Yağı düşmən tezliklə diz çökdürüləcək

“Hər bir müharibə veteranı, o cümlədən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Bir­liyinin (AVMVİB) 67 min üzvündən hər biri özünü Ali Baş Komandan cənab İlham Əliyevin əsgəri hesab edir. Bunun şərəfli bir vəzifə olduğunu yaxşı bilirlər. Biz fəxr edirik ki, tarix yazan bir liderimiz var. Əminliklə deyə bilərəm ki, bu gün dünyada ən reytinqli lider, məhz İlham Əliyevdir. Onun bir sözüylə milyonlarla insan, silah götürüb düşmənə qarşı vuruşmağa hazırdır”. Bu sözləri bizimlə söhbətində AVMVİB-nin sədri Füzuli Rzaquliyev dedi.

Füzuli Rzaquliyev bildirdi ki, Prezidentin hər sözü və irəli sürdüyü fikirlər xalqın ürəyincədir. Cənab Prezident deyir: “Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib”.

AVMVİB-nin sədri bildirdi ki, 30 ilə yaxındır erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi dağıdıblar. Dövlət başçısı haqlı olaraq, bəzi ölkələri ikiüzlü siyasət yürütməkdə günahlandırır. Bu gün də həmin ölkələr Azərbaycanın mülki əhalisini uzaq və yaxın mənzilli raket zərbələri ilə hədəfə alan Ermənistana dəstək verirlər.

Beynəlxalq təşkilatların problemə münasibətinə toxunan təşkilat sədri dövlət başçımızın mövqeyini xatırlatdı: “Otuz il ərzində danışıqlar gedə bilərmi?! Otuz il ərzində Azərbaycan xalqını belə vəziyyətdə saxlamaq olarmı?! Otuz il ərzində biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcək. Dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Bu qətnamələr 27 ildir kağız üzərindədir. İyirmi yeddi il ərzində biz bütün dövrlərdə — danışıqların bütün dövrlərində konstruktiv mövqe göstərmişdik, ədalətli mövqe göstərmişdik. Ancaq bunun müqabilində nə gördük? Təcavüzkar daha da azğınlaşıb”.

Bu günlər Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr endirir. Ordumuz Cəbrayıl şəhərinin və onun bir sıra kəndinin alınmasında qəhrəmanlıq göstərərək tariximizin şərəfli səhifələrini yazmışdır.

Mən Dağlıq Qarabağ uğrunda əvvəlki döyüşlərin iştirakçısı olmuşam. Bugünkü döyüşlərdə ordumuz daha qətiyyətlidir. Ordumuz vahid komandanlıq altında döyüşür. Bu ordunun qarşısında erməni silahlı qüvvələri çox zəif və gücsüzdür. Ermənilər unutmasınlar ki, Azərbaycanı, Ermənistandan fərqli olaraq güclü siyasi iradəyə malik bir lider idarə edir. Bu gün hər bir azərbaycanlı ürək dolusu deyir: “Var ol, Komandanım”.

Sədr sonda dedi ki, biz müharibə veteranları hər zaman Ali Baş Komandanın çağırışına hazırıq.

Qələmə aldı: M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

Bu xəbəri paylaşın: