CƏBHƏ GÜNDƏLİYİ — 26. 10.2020-Cİ İL

*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA VƏ ORDUMUZA EŞQ OLSUN!***


***İlham Əliyev xalqa müraciət edib

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

AZƏRTAC müraciəti təqdim edib.


***İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib.

Bu barədə AZƏRTAC məlumat verib.


***Prezident: “Beş rayonun azad edilməsi deyilirdi, artıq onun dördü bizdədir”

“Azərbaycan beynəlxalq hüquqdan kənar heç bir addım atmır. Ermənistan torpaqlarına girmirik. Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızı bərpa edirik. ATƏT-in Minsk qrupunun həmsədrləri bunu etməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar. Biz Ermənistandan fərqli olaraq, heç kimdən kömək istəmirik. Azərbaycan xalqının səbri ilə oynamasınlar. Sabah bu müharibə qurtaracaq”.

Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.


***“Bütün illər ərzində Azərbaycan haqqında iftiralar, yalanlar, uydurmalar baş alıb gedirdi”

Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

“Azərbaycan xalqı görür ki, xarici mətbuatın bütün suallarına necə lazımdır, cavab verirəm. Susurlar. Çünki cavab verə bilmirlər. Heç vaxt onların səviyyələrinə düşmürəm. Sual vermir, bizi ittiham edir, elə bil prokurordur. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim böyükdür və ondan istifadə edirlər. Mən onlarla mülayim tərzdə danışıram, amma bilirlər ki, istənilən formada danışa bilərəm”, — deyə Prezident bildirib.


***Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin “Milliyet” Qəzetinə müsahibə verib 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, sədr, 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı növbəti dəfə hərbi təcavüzünün başladığı ilk anlardan etibarən Türkiyənin həm rəsmi şəxslərinin, həm də xalqın açıq və birbaşa olaraq ölkəmizə dəstək verdiyini bildirib.


***Ermənilər meyitlərini götürmək istəmir, xalqın qəzəbindən qorxurlar 

«Azərbaycan humanist prinsiplərlə birtərəfli qaydada erməni əsgərlərin meyitlərinin Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Ermənistana verməyə hazırdır».

Bunu Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

«Bunu oktyabrın 18-də bəyan etməyimizə baxmayaraq, Ermənistan tərəfi cavab vermir. Meyitləri götürməkdən imtina real vəziyyəti gizlətmək məqsədi daşıyır», — o qeyd edib.***Düşmən Tərtəri “Smerç” ilə atəşə tutub 

Oktyabrın 26-da saat 18:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.


***Düşmənin Tərtərə atdığı üç raketdən biri zərərsizləşdirilib

Ermənistan tərəfindən atılan 3 raketdən biri hava hücumundan müdafiə bölmələrimiz tərəfindən havada zərərsizləşdirilib.

Bu fikirləri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, saat 18.15-də düşmən «Smerç» yaylım atəşli reaktiv sistemindən (YARS) Tərtər şəhərini atəşə tutub.

***Ali Baş Komandan İlham Əliyevin göstərişinə uyğun olaraq Azərbaycan Ordusunun bu gün saat 08.00-dan humanitar atəşkəs rejiminə əməl etdiyini bildirib:

O, qeyd edib ki, Ermənistan saat 08.05 radələrindən başlayaraq müxtəlif istiqamətlərdə humanitar atəşkəs rejimini pozub:  

“Bu gün ərzində Tərtər də daxil olmaqla, yaşayış məntəqələrimizə 200-dən çox mərmi atılıb. Canlı qüvvə ehtiyatı tükənən düşmən könüllüləri, muzdlu döyüşçüləri və uşaqları cəlb edir. Nizami Ordumuz düşmən tərəfindən istənilən hücum və təxribatların qarşısını almaq üçün tam döyüşə hazır vəziyyətdədir”.


***Rəsmi Moskvadan Türkiyəyə çağırış

Moskva Türkiyəni bütün təsirlərini atəşkəsin bərpa olunması və Dağlıq Qarabağda tənzimləmə ilə bağlı konstruktiv danışıqların başlaması yönündə istifadə etməyə çağırır.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu barədə açıqlama verib.

O qeyd edib ki, 10 oktyabr gecəsi, 11 saat davam edən məsləhətləşmələrdən sonra Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ABŞ və Fransa nümayəndələrinin iştirakı ilə atəşkəs və konstruktiv danışıqlar prosesinin bərpasını nəzərdə tutan birgə bəyanat barədə razılığa gəliblər.

Lavrov «Afina və Makedoniya Xəbər Agentliyi»nə müsahibəsində «Türk tərəfdaşlarımızı inandırırıq, təsirlərini bu xətt üzrə istifadə etmək daha məqsədəuyğundur»,- deyə qeyd edib.


***Ermənilər Mehridə yeni istehkamlar qururlar

Ermənistanın İranla həmsərhəd bölgəsində yerləşən Mehri rayonunda yeni istehkamlar qurulur. Bu barədə məlumat Mehri rayon bələdiyyəsinin «Facebook” səhifəsində paylaşılıb. Məlumatda bildirilir ki, Mehri rayon ərazisində mövqelərin təhlükəsizliyini təmin etmək üçün təkərlərə  ehtiyac var. Rayon sakinlərinə edilən müraciətdə «KAMAZ” markalı yük maşınına aid təkərlərin Mehri şəhərinin Aqarak qəsəbəsindəki  gömrük məntəqəsinin yaxınlığında yerləşən keçmiş çörək zavodunun ərazisi gətirilməsi istənilir.


***Paşinyan erməni əsgərlərinin döyüş meydanından qaçdığını etiraf etdi

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə silahlı qüvvələrinin əsgərlərinin Qarabağda döyüş meydanından qaçdığını etiraf edib.

«Sputnik Armenia» xəbər verir ki, bu barədə Ermənistanın hökumət başçısı feysbukda canlı yayımda bildirib.

«Əlbəttə, müharibədə plov paylamırlar, müharibə xaos yaradır. Lakin hər kəs bilməlidir ki, döyüş meydanından qaçanı cəzalandırmaq lazımdır və heç bir bəraət qəbul olunmur», — o deyib.


***Ermənistan ordusunun Qarabağda itkiləri ilə bağlı növbəti siyahı açıqlanıb

 Erməni mediası xəbər verir ki, 27 sentyabrdan indiyədək davam edən döyüşlərdə məhv edilmiş erməni hərbçilərinin siyahısına daha 11 nəfərin adı əlavə olunub. Ermənistan iddia edir ki, bu günədək döyüşlərdə 974 hərbçi itirib. 

Amma təkcə Qırmızı Xaç Komitəsinin Ermənistana 1500 əsgər meyitini təhvil vermək istədiyi haqda məlumatlar var və hesab olunur ki, düşmənin itkiləri qat-qat artıqdır. 


***Azərbaycanın bütün xalqı birləşib və qələbə qazanacaq — Rus icmasının rəhbəri

Azərbaycanın bütün beynəlmiləl xalqı birləşib və qələbə qazanacaq.

Bunu Azərbaycanın Rus icmasının rəhbəri Mixail Zabelin Azərbaycan torpaqlarının erməni işğalından azad olunması uğrunda döyüşlərdə həlak olan hərbi qulluqçu Dmitri Solntsevlə vida mərasimi zamanı deyib.

O, bütün həlak olanlarla bağlı kədərləndiyini və bütün Azərbaycan xalqına başsağlığını ifadə edib: “Amma mən əminəm ki, bütün qurbanlar əbəs deyil. Onlar öz canını Azərbaycan xalqı, o cümlədən azərbaycanlılar, ruslar, ləzgilər, gürcülər, yəhudilər, ukraynalılar naminə qurban verib”. M. Zabelin vurğulayıb ki, bu, Vətən müharibəsidir və əmin olduğunu bildirib ki, qələbə Azərbaycanın olacaq və bütün torpaqlar işğaldan azad ediləcək: “Azərbaycan və Qarabağ ayrılmazdır”. 


***Kremldən ABŞ-ın Dağlıq Qarabağda atəşkəs bəyanatına münasibət bildirilib

Kremldə Qarabağdakı vəziyyəti diqqətlə izləyirlər və hesab edirlər ki, bu münaqişənin sülh yolundan başqa həlli ola bilməz”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

«Hazırda biz münaqişə tərəflərinin təmas zonasındakı vəziyyəti diqqətlə izləməyə davam edirik. Əvvəlki kimi, hesab edirik ki, bu problemin sülh yolundan başqa həll yolu ola bilməz”, — deyə Kremlin sözçüsü vurğulayıb. Dmitri Peskov ABŞ-ın Dağlıq Qarabağ münaqişə zonasında atəşkəslə bağlı bəyanatına da münasibət bildirib: “Qarabağ böhranının nizamlanması prosesi çox kəskin mərhələdədir. Bu münaqişə hansısa qarşıdurma və rəqabət üçün yer olmamalıdır. Əlbəttə ki, Rusiya həmsədr ölkə kimi müharibəni dayandırmağa kömək edəcək bütün addımları alqışlamağa hazırdır”.


***Kənd təsərrüfatına 20 milyard manatdan çox zərər dəyib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tətqiqatlar Mərkəzinin hesablamalarına görə, Ermənistanın işğalı nəticəsində Azərbaycanın kənd təsərrüfatına 20 milyard manatdan çox zərər dəyib. Bunu, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tətqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib. O, işğaldan azad edilən rayonlarda kənd təsərrüfatının bərpası ilə bağlı görüləcək işlər barədə məlumat verib.


***“Paşinyan Pakistan xalqından üzr istəməlidir” — Rəhman Məlik

Pakistanın keçmiş Daxili İşlər naziri Rəhman Məlik Nikol Paşinyanı səsləndirdiyi ittihamlara görə Pakistan xalqından üzr istəməyə çağırıb.

Rəhman Məlik Azərbaycan ordusunda Pakistan qoşunlarının iştirakına dair Paşinyanın ittihamlarının əsassız olduğunu və böhtan xarakteri daşıdığını bildirib.

“Ermənistanın Baş Nazirinin açıqlamasını televiziyada izlədim və onun Pakistan qoşunlarının müharibədə iştirakı ilə bağlı ittihamlarını rədd edirəm. Açıq şəkildə bildirmək istərdim ki, Pakistan tərəfindəki qoşunların Azərbaycan tərəfindəki müharibədə iştirakı ilə bağlı iddialar tamamilə əsassızdır. Buna görə də Ermənistanın Baş Nazirini bu təbliğatı dayandırmağa və Pakistan xalqından üzr istəməyə çağırıram. Onun iddiaları və saxta ittihamları Pakistanı ləkələmək məqsədi daşıyır. Pakistan heç vaxt digər ölkələrin daxili işlərinə qarışmır”,- deyə Rəhman Məlik qeyd edib.


***Erməni quldur rejiminin iclas keçirdiyi uşaq bağçasının yeri aşkar edilib

Ermənistan silahlı qüvvələrinin komandirlərinin işğal olunmuş Xankəndidə iclas keçirdiyi uşaq bağçasının yeri məlum olub.

Ötən gün Dağlıq Qarabağda separatçı rejimin hərbçiləri uşaq bağçasında iclas keçirib.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Məlum olub ki, həmin bağça Xankəndi şəhərində yerləşən 3 saylı uşaq bağçası olub.


***İran bu halda Ermənistana atəş açacağını açıqladı 

Bir neçə gün əvvəl Azərbaycanın nəzarətini qaytardığı İran-Azərbaycan sərhədinə yenidən Ermənistan silahlı qüvvələri yaxınlaşarsa, Tehran Ermənistana atəş açmağa hazır olacaq.

Bu barədə “Vestnik Kavkaza” İran İslam Respublikasının nüfuzlu mənbələrinə istinadla məlumat yayır.

“Azərbaycan İranla sərhəd rayonları tutmaqla Ermənistanı raket və artilleriya zərbələrindən istifadədən imtina etməyə məcbur edib, çünki İran ərazisinə edilən səhv bir hücum dərhal Tehranın cavabına səbəb olacaq. Bu isə Ermənistan ordusu üçün çox təsirli ola bilər”, — deyə qeyd olunur.

***Laçının Səfiyan kəndindəki mövqelərimiz artilleriya atəşinə tutulur

 Oktybarın 26-da saat 08.05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub.

Bu barədə Müdafiə Nazirliyi Məlumat yayıb.


***Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan Zəngəzura çatdı

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan Azərbaycan hərbçilərinin Qarabağda Qubadlı şəhərini ələ keçirdiklərini təsdiqləyib.

Ovannisyan bu gün keçirdiyi brifinq zamanı etiraf edib: “Təəssüf ki, dünən axşam döyüşlərin gedişində rəqib Qubadlını tuta bilib və bəzi istiqamətlərdə irəliləyib”.

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, hərbi əməliyyatlar bir neçə kənddə davam edir.

“Bəli, rəqib bəzi sahələrdə uğur qazanıb, bəli, onlar Sünikin (Zəngəzur –red.) darvazasına yaxınlaşıblar, amma vəziyyət ekstremal deyil”, – deyə o vurğulayıb. Artsrun Ovannisyan erməni jurnalistlərə sabah hərbi əməliyyatların xəritəsini təqdim edəcəyinə söz verib.

***Ən ağrılı kompromisə hazırıq

İstəyirəm ki, biz bu suala cavab verək. Erməni xalqı kompromisə hazırdır? Fikrimcə, hə, erməni xalqı buna hazırdır. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Feysbukda canlı yayımda çıxışında deyib. “Biz hətta ən ağrılı kompromislərə hazırıq, ancaq erməni xalqı kapitulyasiyaya hazırdırmı? Fikrimcə, erməni xalqı buna hazır deyil”, — Paşinyan bildirib.

QARABAĞ AZƏRBAYCANDIR!

Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)

Növbətçi: Nurlan Məmmədli, Elnur Səlim

Bu xəbəri paylaşın: