Türkiyənin Milliyyətçi Həkimlər Birliyinin nümayəndəsi AVMVİB-də oldu

Türkiyə Milliyyətçi Həkimlər Birliyinin idarə heyətinin üzvü Halit Küçük Gökalp və Türkiyə Milliyyətçi Həkimlər Birliyinin sədr müavini Yavuzhan Baş Azərbaycana səfər ediblər.

Bu səfər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi və Tərxis olunmuş Hərbçilər və Gənclərin Maarifləndirmə İctimai Birliyinin təşkilaçılığı ilə baş tutub.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilər və Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib ki, ilk olaraq ümummilli lider Heydər Əliyevin məzarı, daha sonra Şəhidlər Xiyabanı, türk şəhidlərinin məzarı və Mustafa Kamal Atatürkün abidəsi ziyarət edilib.

Qonaqlar Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində olublar və Birliyin sədri Füzuli Rzauliyevlə görüşüblər. Görüş zamanı Türkiyə-Azərbaycan qardaşlığı, ölkələrimizin hərbi-strateji əməkdaşlığının genişlənməsi və xalqlarımızın günbəgün daha sıx yaxınlaşması barədə danışdılar. Yeni dünya düzənində Türkiyə və Azərbayca dövlətlərinin tutduğu mövqe və yürütdüyü siyasət təqdir edilib. Həmçinin, Türkiyə Milliyyətçi Həkimlər Birliyinin ölkəmiz üçün həyata keçirdiyi bu humanist addıma görə AVMVİB sədri F. Rzaquliyev türkiyəli həkimlərə təmsil etdiyi Birlik adından öz minnətdarlığını bildirib.

Xatırladaq ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilər və Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli yerli KİV-lərə verdiyi açıqlamalarda qeyd edib ki, Tovuza səfərdən əvvəl şəhid generalımız Polad Həşimovun ailəsi ziyarət edilib:

“Bundan sonra Tovuzda və Ağstafada olan şəhidlərimizin ailəsi ziyarət edildi. Səfər zamanı Ağstafa, Qazax, Beyləqan, Ağcabədi, Bərdə, Ağdam və Tərtər rayonlarında qurbanlar kəsildi. Qurbanlar hərbi hissələrə, şəhid ailələrinə və Qarabağ əlillərinə paylandı.

Bölgələrə səfər zamanı xəstəxanalarda da oldular. Xəstələrin vəziyyəti ilə maraqlandılar. Bildirdilər ki, növbəti səfər təşkil olunacaq və şəhid ailələrinin, Qarabağ əlillərinin müalicəsinə kömək ediləcək. Həmçinin bildirildi ki, şəhid ailələrinin, Qarabağ əlillərinin övladlarının Türkiyədə tibb sahəsində təhsil almalarına dəstək məqsədilə təmənnasız hazırlıq kursları təşkil olunacaq”.

AVMVİB sədri Füzuli Rzaquliyev qonağı Xatirə medalıyla təltif edib və hədiyyə olaraq, qardaş ölkənin bayrağını qəbul edib.

Bu xəbəri paylaşın: