AVMVİB daha bir layihənin icrasını başa çatdırıb. Koronavirus (COVID-19) infeksiyasına qarşı Azərbaycanda dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) xüsusi karantin rejimi dövründə aztəminatlı ailələrə sosial yardım göstərmək məqsədi ilə işlər görülmüşdür. Layihə, torpaqlarımızın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı mərdliklə döyüşmüş ehtiyac içində olan müharibə veteranlarının ailələrinə xüsusi karantin rejimi dövründə zəruri ərzaq yardımlarının çatdırılmasını təşkil edib. Əsas məqsədimiz Dövlətimizin yürütdüyü sosial siyasətin dəstəklənməsi və onun yanında olmsqdan ibarətdir.
Layihə Azərbaycan dövlətinin həyata keçirdiyi sosial qayğı siyasətinin ardıcıllığı, davamlılığı, qayğıya ehtiyacı olan həssas qruplara xüsusi diqqəti vətəndaşların sosial rifahı, maddi durumu və güzəranının müsbət dinamikada inkişafına yönəlib. Bizim əsas məqsədimiz, bu cür yardımlar həqiqətən ehtiyacı olan adamlara, ailələrə verilməsindən ibarətdir. Bu layihə çərçivəsində yardım edilən şəxslərinn düzgün seçilməsindən çox şey asılıdır.
Xatırladaq ki, dünyada sürətlə yayılmış koronavirus pandemiyasının təsirləri bizim ölkəmizdən də yan keçməyib.
Layihənin həyata keçirilməsi ilə bağlı Layihənin rəhbəri, AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov deyib: «Respublikamızda koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı tətbiq olunan sərt karantin rejimi müharibə veteranlarının həyatına təsirsiz ötüşməmişdir. Xüsusi karantin rejimi dövründə müharibə veteranlarının gündəlik tələb olunan ərzaq mallarına ehtiyacları artmışdır. Müharibə veteranlarının böyük bir qismi işsizdir. Digər bir qismi isə günəmuzd müxtəlif işlərdə çalışıb ailələrini dolandırırdılar. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə müharibə veteranları gündəlik qazanclarından da məhrum oldular. Bu dövr ərzində verilən 190 AZN-lik birdəfəlik yardım müharibə veteranlarına şamil olunmadı. Hərçənd ki, aidiyyatlı qurumlara təkliflə müraciət etdik. Səbəb kimi müharibə veteranlarına verilən 80 AZN-lik Prezident təqaüdü əsas gətirildi. Müharibə veteranlarına verilən 80 AZN-lik təqaüdə görə onların faktiki işsiz olan və heç bir sosial ödəniş almayan həyat yoldaşlarına da birdəfəlik ödənişdən imtina edildi. Belə bir hal sosial durumları ağır olan müharibə veteranlarının ailələrinin vəziyyətlərini daha da çətinləşdirmişdir. Bu layihənin həyata keçirilməsi ilə 100-dən artıq müharibə veteranı ailəsi faydalanacaqdır.»
Vahid Abdurəhmanov bildirdi ki, Layihə torpaqlarımızın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı mərdliklə döyüşmüş, ehtiyac içində olan müharibə veteranlarının, əlillərinin ailələrinin xüsusi karantin rejimi dövründə ərzaq yardımı ilə təmin olunmasını əhatə edirdi. Bu minvalla aztəminatlı müharibə veteranları, müharibə əlilləri və şəhid ailələri arasından 100 nəfər seçilmiş və onların ailələrinə zəruri ərzaq yardımlarının alınması üçün alış-veriş kuponu birlikdə müşaiyət məktubları poçtla evlərinə yola salınmışdır. Bununla da onlar göndərilmiş kuponlar vasitəsilə müşaiyət məktubunda qeyd olunan marketlərdən zəruri istehlak mallarını əldə edə bildilər və pandemiyanın onların ailə büdcəsinə göstərdiyi mənfi təsirləri və digər neqativ halları azalda bildilər. Bu humanist addıma və bizə verdikləri dəstəyə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Şuranın sədri Azay Quliyevə öz minnətdarlığımızı bildiririk.
AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov layihənin həyata keçirilməsi ilə bağlı dedi: «Layihə çərçivəsində görülmüş işlər sayəsində sadalanan kateqoriyalardan olan insanlar onların daim dövlətin diqqət mərkəzində olduqlarını və hər zaman, hər bir ekstrimal şəraitdə dövlətin onlara arxa-dayaq duracaqlarından tam əmin oldular. Dövlətin onlara göstərdiyi diqqət və qayğı onların yaddaşında daim qalacaqdır. Layihənin adından görünür ki, biz sosial dəstəyi təşkil etməliydik və bunun öhdəsindən gəldik. Layihənin adı belədir: «Xüsusi karantin rejimi dövründə müharibə veteranlarına sosial dəstəyin təşkili». Əslində biz bu layihə ilə daha çox adamı əhatə etdi. Yəni 100 nəfər veteran, ən azı 400, 500 və daha artıq insanı əhatə etdi».
Elnur Səlim