrəman bir döyüşçünün adının bu günədək əbədiləşdirilməməsi keçmiş döyüşçülərin qəlbini ağrıdır…

X. Ədəboğlu

Bu xəbəri paylaşın: