CƏBHƏ GÜNDƏLİYİ — 4.10.2020-ci il

*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA EŞQ OLSUN!***

***Ali Baş Komandan: “Cəbrayıl şəhəri və rayonun doqquz kəndi işğaldan azad edilib” 

Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün xalqa müraciətində bəyan edib. Bunlar Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləridir.

***Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də “Əl-Ərəbiyə” televiziya kanalına müsahibə verib

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. 

***Prezident: “Sentyabr hadisələrindən qabaq demişdim Ermənistana “gəl təkbətək vuruşaq, baxaq kim kimdir”

Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün xalqa müraciəti zamanı deyib. O bildirib: “İndi nə oldu? İndi Paşinyan hər gün dünya liderlərinə zəng edir. Mən heç kimə zəng etməmişəm. Heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər”.

***Beynəlxalq qanunlara əsasən, Dağlıq Qarabağ Azərbaycana aiddir

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Almaniyanın “Bild” qəzetinə açıqlamasında deyib.

“Ancaq bölgədə ermənilər çoxluq təşkil edir. BMT və ATƏT-in Minsk Qrupu 1992-ci ildən bəri vasitəçilik etməyə çalışırlar. Hazırda bölgədə vəziyyət gərginləşib”, – Paşinyan bildirib.

***Hikmət Hacıyev: «Ermənistan Mingəçevir şəhərinə raket atıb»

Fedai.az AVMVİB şəhər şöbəsinə istinadən xəbər verir ki, heç bir tələfat yoxdur. Ermənistanın azərbaycanlı mülki şəxslərə qarşı dövlət terroru davam edir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib. «Bir neçə dəqiqə əvvəl Ermənistan silahlı qüvvələri Azərbaycanın sənaye şəhəri olan Mingəçevirə qarşı raket hücumu təşkil edib. Mingəçevirdə Su anbarı və əsas elektrik stansiyası mövcuddur. Çarəsizliyin barbar ifadəsi».

***İlham Əliyev: «Paşinyan «Qarabağ Ermənistan deyil» deməlidir»

“Mənim şərtim birdir. Çıxsın bizim torpaqlardan. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram”.

Bunu Azərbaycanın Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

“Desin ki, Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Və sonuncu şərt – qrafik versin. İşğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli versin bizə. Onda biz, əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik”, — Prezident vurğulayıb.

***Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib.

Xəbərdarlıqda deyilir: «Uşaq, qadın, yaşlı demədən Xocalı qətliamını törədən Ermənistan, 30 il əvvəl olduğu kimi bu gün də bölgədə sülh və əmin-amanlığın qurulmasının qarşısını alır. Günahsız mülki insanları hədəf alan erməni terrorçuları ilə əməkdaşlıq edən PKK-YPG terrorçuları dərhal bölgəni tərk etməlidirlər»

***Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bu gün Birlik komandirləri — general-mayor Mayis Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.  Onlara tapşırıq verilib ki, Ali Baş Komandanın təbriklərini korpusların bütün şəxsi heyətinə çatdırsınlar. Mayis Bərxudarov və Hikmət Mirzəyev Ali Baş Komandana öz təşəkkürünü bildirib, Prezidenti əmin ediblər ki, qarşıya qoyulmuş bütün vəzifələri bundan sonra da şərəflə yerinə yetirəcəklər.

***Ermənistan Silahlı Qüvvələri öz sıralarına Suriya, Livan və Cənubi Amerikadan gələn “könüllülər”i cəlb edib. 

“Report” xəbər verir ki, bu barədə məlumatı Fransa Beynəlxalq Radiosu (RFI) yayıb. Radionun Xankəndindəki müxbirinin sözlərinə görə, bölgədə hərbi əməliyyatların bərpasından dərhal sonra ora Suriya, Livan və Cənubi Amerikadan 30 nəfər terrorçu gələrək Azərbaycana qarşı döyüşürlər.

***Cəbrayıl istiqamətində düşmənin xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası qənimət götürülüb.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

***Karina bu dəfə kara gəldi, dünya görsün ki, bizim mülki əhaliylə işimiz yox. Hədəfimiz terrorçulardır

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev beynəlxalq ictimaiyyətə çağırış edib.

Bu barədə H.Hacıyev “Twitter” hesabında paylaşım edib:

“Fərqə baxın. Ermənistanın Gəncə şəhərinə kütləvi raket bombardmanının ardından Azərbaycan cəmiyyətinin çoxmillətli tərkibini təmsil edən yaşlı qadın iki bəy tərəfindən təxliyyə edilir. Ermənistanın barbarlığı və vandalizmi”.

See the difference. Old lady representing multiethnic composition of Azerbaijani society was evacuated by two gentlemen after Armenia’s mass missile bombardment of Ganja city. Barbarism and vandalism of Armenia. #KarabakhisAzerbaijan #Ganja pic.twitter.com/jkjs1qNjJ2

— Hikmet Hajiyev (@HikmetHajiyev) October 4, 2020

***Ermənistan baş naziri Nikol Paşinyan istefa verdiyini bəyan edib  

Bununla da o, parlamentin buraxılması üçün formal əsasın yaradılacağına ümid edir. 

“İstefa verirəm”, — deyə Paşinyan Ermənistanın İctimai televiziyasının canlı yayımında bəyan edib. O həmçinin bildirib ki, seçkilərədək Nazirlər Kabineti rəhbərinin səlahiyyətlərini icra edəcək. Ermənistan prezidenti Armen Sarkisyan hökumətin istefasını qəbul edib. Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bu barədə bildirilir. 

***Təcavüzkar düşmən hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluqdan verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələrinin Ağcabədi rayonunun müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 04.10.2020-ci il tarixdə saat 15 radələrində yeməkxanada olan zaman oraya top mərmilərinin düşməsi nəticəsində Taynaq kənd sakini, 2006-cı il təvəllüdlü İsgəndərov Fərid Dilafət oğlu dağıntılar altında qalaraq həlak olub, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

***Aİ rəsmisi Bakı və İrəvanı danışıqlara çağırdı

Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel Ermənistan-Azərbaycan münaqişəsində mülki əhali arasında itkilərin sayının artmasını qəbuledilməz adlandırıb və hərbi əməliyyatların dayandırılmasına çağırıb. C. Borrel bu barədə «Twitter»də yazıb.

«Həftəsonu Ermənistan və Azərbaycan nazirləri ilə danışıqlar apardım. Mülki itkilərin artması qəbuledilməzdir. Hərbi əməliyyatlar dərhal dayandırılmalıdır», — deyən Borel hesab edir ki, ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar qısa müddətdə bərpa olunmalıdır.

 ***Ceyhun Bayramov ABŞ-dan olan həmsədrlə danışıb 

Bu ilin 4 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər nazirinin təşəbbüsü ilə naziri Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Endryu Şofer arasında telefon danışığı baş tutub.

Nazir Ceyhun Bayramov, Amerikalı həmsədrə bölgədəki yüksək gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü atəşə tutması barədə məlumat verib. Nazir, təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin raket atəşinə tutulmasının mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini vurğulayıb. Endryu Şoferə məlumat verilib ki, bu günə qədər Ermənistanın açdığı atəş nəticəsində 24 azərbaycanlı mülki şəxs şəhid olub, 111 nəfər isə yaralanıb. 

***Düşmənin Xankəndi yaxınlığındakı artilleriya nöqtələri sıradan çıxarılıb 

Prezidentin köməkçisi deyib ki, Vardenisdən və Gorus yaxınlığından Azərbaycana raket zərbələri endirilir. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu bütün region üçün təhlükədir. Ermənistanın hazırkı rəhbərliyi də region üçün təhlükədir. Gəncə, Tərtər və digər şəhərlərimizin əhalisi qorxmadan bu hücumlara sinə gərirlər.

Hikmət Hacıyev bildirib ki, bütün bunlar sənədləşdiriləcək və aidiyyəti beynəlxalq təşkilatlara təqdim ediləcək. «Atılan raketlərin trayektoriyası Azərbaycanın peyk texnologiyası ilə dəqiqləşdiriləcək və beynəlxalq təşkilatlara təqdim olunacaq». Azərbaycan Prezidentinin köməkçisi onu da qeyd edib ki, düşmənin Xankəndi yaxınlığındakı artilleriya nöqtələri sıradan çıxarılıb. «BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır».    

*** Qondarma rejimin rəhbərliyi ailə üzvlərini təhlükəli ərazilərdən çıxarır

Nəzərə çatdırırıq ki, döyüş əməliyyatlarının miqyasının genişlənməsindən panikaya düşən qondarma rejimin rəhbərliyi öz ailə üzvlərinin təhlükəli ərazilərdən çıxarılmasına başlayıb. Bu barədə Trend-ə hərbi mənbələrdən bildiriblər. Bu məqsədlə yerüstü nəqliyyat vasitələrindən əlavə döyüşlərdə ağır yaralanmış hərbçilərin təxliyəsi üçün nəzərdə tutulmuş helikopterlərdən də istifadə olunur.

***Ermənilər bu gün ərzində Tərtərə 400-ə yaxın top mərmisi atıb

Oktyabrın 4-ü gün ərzində rayona düşmən tərəfindən 400-ə yaxın top mərmiləri atılıb. Onlardan 100-ü şəhərin mərkəzinə düşüb.

Nəticədə mülki evlərə, mülki obyektlərə, inzibati ərazilərə ziyan dəyib. Hazırda döyüşlər davam edir. 

QARABAĞ AZƏRBAYCANDIR!

Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)

Növbətçi: N. Məmmədli

Bu xəbəri paylaşın: