Yaxud da Müdafiə Nazirliyinin qadağalarına əməl edirikmi?Hər birimiz bu qadağalara əməl etməliyik. Bu bizim hər birimizin vətəndaşlıq borcumuzdur. Bilməmək kimsəni məsuliyyətdən azad etmir. Hər birimiz vətəndaş kimi bu qadağalara əməl etməliyik. Bizim bu sahədə buraxdığımız yanlışlar ordumuza və Vətənimizə qarşı yönələ bilər.

Xüsusən informasiya savaşında informasiya ilə işləməyi bacarmayanların bu gün yayınladığı materiallar və xəbər başlıqlarında yetərincə yanlışlıqlar və vahimə yaymaq məzmunlu başlıqlar var. Yaxud da I Qarabağ Müharibəsində çəkilən kadrlarda mövqe kordinatlarının çəkiliş kadrlarından götürməsi faktları bu gün qismən məhdudlaşdırılsa da, hələ də buna uyğun faktlara rast gəlməkdəyik. Bununla bağlı Azvision.az -da məlumat verilib: «Azərbaycan Ordusunun əks-hücum əməliyyatları uğurla davam edir. Sentyabrın 27-dən başlayan əməliyyatlar nəticəsində indiyədək bir çox yaşayış məntəqələrimiz işğaldan azad edilib. Tarixi torpaqlarımızın azadlığa qovuşması hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük coşqu ilə qarşılanır.

Sevinc hislərini sosial şəbəkələrdə bölüşən vətəndaşlarımız bəzən özləri də fərqində olmadan döyüş meydanında çəkilən foto və videoları yayır, bununla hərbi sirri pozmuş olurlar. Son günlər belə paylaşımların artması təhlükəli hal almaqdadır.
Müzəffər Ordumuzun Vətən Müharibəsi davam etdiyi müddətdə belə informasiyaların yayılması yolverilməzdir. Bunu etməklə, biz yorulmadan gecə-gündüz düşmənə qarşı vuruşan əsgərlərimizin həyatını təhlükəyə atmış olarıq. Hər birimiz diqqətli olmalı, döyüşlə bağlı paylaşımlar etməməli, yalnız rəsmi məlumatları yaymaqla Ordumuza dəstək ola bilərik.»

Armenia Today-ın verdiyi xəbərə görə, Ermənistan Respublikası Polisindən verilən məlumata görə, 20 oktyabr saat 16: 00-a qədər hərbi vəziyyətə əsasən nəşr və yayımlara məhdudiyyət qoyulması barədə hökumətin qərarını pozan 121 fakt qeydə alınıb. Bu pozuntuların 28-i jurnalist fəaliyyəti ilə məşğul olan təşkilatlara, 93-ü jurnalist fəaliyyətini həyata keçirməyən şəxslərə aiddir.
32 halda inzibati cərimələr tətbiq edilib, xüsusən jurnalist fəaliyyətini həyata keçirməyən bir nəfər 700 min dram cərimə olunub, 22 — 300 min dram (AMD) cərimə edildi və onlardan ikisi nəşr etdikləri materialı silmədiklərinə görə, daha 700 min dram (AMD) pul cəzası alıb … 9 informasiya saytı 700 min (AMD) pul cəzası alıb. Xatırladaq ki, hökumətin «Ermənistan Respublikasında hərbi vəziyyətin tətbiq edilməsi haqqında» qərarı ilə Ermənistan Respublikası və qondarma Qarabağ respublikasında baş verən hərbi əməliyyatlar səbəbiylə nəşrlər, yayımlar, məlumat materialları, müsahibələr və onların sosial şəbəkələrdə yayılması üçün bir sıra məhdudiyyətlər tətbiq edilib.
Bu gün informasiya təhlükəsizliyi baxımından mediaya nəzarət gücləndirilməlidir. Düşmən bu sahədə bizdən öndədir. Ordumuzun zəfər yürüşünü təhlükəyə atmamaq üçün bu nüanslara diqqət ayırmalıyıq.
AVMVİB Mətbuat Xidməti

