100 illik tariximizin Memorial Soyqırımı Muzeyi

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən Memorial Soyqırım Muzeyi oxucularımızın ciddi marağına səbəb olduğuna görə bu muzey barədə ətraflı məlumat vermək qərarına gəldik.

Bu muzey məhz Respublika Hərbi prokuroru cənab Xanlar Vəliyevin təşəbbüsü ilə Hərbi Prokurorluğun mərkəzi aparatının inzibati binasında yaradılmış və onun nəzdində fəaliyyət göstərir.

Hərbi prokuror cənab Xanlar Vəliyevin müvafiq Sərəncamı ilə İşçi Qrupu yaradılmış və muzey ərsəyə gətirilmişdir.

Qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən cinayətlərin istintaqı zamanı aşkar edilmiş fakt və sübutların, xalqımızın tarixi torpaqlarından zorla çıxarılması üçün həyata keçirilmiş deportasiya siyasətinin, azərbaycanlılara qarşı xüsusi amansızlıqla və qəddarlıqla törədilən kütləvi qırğınların tarixin yaddaşına həkk olunması, obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı məlumatların verilməsini, Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanından və cənab Prezident İlham Əliyevin 17 yanvar 2012-ci il tarixli “Xocalı soyqırımının 20-ci ildönümü haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə yaradılmışdır.

Muzey 24 fevral 2014-cü il tarixdən fəaliyyətə başlayıb. Qısa vaxt ərzində minlərlə insanın ziyarət etdiyi muzey, ölkəmizdə bir ilkdir və təqdirə layiqdir. Bu tip muzey vasitəsiylə tarixlə təmas qurmaqla yanaşı, düşmənlə informasiya müharibəsi sahəsində düşünülmüş bir addımdır. Bu təcrübədən istifadə etmək və yaymaq lazımdır. Xüsusən xarici vətəndaşlar çox ziyarət etdiyi yerlərdə və təşkilatlarda bu təcrübədən istifadə edilməlidir.

Muzey, Tarix, Deportasiya-repressiya, Soyqırım və Terror adlı 4 bölmədən ibarətdir.

Muzey 320 kv.m sahəni əhatə edir. Muzeyi həm vətəndaşlarımız, həm də əcnəbilər ziyarət etməklə ətraflı məlumatlar ala bilirlər.

Muzeyi ziyarət edən şəxslər burada tarixi həqiqətlər -xalqımıza qarşı tarix boyu törədilmiş deportasiyalar, soyqırımlar, terrorlar, digər sülh və insanlıq əleyhinə cinayətlər barədə dolğun məlumatlar əldə edir, onlarda bu haqda zəngin biliklər olur.

Bu da təbii ki, vətəndaşlarımızda, xüsusən də yeniyetmələrdə və gənclərdə vətənpərvərlik hisslərinin daha da dərindən aşılanmasına və onlarda milli ruhun yüksəlməsinə xidmət edir”.

Həmçinin tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Muzeyi ziyarət etmək istəyən şəxslərin ekskursiyası Hərbi Prokurorluğun müvafiq əməkdaşları tərəfindən həyata keçirilir.

Muzeyin girişində olan böyük foto Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı cənab Prezident İlham Əliyevin başçılığı ilə 100 min insanın Azadlıq meydanından “Ana harayı” abidəsinə kimi yürüyüşünü-ümumxalq tədbirini əks etdirir.

Digər bir böyük fotoda isə, rəssam Stanislav Şatikovun “Xocalı fəryadı” adlı əsəri nümayiş olunur. Yalnız qadınların təsvir olunduğu foto köməksiz, silahsız insanların fəryadına həsr olunub, şəkildə görünən simalar da reallığı əks etdirir.

Soyqırım bölməsində olan rəsm əsəri isə rəssam Nazim Məmmədovun əsəridir və “Ruhların üsyanı” adlanır. Rəssam bu əsəri Xocalıda qətlə yetirilmiş günahsız insanların ruhuna ithaf edib.

Muzeydə ən çox diqqət çəkən Xocalıya hücumu əks etdirən Xocalı maketidir. Bu məzmunda Azərbaycanda yeganə maketdir. Maketdə ermənilərin Xocalı rayonuna bir neçə istiqamətdən, əsasən 3 istiqamətdən, sonra isə 1 istiqamətdən hücumu əks etdirilib. Qarabağda yeganə hava limanı Xocalı aeraportu olduğundan, Xocalı ermənilər üçün xüsusi strateji

əhəmiyyətə malik bir yer idi. Eyni zamanda əlverişli coğrafi mövqedə yerləşdiyinə görə, onlar məhz Xocalı rayonunu nəinki işğal ediblər, həm də orada özlərinin etnik təmizləmə siyasətini tam olaraq həyata keçiriblər”.

Maketdə Xocalıdan olan dinc əhalinin meşə vasitəsilə soyuq, qarlı havada 10 km yaxınlıqda yerləşən Ağdam rayonuna qaçmağa çalışmaları da əks olunub. Ancaq ermənilər bundan xəbər tutub və onların yollarını kəsərək kiçikdən böyüyə qədər bir çox insanı qətlə yetiriblər. Soyqırım zamanı uşaqların su çənlərinə doldurularaq yandırılması da maketdə öz əksini tapıb.

Ölkəmizdə bu istiqamətdə aparılan uğurlu siyasət sayəsində artıq demək olar bütün dünyaya bəllidir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçib, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeridib, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar.

Azərbaycan Respublikası Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsində aparılan İbtidai araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd edilən tarixdə Ermənistan silahlı qüvvələri və Dağlıq Qarabağın millətçi ermənilərindən təşkil olunmuş qanunsuz silahlı birləşmələr keçmiş SSRİ Silahlı Qüvvələrinin Xankəndi şəhərində dislokasiya olunmuş komandir heyətində erməni millətindən olan şəxslərin də təmsil olunduğu 366-cı motoatıcı alayının hərtərəfli köməkliyi ilə, silahlı texnikasının dəstəyi ilə Respublikanın digər ərazilərindən təcrid olunmuş və hər tərəfdən mühasirəyə alınmış Xocalı şəhərinə hücuma keçmişlər.

İstintaqla müəyyən edilmişdir ki, Xocalı soyqırımı zamanı 63 uşaq və 70-i qoca olmaqla 613 nəfər xüsusi amansızlıqla öldürülmüş, o cümlədən 106 qadın işgəncə verilməklə vəhşicəsinə qətlə yetirilmiş, 8 ailə tam məhv edilmiş, 487 nəfər dinc sakin ağır yaralanmış, 1 275 qadın, uşaq və qoca girov götürülərək işgəncələrə məruz qalmış (150 nəfər, o cümlədən 68 qadın və 26 uşaq bu günə kimi itkin düşmüş hesab olunur), Xocalı şəhərinin 5000 nəfərdən çox əhalisi deportasiyaya məruz qalmışdır.

Hücum zamanı azğınlaşmış erməni quldurları şəhərin mülki əhalisinə, o cümlədən qadınlara, uşaqlara, qocalara aman vermədən qarşılarına çıxan insanlara odlu silahlardan atəşlər açmış, tank, döyüş maşını və digər texnikanın altına salaraq əzməklə qətlə yetirmiş, uşaqların gözü önündə valideynlərini diri-diri yandırmış, erməni qəbirlərinin üstündə azərbaycanlıların başlarını kəsmiş və sair vəhşiliklər törətmişlər.

İbtidai araşdırma zamanı müəyyən olunmuşdur ki, bu faciə zamanı əksər insanlar Xocalıda qətlə yetirilmiş, mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş şəhər sakinləri erməni qanunsuz silahlı birləşmələri tərəfindən əvvəlcədən yollarda xüsusi hazırlanmış pusqulardan avtomat, pulemyot və digər atıcı silahlardan atəşə tutularaq onlardan 20 nəfərə yaxın insan Kətik meşəsində, 150 nəfərə yaxın insan Naxçıvanik yolunda, 20 nəfərdən artıq insan Qaraqaya ətrafında, 25 nəfərə yaxın insan Dəhraz kəndi yaxınlığında, 10 nəfərə yaxın insan Şelli istiqamətində, 10 nəfərə yaxın insan Əsgəran asfalt yolunun 86-cı kilometrliyində və s. müxtəlif yerlərdə vəhşicəsinə öldürülmüş, həmçinin əsir götürülən Xocalı sakinlərindən 20 nəfərə yaxın insan Əsgəran rayon daxili işlər şöbəsində işgəncə verilərək qətlə yetirilmişdir.

Qeyd edilməlidir ki, muzeyi ziyarət ödənişsizdir. İstənilən şəxs və ya şəxslər əvvəlcədən Hərbi Prokurorluğun əməkdaşları ilə vaxt təyin etməklə muzeyi ziyarətə gələ bilərlər.

Aldığımız məlumata görə, yaradıldığı vaxtdan ötən ilin sonunadək muzeyi xarici vətəndaşlar da daxil olmaqla 21000 nəfərdən artıq şəxs ziyarət edib, o cümlədən təkcə ötən il üçün bu göstərici 2300 nəfərdən artıq olub. Hazıradək olan, eləcə də bu ilki ziyarətçilərin sayının öyrənilməsi və bu barədə oxuculara məlumatın verilməsi tərəfimizdən təmin olunacaqdır.

Fürsətdən istifadə edib, yaxın və uzaq tariximizə əsl vətəndaş yanğısı ilə göstərdikləri sayğıya və real faktları özündə ehtiva edən sübutları toplamaqla hər kəsin həqiqətlər-tarix boyu millətimizin başına gətirilən müsibətlər barədə məlumatlanmasına imkan yaratdıqlarına görə, Respublika Hərbi Prokurorluğunun vətənpərvər kollektivinə, şəxsən Azərbaycan Respublikası Baş prokurorunun müavini-Hərbi prokuror, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası Xanlar Vəliyevə müharibə veteranları adından öz minnətdarlığımızı bildiririk.

Belə bir aforizm var: hər hansı xalqı məhv etmək istəyirsənsə, onun tarixini əlindən almaq yetərlidir. Bu muzey isə bizləri tarixlə baş-başa buraxmaq və bəzi nəticələr çıxarmaq üçün çox mühüm əhəmiyyət kəsb edir…

Ardı var…

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: