CƏBHƏ GÜNDƏLİYİ — 7.10.2020-ci il

*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA VƏ ORDUMUZA EŞQ OLSUN!***

***Prezident İlham Əliyev bu fikirləri CNN-Türk televiziyasına müsahibəsində deyib:

“Bu gün qondarma “Dağlıq Qarabağ respublikasının ordusu”nun 90 faizini Ermənistan vətəndaşları təşkil edir. Yəni, “Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. Nə üçün Ermənistanda doğulmuş bir insan gəlib Azərbaycan torpaqlarında bizə qarşı vuruşmalıdır? Ona görə mənim sözüm erməni xalqınadır ki, bu gün Azərbaycanda ermənilər rahat yaşayır, bundan sonra da yaşayacaqlar. Onların normal yaşaması üçün Azərbaycan dövləti hər şeyi edir. Ermənistan rəhbərliyinə bir sözüm var ki, siz işğal edilmiş torpaqlardan nə qədər tez çıxsanız, sizin üçün o qədər də yaxşı olacaq, — deyə dövlətimizin başçısı vurğulayıb.

***Ərdoğan: «Ermənistan məğlub olduğu üçün Türkiyənin adını hallandırır»

“Azərbaycan Ermənistanın quldurluqla işğal etdiyi torpaqları azad edir”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Biz azəbaycanlı qardaşlarımızı bütün imkanlarımızla dəstəkləməkdə davam edəcəyik. Ermənistan aldığı zərbədən sarsıldığına, məğlubiyyət nəticəsində qapıldığı ümidsiziliyə görə münaqişədə Türkiyənin də adını hallandırır”, — Türkiyə Prezidenti bildirib.

***Müdafiə Nazirliyi vacib məlumat yaydı: Əks-hücum əməliyyatı davam edir

“Ötən müddət ərzində Ordumuzun qətiyyətli əks-hücum əməliyyatı davam edib”.

Bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. Onun sözlərinə görə, düşmənin daha 10-dək tankı, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib: “Düşmənin hərbi qulluqçuları döyüş meydanını özbaşına tərk edərək fərarilik edib”.

***Şuşadakı kilsəni ermənilər özləri dağıdıb

Şuşa şəhərində kilsənin zərər çəkməsi barədə məlumatın Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 4-də Gəncəni atəşə tutarkən şəhərdəki mülki obyektlər, yaşayış binaları, o cümlədən dini memarlıq abidəsi olan İmamzadə kompleksinə ziyan yetirən Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu tarixi, mədəni, xüsusilə də dini tikililər və abidələri hədəfə almır.

***Erməni hərbçidən ETİRAF: — Minlərlə ölümüz var

«Xankəndidə vəziyyət 5 oktyabr gecə saatlarından etibarən ağırlaşdı. Azərbaycan ordusu şiddətli döyüşlərdən sonra əhəmiyyətli dərəcədə irəliləyib».

Bu sözləri «znak.com» portalının müxbirinə işğal altında olan Xankəndidəki erməni hərbçilərindən biri söyləyib.

O etiraf edib ki, Azərbaycan ordusu artilleriya zərbələrindən sonra bir gecədə Dağlıq Qarabağın dərinliyinə doğru xeyli irəliləyib: «Raketlər şəhəri vurursa, bu, o, deməkdir ki, onlar zərbə vurduğu yerdən çox uzaqdadır. Əgər qarşı tərəf topla vurmağa başlayırsa, cəbhənin yaxınlaşdığı anlamına gəlir». Ön cəbhədən Xankəndinə qayıdan Alik adlı digər hərbçi isə Ermənistan ordusunun minlərlə hərbçisini itirdiyini deyib və şiddətli döyüşlərin getdiyini bildirib.

***Ermənilərin F-16 yalanı ifşa olundu

Ermənilərin “F-16” qırıcı təyyarələrinin Gəncə Beynəlxalq Hava limanında olduğunu dair iddialarının yalan olduğunu “Fact Check Karabakh” səhifəsi təsdiq edib.

İddiaya görə, Türkiyə silahlı qüvvələri tərəfindən idarə olunan ən az iki “F-16” qırıcı təyyarə Gəncə Beynəlxalq Hava limanındadır. Lakin, şəkillərdən də görünür ki, bu F-16 təyyarələri deyil, Azərbaycan tərəfinin daha öncə İtaliyadan aldığı “M-346” döyüş təyyarələridir.

***Xankəndidən son xəbər: “Bizi ətçəkən maşının ağzına atıblar”

Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan ordusu ilə döyüşmək istəmir. Artıq ermənilər bu barədə təbliğat-təşviqat işinə başlayaraq ön xətdə xidmət edənlərə müraciətlər edərək onları Azərbaycan ordusu ilə döyüşməmək üçün inandırmağa çalışırlar.

Ermənistan hakimiyyətinin yarıtmaz və işğalçı siyasətinin qurbanı olmaq istəməyən ermənilər müharibənin dayandırılmasını və Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını tələb edirlər: «Mövqelərdə qalmağın mənası yoxdur! Onlar bizi ətçəkən maşının ağzına atıblar! Burada ölməyin mənası yoxdur!»

***Ordumuz 300 erməni əsgərini belə məhv etdi

Okyabrın 4-də Şuşadakı Mədəniyyət mərkəzinə Ermənistan ordusunun 300-dən artıq hərbçisi yığışıb. Mülki obyektdə və gizli şəraitdə keçirilməsinə baxmayaraq, Azərbaycan kəşfiyyatı bu barədə xəbər tutub və iclasın keçirildiyi vaxt PUA zərbəsi endirilib. Hələ ki, oradan 19 cəsəd çıxarmışıq.

Bu sözləri Şuşadan reportaj hazırlayan rusiyalı jurnalist İlya Azara ərazidə işləyən “fövqəladə hallar nazirliyi”nin əməkdaşları danışıb. Onlardan bəziləri bildiriblər ki, partlayışdan bir qədər əvvəl binada aralarında yüksək rütbəli zabitlərin də olduğu 300 yox, 600 nəfərə qədər hərbçi olub. Onlar dağıntılar altında indi də xeyli adamın qaldığını bildiriblər.

***Tərtər istiqamətində döyüşlər yenidən başladı

Oktyabrın 8-də Tərtər istiqamətində aktiv döyüş əməliyyatları yenidən bərpa olub.

Səhər 6-dan başlayaraq Azərbaycan ordusunun “vuran əli” – topçular düşmən tərəfin atəş nöqtələrini susdurmağa başlayıb.

***Nikol satqın axtarır: Torpaqları satdığım deyilir…

Azərbaycan Ordusunun Qarabağda şanlı qələbələri və torpaqlarımızın addım-addım işğaldan azad edilməsi Erməni ictimaiyyətində çatları dərinləşdirməkdədir.Artıq Ermənistanda Paşinyanın “torpaqları satdığı” iddiası da yayılmaqdadır. Bu barədə Nikol Paşinyan özü açıqlama yayıb. O bildirib ki, Ermənistandan Qarabağa gedən bir dəstə erməni əsgərlərinə Paşinyanın Qarabağı “satdığı”nı, gizli razılaşmaların mövcudluğunu və müqavimətin mənasız olduğunu bildirib. N. Paşinyan “bu xainlərə qarşı” artıq Milli Təhlükəsizlik Xidmətinin araşdırmalara başladığını qeyd edib. Xatırladaq ki, az öncə Paşinyan MTX rəhbəri Kərəmyanı vəzifəsindən kənarlaşdırıb.

***Düşmən hərbi kolonu darmadağın edilib

Gündüz saatlarında yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikası artilleriya atəşi ilə məhv edilib.

***Belaruslu general: “Qorxmayın, Azərbaycan Ermənistanın ərazisinə zərbə vurmayacaq”

Bakının İrəvana ərazi iddiası yoxdur. Buna görə də Ermənistana zərbə endirməyəcək.

Bunu KTMT-nin Baş katibi, belaruslu general Stanislav Zas deyib. “Əminəm ki, hadisələrin belə inkişafı olmayacaq. Birincisi, ona görə ki, Azərbaycan hakimiyyəti Ermənistana ərazi iddiaları olmadığını vurğulayıb. İkincisi, Azərbaycan rəhbəri məsuliyyətlidir və kifayət qədər sağlam düşüncəyə sahibdir”. RİA Novosti agentliyi Zasın sözlərindən sitat gətirir.

***Paşinyan müsahibə verərkən Hökumət evində işıq sönüb

Ötən gün işğalçı Ermənistanın Baş Naziri Nikol Paşinyan Rusiyanın “Pervıy kanal”ına müsahibə verib.

Müsahibə zamanı anidən Hökumət evində işıq sönüb. Nəticədə o, suala cavab vermək üçün ehtiyat generatorunun bağlanmasını gözləmək məcburiyyətində qalıb.

***Ermənistan tərəfindən Füzuliyə fosforlu mərmi atılıb

Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Ara Yatılı kəndinə atdığı fosforlu top mərmisi partlamayıb. Mərmi ANAMA tərəfindən zərərsizləşdirilib. Jurnalistlərə əraziyə 500 metrdən çox yaxınlaşmağa icazə verilməyib.

***Ermənilərin guya əsir götürülmüş Azərbaycan əsgəri ilə bağlı videosu saxta çıxdı

Ermənilərin guya əsir götürülmüş Azərbaycan əsgərinin videosu ilə bağlı sosial şəbəkələrdə yaydığı videogörüntünün saxta olduğu məlum olub. Həmin görüntünün saxta olduğu ilə bağlı fakt aşkara çıxıb.

Məlum olub ki, həmin şəxs qrim otağında videodan öncə hazırlaşdıqdan sonra çəkiliş aparılıb.

***Türkiyədə yeni parka şəhid general Polad Həşimovun adı veriləcək

Bursa şəhərinin Osmanqazi rayonunda yeni salınacaq böyük parka şəhid general Polad Həşimovun adı veriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən «Report»a bildirilib ki, Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar Tovuz döyüşlərində şəhid olmuş general Polad Həşimovun adının əbədiləşdirilməsi üçün bu addımı atacaqlarını deyib.

***Prezidentin köməkçisi dünya ölkələrinə müraciət etdi

“Jurnalistin reportajı onu göstərir ki, əslən erməni olan Fransa vətəndaşları Ermənistan silahlı qüvvələrinin sıralarında muzdlu yaraqlı olaraq Azərbaycan hərbçiləri və dinc sakinlərinə hücum edirlər».

Bunu Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb. «Azərbaycanı ittiham etmək yerinə, biz ölkələri öz vətəndaşlarını dayandırmaq üçün tədbirlər görməyə çağırırıq”, — o qeyd edib.

***Daha bir erməni əsgəri Azərbaycan Ordusuna təslim oldu

Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizdə keçirdiyi əks-hücum əməliyyatı zamanı daha bir erməni hərbçisi ağ bayraq qaldırıb.

 2001-ci il təvəllüdlü erməni əsgəri Narek Qarik oğlu Amirzanyan səngərdən çıxaraq Azərbaycan əsgərlərinə könüllü təslim olub. Təslim olan əsgərin görüntüləri sosial şəbəkələrdə yayılıb.

***Putin Moskvaya gələcək Ermənistan XİN başçısıyla GÖRÜŞMƏYƏCƏK

Rusiya, Azərbaycan və Ermənistan başçıları — Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək üçün üçtərəfli görüşü planlaşdırılmır.

TASS xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

“Hazırda belə bir görüşdən söhbət getmir”, — o, deyib. Eyni zamanda, onun sözlərinə görə, Putinin 12 oktyabrda Rusiyaya səfər edəcək Ermənistanın XİN başçısı Zohrab Mnatsakanyanla da görüşü planlaşdırılmır: “Hazırda belə bir şey yoxdur”.

QARABAĞ AZƏRBAYCANDIR!

Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)

Növbətçi: Nurlan Məmmədli, Elnur Səlim

Bu xəbəri paylaşın: