Prezident: «Ermənistan Laçından, Kəlbəcərdən və Ağdamdan çıxsa, biz dayanacağıq»

“Sabah Cenevrədə Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar baş tutmalıdır və biz orada Ermənistanın baza prinsiplərinə nə dərəcədə sadiq olduğunu görəcəyik. Və bundan sonra biz onların hazırda nə qədər aktual olub-olmadığını dəyərləndirəcəyik. Baxmayaraq ki, bu ay ərzində mən dəfələrlə bəyan etmişəm ki, orada bizi qane etməyən müəyyən məqamlar, əlbəttə ki, var, lakin bütövlükdə, Azərbaycan onları qəbul edib”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “İnterfaks” və “İnterfaks-Azərbaycan” agentliklərinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağ ətrafında 5 rayonun (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Ağdam rayonları) Azərbaycana qaytarılması məsələsinin müzakirəsi aktual deyil: “Birinci mərhələni, parktiki olaraq, başa çatdırmışıq, buna görə, əgər Ermənistan tərəfi baza prinsiplərinə sadiqlik ifadə edərsə, biz dərhal işğal altında olan Laçın və Kəlbəcər rayonları və Ağdam rayonunun bir hissəsinin Azərbaycanın nəzarətinə verilməsi barədə danışacağıq. Bununla da biz həmsədrlərin vəzifəsini müəyyən səviyyədə asanlaşdıracağıq, hansısa ikinci mərhələni gözləmək lazım olmayacaq, o dərhal baş verməlidir. Əgər siyasi həll barədə razılığa gəlsək, o zaman Ermənistan qoşunları dərhal Laçın və Kəlbəcər rayonları və Ağdam rayonunun bir hissəsindən çıxarılmalıdır”.

Prezident qeyd edib ki, Bakıda Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların məzmunlu xarakter daşıyacağına ümid edirlər. Oktyabrın 29-da Azərbaycan və Ermənistan XİN başçılarının Cenevrədə keçiriləcək görüşünün də bu cür olacağına ümid edirik.

“Lakin Ermənistan tərəfinin aqressiv davranışı və beynəlxalq hüquq, Cenevrə konvensiyalarının kobud şəkildə pozmaları və törətdikləri hərbi cinayətlər, əlbəttə ki, onların nizamlanma məsələsini məzmunlu müzakirə etmək niyyətində olduqlarından xəbər vermir. Ancaq düşünürəm ki, Ermənistanı döyüş meydanında məğlub etməyimiz hər halda onlar üçün ciddi siqnal olmalıdır ki, bundan sonra imitasiya fəaliyyəti yürüdə bilməzlər, bizi aldada bilməzlər, ATƏT-in Minsk qrupunun həmsədrlərini aldada bilməzlər, əsasən, məsələnin məzmunlu müzakirəsindən boyun qaçıra bilməzlər”, – o bildirib.

İ.Əliyev əlavə edib ki, Azərbaycan Ermənistandan işğal olunmuş ərazilərdən qoşunlarının çıxarılması üzrə öhdəlik gözləyir.

“Biz Ermənistan tərəfindən, ali rəhbərlik şəxsində işğal olunmuş ərazilərdən qoşunların çıxarılması üzrə öhdəlik əldə etməliyik. Hələlik biz bu barədə eşitməmişik. Ermənistan rəhbərliyi tərəfindən üzərinə bu öhdəlik götürülən kimi və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən bu təsdiq olunan kimi, biz dərhal hərbi əməliyyatları dayandırmağa hazırıq. O şərtlə ki, Ermənistan tərəfi də hərbi əməliyyatları dayandıracaq, çünki atəşkəs üç dəfə pozulub, hər üçü də Ermənistan tərəfinin təqsiridir”, – Azərbaycan Prezidenti vurğulayıb.

Bu xəbəri paylaşın: