Naxçıvanda Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri başlayır

Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngayın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.


Sentyabrın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov nümayəndə heyəti ilə görüşüb. Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib, göstərilən dəstəyə görə Türkiyə dövlətinə və Silahlı Qüvvələrinə minnətdarlıq edib.


Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay səmimi qəbula görə nümayəndə heyəti adından minnətdarlıq edib, Naxçıvanda olmaqdan böyük qürur keçirdiklərini bildirib. Ötən illərdə keçirilən birgə hərbi təlimlərdə iştirakını məmnunluqla xatırladan Şərəf Öngay «Bir millət, iki dövlət» prinsiplərinə əsaslanan ikitərəfli əlaqələrimizdə ordu quruculuğu sahəsində görülən işləri, xüsusilə birgə hərbi təlimlərin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.


Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Leyla Həsənova

Bu xəbəri paylaşın: