Sentyabrın 23-də prokurorluq işçilərinin peşə bayramı ərəfəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyev tərəfindən prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələri ilə görüş keçirilmişdir

Tədbirin məqsədi vətənimizin bütövlüyü uğrunda, cinayətkarlıqla mübarizə zamanı xidməti vəzifələrin icrası ilə bağlı şəhid olmuş prokurorluq əməkdaşlarının xatirəsini yad etmək olmuşdur. 

Tədbiri giriş sözü ilə açan Baş prokuror şəhid prokurorluq əməkdaşlarının ailə üvlərinə dərin hörmətini ifadə edərək onların cinayətkarlıqla mübarizə zamanı Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini vurğulamışdır.

Tədbirdə çıxış edən şəhid prokurorluq əməkdaşlarının ailə üzvləri Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi gündəlik diqqət və qayğıdan söz açmış, şəhid ailələrinin sosial müdafiəsinin təmin edilməsi üçün kompleks işlər görülməsindən bəhs etmişlər.

Görüş zamanı çıxış edən sabiq Baş prokuror İsmət Qayıbovun oğlu İsmayıl Qayıbov, Qubadlı rayonunun sabiq prokuroru Nizami Ağayevin həyat yoldaşı İradə Ağayeva, Samux rayonunun sabiq prokuroru Şəmşir Əliyevin həyat yoldaşı Gültəkin Əliyeva, Qubadlı rayon prokurorluğunun sabiq müstəntiqi Eyyub Vəliyevin həyat yoldaşı Flora Vəliyeva baş vermiş hadisələrlə bağlı ötən xatirələri bölüşərək prokurorluq orqanları əməkdaşları tərəfindən göstərilən dəstək və qayğıdan məmnunluqlarını ifadə etmişlər. 

Tədbirə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli ilə bağlı bundan sonra da daim işlər görüləcəyini qeyd etmiş, prokurorluq orqanlarının onlara hər zaman dəstək olacağını nəzərə çatdırmışdır.

Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkdirilmişdir.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən keçirilmiş tədbir ilə bağlı videomaterial hazırlanaraq Sizə təqdim olunur.

Videonu Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləyə bilərsiniz.

Bu xəbəri paylaşın: