AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİNİN İLK ORTA ƏSRLƏR DÖVRÜ TARİXİ COĞRAFİYASI HAQQINDA

Cavid Vəkil oğlu Bağırzadə
Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi
kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru
cavid.bagirzade@gdu.edu.az

(Mənbə məlumatları və tarixi-arxeoloji tədqiqatlar əsasında)

(Əvvəli: https://fedai.az/?p=21105)



Təsadüfi deyil ki, “Qarabağ” sözünün peçeneq-kəngərli tayfalarından birinə məxsus olduğunu irəli sürənlər vardır [5, 8]. Tədqiqatçı Q.Ə.Qeybullayev yazır ki, Qarabağ adı indiki Qarabağın dağlıq hissəsində, V-X əsrlərdə Arsak kimi tanınan ərazidə yaşamış peçeneqlərlə bağlı olmuş və bu ad sonralar ərazinin düzən yerlərinə şamil edilmişdir [10, 145]. Qeyd edək ki, Qarabağın əhalisi içərisində bu tayfaların da olması və qədim dövrlərdən burada yaşamaları bu fikirin heç də əsassız olmadığını göstərir. Belə hesab etmək olar ki, Qarabağ adının tarixi-coğrafi anlayış kimi formalaşması tarixi ilk orta əsrlər dövrünün sonlarına gedib çıxır. Qarabağ adının məşhurlaşaraq yazılı ədəbiyyata düşməsi isə göstərilən faktlardan da göründüyü kimi sonrakı dövrlərə təsadüf etmişdir.

Qarabağın orta əsrlər dövründə daha geniş ərazini – Araz çayından Sınıq körpüyə kimi, başqa sözlə, bütövlükdə Kür-Araz hövzəsini əhatə etdiyi məlumdur. Məhz bu üzdən də yazılı mənbələrdə orta əsrlər dövrü Qarabağından bəhs olunarkən “Arran Qarabağı” ifadəsi işlənilmişdir. Onu da qeyd edək ki, orta əsrlər dövründə Qarabağ “Arranın mərkəzi”, “Arranın qəlbi” kimi istilahlarla ifadə edilirdi. Bu da onu göstərir ki, Arranın mühüm hissəsini Qarabağ əhatə edirmiş. Başqa sözlə, Qarabağ Arran ölkəsinin – Albaniyanın inzibati, siyasi, mədəni, iqtisadi mərkəzini təşkil edirdi. Orta əsrlər dövründə Qarabağ istilahı altında Kür-Araz hövzəsinin, Araz çayından Sınıq körpüyə kimi ərazilərin də nəzərdə tutulmasının səbəbi fikrimizcə, ona görədir ki, Arran ərazisi paralel olaraq onun mərkəzi bölgəsi olan Qarabağ adı ilə də ifadə edilirdi. Yəni inkişaf etmiş orta əsrlər dövründə Qarabağ deyiləndə bəzən Arran ərazisi, onun Kür-Araz ovalığı torpaqları da nəzərdə tutulurdu. Aydın məsələdir ki, Gəncə-Qazax ərazisi tarixi Qarabağ torpaqları deyil, Arranın digər ərazisi olmuşdur. Məlumdur ki, Arran adı ilə ərəb işğallarından sonra siyasi mövcudluğuna son qoyulmuş Albaniyanın əsas ərazisi nəzərdə tutulurdu. Buna görə də orta əsr yazılı mənbələrində tarixi Albaniya Arran, onun əsas mərkəzi hissəsi isə “Arran Qarabağı” tarixi-coğrafi anlayışı ilə işlənilmişdir.


“Qarabağ” anlayışı tarixən qədim Arran (Albaniya) torpaqlarında, Arazla Kür arasında yerləşən üçbucaqda yaranmışdır [11, 175]. Qarabağ ən qədim zamanlardan Azərbaycan türklərinin əcdadlarının yaşadığı qədim diyar olmuşdur. Buranın qədim sakinləri olan qarqarların Qarabağ ərazisində, Azərbaycanın digər bölgələrində yaşamaları haqqında məlumatlara bizim eradan 1200 il əvvələ aid Assur mixi yazılarında rast gəlinir. Müxtəlif dövrlərə, antik və ilk orta əsrlər dövrünə aid yazılı mənbələrdə də dəfələrlə Qarabağın əhalisi olan qarqarlar haqqında məlumatlara rast gəlinməkdədir. Qarabağ orta əsr yazılı mənbələrində “albanların ölkəsi” [12, 226] adlandırılırdı.

Yuxarıda bəhs edildiyi kimi, indi Qarabağ deyəndə, Yuxarı və Aran Qarabağ əraziləri nəzərdə tutulur ki, bu bölgənin hal-hazırda Azərbaycan Respublikasının müasir inzibati ərazi bölgüsünə görə hansı rayonlarının ərazisini əhatə etməsi məlumdur. Yazılı mənbələrdə Dağlıq Qarabağ istilahı yoxdur və bu ifadə XX əsrin 20-30-cu illərində Azərbaycan torpaqlarının paraçalanması, sovet-bolşevik rejiminin inzibati ərazi bölgüsü siyasəti nəticəsində yaranmışdı.


Albaniyanın Kür çayından cənubda yerləşən ərazisinin mühüm hissəsini əhatə edən indiki Qarabağ ərazisi tarixi Arsak əyalətini və Uti əyalətinin əsas hissəsini – Mərkəzi Uti və ya Xüsusi Utini əhatə edirdi. İlk orta əsrlər dövründə indiki Qarabağın əhalisi içərisində qıpçaq boylarından olan qarqarların xüsusi çəkisi olmuşdur. Buna görə də Qarabağ ərazisinin bir hissəsi bəzən “Qarqarlar ölkəsi” adı ilə də ifadə edilmişdir. Qarabağın qədim və yerli əhalisi olan qarqarların adı ilə bağlı müasir dövrümüzdək mövcud olan çoxlu sayda toponim və hidronimlər vardır. Təsadüfi deyildi ki, Qarabağ ərazisində qarqarların adı Qarqar düzənliyində (Mil-Qarabağ düzü), eləcə də Qarqarçay hidronimində əks olunmuşdur. Qrabardilli mənbələrdə Qarqar düzü “Qarqarasos daşt” adlandırılır [Т. Тер-Григорян. К вопросу об “Истории страны албанской Моисея Каланкатуйского”, 1940, AMEA Tarix İnstitutunun elmi arxivi, № 991, s.31-32. Bax:13, 76 ]. Pəhləvi-qrabar dilində “qarqarasos” – qarqar və ya qarqarlar, “daşt” və ya “dəşt” isə məlum olduğu kimi düzənlik, çöl mənasındadır. Məsələn, farsdilli mənbələrdə qıpçaqların ölkəsi “Dəşti-Qıpçaq”, yəni qıpçaq çölü adlandırılırdı.


Son antik və ilk orta əsrlərdə Qarabağın bir hissəsi Qarqarlar ölkəsi adlanmışdır [9, 5]. Belə hesab etmək olar ki, Qarabağın ilk orta əsrlər dövründə əhalisinin mühüm bir hissəsini təşkil edən qarqarlar Qarqar çayı hövzəsində yaşamış və çox güman ki, Qarabağın Qarqarçay hövzəsi “Qarqarlar ölkəsi” adlandırılmışdır.


R.B.Göyüşov Mərkəzi və ya Xüsusi Utidən bəhs edərkən yazır ki, Qarabağın digər bir hissəsi Utu adlanmışdır. Utilər də qədim alban tayfalarından biri olmuş və qarqarlara nisbətən daha geniş bir ərazini əhatə etmişdir. Buna görədir ki, Utinin Qarabağdakı hissəsi “Xüsusi Uti” və ya “Mərkəzi Uti” adlanmışdır [9, 6]. Albaniyanın tarixi və böyük əyaləti olan Uti əyaləti Kürün sağ sahilində yerləşirdi. Uti əyaləti (nahanqı) öz növbəsində ayrı-ayrı inzibati vahidlərə (havarlara) bölünmüşdü ki, bunlardan da ən əsası Sakasena idi. Sakasena Kür çayı ilə Arsak əyaləti arasındakı ərazini əhatə edirdi [14, 90-92; 8, 39-40]. İnzibati cəhətdən yeddi vilayətə bölünmüş Utinin ən iri vilayəti “Xüsusi Uti” məhz Qarabağda olmuşdur [9, 6].
Göründüyü kimi, fikrimizcə, Qarabağda yerləşən “Xüsusi Uti”nin ərazisi Sakasena vilayətinin ərazisi ilə eynilik təşkil edir və paytaxt Bərdə şəhəri də məhz bu vilayətdə yerləşirdi. Uti əyalətinin Sakasena vilayətinin “Mərkəzi Uti” və ya “Xüsusi Uti” adlandırılmasının səbəbi Albaniyanın siyasi, dini mərkəzinin Utinin bu hissəsində, başqa sözlə Sakasenada yerləşməsi olmuşdur. Beləliklə, paytaxt Bərdə şəhəri daxil olmaqla Aran Qarabağın əsas hissəsi, Kür çayı ilə Dağlıq Qarabağ arasındakı ərazi Mərkəzi Utini – Sakasenanı əhatə edirdi.

Qarabağın əsas hissəsini isə tarixi Arsak əyalətinin ərazisi təşkil edirdi. R.B.Göyüşov yazır ki, III-IV əsrlərdən etibarən Qarabağın dağlıq hissəsi Arsak adlanır [9, 7]. Qeyd edək ki, Qarabağın dağlıq hissəsinin III-IV əsrlərdən etibarən Arsak adlanması fikri ilə razılaşmaq olmaz. Birincisi, ona görə ki, “Arsak” toponiminin yaranması tarixi qədimdir və burada haqqında qısa bəhs edilmiş qədim yerli tayfalarla bağlıdır. İkincisi, hesab etmək olar ki, “Arsak” toponimi mərkəzləşmiş Albaniya dövlətinin yaranmasından qabaq bölgənin adı kimi artıq mövcud idi. Üçüncüsü, mərkəzləşmiş Albaniya dövləti ayrı-ayrı vilayətlərin mərkəzi hakimiyyətə tabe edilməsi nəticəsində yaranmışdı və Arsak vilayətinin də bu dövrdə artıq inizbati ərazi kimi mövcudluğu şübhə doğurmur. Dördüncüsü, Moisey Kalankatuklu “Albaniya tarixində” hələ I əsrdə baş vermiş hadisə və proseslərdən bəhs edərkən özünün yaşadığı dövrdə deyil, məhz I əsrdə bölgənin Arsak vilayəti olmasını göstərmişdir. Onu da qeyd edək ki, Moisey Kalankatuklu vilayət və mahallar haqqında, yaşayış yerləri haqqında bəhs edərkən onları baş vermiş hadisələrin olduğu dövrdə necə adlanırdısa elə təqdim etmişdir. Bəzən Moisey Kalankatuklu yaşayış yerlərindən və vilayətlərdən bəhs edərkən onların özünün yaşadığı dövrdəki vəziyyətini də qeyd edirdi. Məsələn, I əsrə aid yaşayış yerindən bəhs edərkən Moisey Kalankatuklu göstərir ki, bu yer indi də belə adlanır və s. Yəni müəllif öz dövrü – VII əsrlə müqayisə aparır.


Arsak sözünün etimologiyasına gəlincə bir çox tədqiqatçılar onun Çində (indi Çin hüdudlarına daxil olan tarixi türk torpaqlarında – C.B.) Tanrı dağı ətəyində yaşamış türk Ağhun tayfalarından bir qolunun adı olduğunu iddia edirlər. İlk orta əsrlərdə Arsakın bir hissəsində türkdilli Ağhun tayfaları məskun idi [9, 7]. Ümumiyyətlə, ilk orta əsrlər dövründə təkcə Qarabağ ərazisində deyil, Albaniyanın ayrı-ayrı vilayətlərinin əhalisi içərisində ağhunların, eləcə də digər hun boylarının yaşaması məlumdur. Belə hesab etmək olar ki, Azərbaycanın qədim yerli əhalisindən olan uti tayfaları, o cümlədən də utiqurlar və kutiqurlar (eyni zamanda müqayisə et: utilər və kutilər) da hun tayfalarından olmuşdur. Digər, diqqəti cəlb edən faktlardan biri də arsaklar haqqında türkdilli dastanlarda məlumatların olmasıdır. Dədə Qorqud dastanında arsakların əyalətindən bəhs edilmişdir. Arsakların əyaləti Dədə Qorqud “Oğuznamə”sinə görə, Daş Oğuzlardan Altı Oğuz boyunun böyük xaqanı Alp Ər Tunqanın oğlu Alp Arvazın yurdudur. 1225-ci ildə xarəzmli Cəlaləddin Manqburnu Qarabağa gələrkən buranın Alp Ər Tunqa xaqanın son sığınacaq yeri olduğu üçün müqəddəs saydığını və bu məqsədlə burada mərasimlər keçirdiyi məlumdur [15, 130].


Alp Ər Tunqa (və ya Tonqa – C.B.) obrazı dolayı yolla “Dədə Qorqud” boylarında iştirak edir. Mahmud Kaşğarinin “Divani lüğət-ət-türk” əsərində dönə-dönə adını çəkidiyi qədim saqlar (və ya saklar – C.B.) qəhrəmanı Alp Ər Tunqanın “Dədə Qorqud” qəhrəmanı Aruz qoca ilə bədii-tarixi əlaqəsi vardır. Saqların qəhrəmanı Alp Ər Tunqa “Dədə Qorqud”un Daş Oğuz başçısı Aruz qocanın atası hesab olunur [16, 114-115]. Yeri gəlmişkən qeyd edək ki, Dədə Qorqud dastanı yalnız Azərbaycanla və bu dastandakı hadisələrin cərəyanı isə Azərbaycanın tarixi coğrafiyası ilə bağlıdır. Dədə Qorqud dastanının Azərbaycan coğrafiyasından, başqa sözlə Albaniyadan kənar türkdilli xalqlarla heç bir əlaqəsi yoxdur. Dədə Qorqud dastanı bütün boyları ilə, fokloru ilə, bədii-tarixi xüsusiyyətləri ilə, etnoqrafik məlumatları ilə, dil üslubiyyatı ilə məhz Azərbaycan türklərinə məxsusdur. Dədə Qorqud dastanının dili hesab etmək olar ki, dərindən tədqiqi zərurəti vardır, dastanın dili Albaniyanın dilidir, oğuz-qıpçaq dilidir.

Tarixi-arxeoloji tədqiqatlardan da məlumdur ki, Azərbaycanın qədim əhalisindən olan sakların daha çox məskunlaşdığı ərazi Kür-Araz ovalığı olmuşdur. Sakların e.ə. VIII-VII əsrlərdə bura köç etməsi o demək deyil ki, onlar məhz bu dövrdən Azərbaycan torpaqlarında məskunlaşmışlar. Bu sadəcə sak tayfalarının Böyük Türk coğrafiyasında baş vermiş yerdəşimələrindən biridir. Ekən Tunc dövrü Kür-Araz mədəniyyətinin yaradıcıları və daşıyıcılarının türkdilli əhali olması şübhəsizdir və onların sak boyları olması fikri daha güclüdür.


Arsak sözü, onun etimologiyası yalnız türkdilli xalqların dilində məna kəsb edir və şərh oluna bilər. Bir çox tədqiqatlarda Arsak sözünün qədim türkdilli sakların adı ilə bağlı olması göstərilmişdir ki, bu heç də əsassız deyildir. Uti əyalətinin adının etimologiyası haqqında bəhs etmək zərurəti yoxdur. Aydındır ki, bu ad utilərlə bağlıdır və onlar Albaniyanın əhalisi içərisində xüsusi çəkisi olmuş türkdilli boylardandır.


Azərbaycan tarixinin bir çox məsələlərində tarixi həqiqətləri bilərəkdən görməzədən gələrək, hətta bir çox türkdilli tayfaları belə iranmənşəli hesab edən İ.H.Əliyev yazır: “Ehtimal edirlər ki, Qarabağın qərb hissəsi Urartu mənbələrində Urtex-Urtexini adlandırılmışdır. Əgər belə bir ehtimal düzdürsə, zonanın daha sonrakı adı Artsax Urtexdən əmələ gəlmişdir, onda bir sıra erməni müəlliflərinin fikirlərinin əksinə olaraq tamamilə şübhəsizdir ki, bu ad (yəni Artsax) erməni adı deyildir, heç olmasa yalnız buna görə ki, həmin vaxtda və xeyli sonralar burada heç bir erməni olmamışdır. Güman etməyə əsas var ki, Artsax İran mənşəlidir və “Dünyanın qərb hissəsi” deməkdir.” [17, 16]. Əlbəttə ki, ən qədim dövrlərdən, o cümlədən də Urartu dövlətinin mövcud olduğu zamanda da Qarabağ ərazisində, ümumiyyətlə, Qafqazda erməni yaşamamışdır. Qaldı ki, İ.H.Əliyev tərəfindən Arsakın Artsax şəkilində ifadə edilməsi və onun İranmənşəli olması fikri kökündən yalnışdır və tarixi həqiqətləri əks etdirmir. “Arsak” sözü yalnız türkdilli xalqların dilində şərh olunur və məna kəsb edir. Onu da xüsusi qeyd edək ki, Albaniyanın əhalisi adları yazılı mənbələrdə çəkilmiş oğuz-qıpçaq boylarından ibarət olmuşdur. Albaniyanın dövlət dili, o cümlədən də dini ədəbiyyatın yazıldığı dil əhalinin içərisində xüsusi çəkisi olan qıpçaq boyu qarqarların dialekti, danışıq dili olmuşdur. Bu dil “Kitabi Dədə Qorqud”un orijinal mətninin də olduğu dildir. Bu dil ilk orta əsr göytürklərin, xəzərlərin, hunların, bulqarların müəyyən fərqliliklərlə danışdığı dil idi. Başqa sözlə, Türk dillərinin ilk orta əsr dövrünü doğru tədqiq etmək zərurəti vardır. Onu qeyd edə bilərik ki, türk dilləri, o cümlədən də oğuz-qıpçaq dili fikrimizcə, çox güman ki, IX əsrdən sonra differensiallaşmışdır. Doğrudur, bu məsələ ilə bağlı tədqiqatçılar arasında fikir müxtəlifliyi mövcuddur. Bir sözlə, Arsak, Qarabağ və s. kimi adların qarqarların dilində olması, bu dildə yaranması və bu dildə də (tarixi-arxaik və müasir dilimizdə) izah olunması şübhə doğurmur.

İ.H.Əliyevin fikri həm də ona görə kökündən yalnışdır ki, Albaniya antik və ilk orta əsr dini və tarixi-coğrafi ədəbiyyatında birmənalı olaraq Şərq ölkəsi adlandırılmışdır. Şərq ölkəsi kimi xarakterizə edilən və mövcudluğu dövründə belə tanınan Albaniyanın mühüm mərkəzi əyalətini isə “dünyanın qərb hissəsi” kimi adlandırmaq və belə yozmaq, təbii ki, əsassızdır. Moisey Kalankatuklu Albaniyadan bəhs edərkən, onun ərazisini, təbiətini təsvir edərkən onu “Şərq ölkəsi”, “bizim Şərq ölkəmiz” adlandırır [M.Kalankatuklu, I, 6, 9. II, 23, 30, 36, 40. III, 19, 20]. İlk orta əsr yazılı mənbələrində Albaniya birmənalı olaraq Şərq ölkəsi kimi xarakterizə edilmişdir.


Albaniyanın mühüm əyalətlərindən olmuş Arsak əyaləti F.C.Məmmədova və ona istinad edən V.Z.Piriyevə görə hal-hazırki Qarabağın dağlıq hissəsini və Mil düzünün bir hissəsini əhatə edirdi. Onun ərazisi on iki xırda inzibati vahidə bölünmüşdü. Arsak əyalətində Qarabağın yerli, qədim əhalisindən olan qarqarlar, utilər, hunlar, xəzərlər, barsillər və s. yaşayırdılar [14, 94-95; 8, 40-41].


Moisey Kalakatuklunun verdiyi məlumatlara görə Kağankət (Kaqankat), Divdəkan kimi yaşayış yerləri Utidə yerləşirdi və onların yerləşdiyi ərazi Arsak əyalətinin Böyük Koqman mahalı ilə qonşu idi [M.Kalankatuklu, I, 26, 27, 28, 30, 33; II, 9, 10]. Moisey Kalankatuklu Divdəkan kəndinin konkret olaraq Tərtər çayının sahilində yerləşməsini yazmışdır [M.Kalankatuklu, II, 9]. Aparılmış tədqiqatlar nəticəsində Kağankət şəhəri Ağdərə rayonunun Umudlu kəndi yaxınlığındakı arxeoloji abidələrdə – şəhər yerində, Divdəkan kəndi isə Xotavəng məbədinin yerləşdiyi Kəlbəcər rayonu Vəng kəndi ərazisində lokallaşdırılmışdır [22, 44-65]. Belə bir nəticəyə gəlmək olur ki, Uti əyalətinin ərazisi Tərtərçay dərəsi boyunca, onun sol sahili boyu əraziləri də, indiki Kəlbəcər rayonu Vəng kəndi daxil olmaqla əraziləri əhatə etmişdir. Uti əyaləti bu bölgədə Arsak əyaləti ilə Tərtər çayı vasitəsi ilə hüdudlanmışdır. Tərtər çayının sağ sahili boyu ərazilər, eləcə də müasir Kəlbəcər rayonunun Vəng kəndindən yuxarıda yerləşən ərazilər Arsak əyalətinin ərazisi olmuşdur. Burada Arsak əyalətinin Böyük Koqman, Yuxarı Vaykunik mahalları yerləşirdi.


Arsak əyalətinin ərazisində ilk orta əsrlər dövründə mövcud olmuş şəhərlərin və eləcə də əyalətin bölündüyü inzibati vahidliklərin adlarına Moisey Kalankatuklunun “Albaniya tarixi”ndə rast gəlinir. “Alabaniya tarixi”ndən məlum olur ki, Arsak əyalətinin Amaras (VII-VIII əsrlərdə Amaras Habanddan ayrılaraq ayrıca vilayətə çevrilmişdir.), Haband, Yuxarı Vaykunik, Qoqarena, Böyük Koqman (Qouyan və ya Kolmank), Bercor, Tsri, Böyük Arran, Böyük Parskank, Qeqam və s. kimi vilayətləri olmuşdur ki, bu vilayətlər də öz növbələrində daha kiçik inzibati vahidlərə – mahallara bölünmüşdür. Məsələn, “Albaniya tarixi”ndə Arsak əyalətinin Böyük Kolmank vilayətinin Rustak mahalından bəhs edilmişdir [M.Kalankatuklu, II, 32]. Arsak əyalətinin vilayətləri haqqında şəhərlərdən, onların lokallaşdırılmasından danışarkən bəhs etmişik. Arsak əyalətinin bəzi vilayətləri – Böyük Kolmank, Amaras, Qoqarena/Qaqarena (ola bilsin ki, Qarqar və ya Qarqarlar adının mənbədə fonetik dəyişikliyə məruz qalmış ifadəsi. – C.B.) və s. eyni zamanda dini inzibati vahidlər – yeparxiyalar olmuşlar. Yazılı mənbələrdən və tədqiqatlardan məlum olur ki, Albaniyanın əsas yepiskopluqları Arsak əyalətində mövcud olmuşdur. Arsak əyalətinin bir çox yepiskopları Alban katolikosu kürsüsünə seçilmişlər. Arsak əyaləti Albaniyada xristianlığın köklü şəkildə möhkəmlənməsi və yepiskop İsrail və başqalarının simasında görkəmli din xadimlərinin fəaliyyət göstərdiyi əyalət kimi seçilmişdir.

Arsak əyaləti süni suvarmadan istifadə edilən əkinçiliyin yüksək inkişafı ilə fərqlənmişdir. Əhalisi maldarlıqla, quşçuluqla, arçılıqla məşğul olur, xırda və iribuynuzlu mal-qara saxlayırdı. Arsak – Qarabağ cins atları xüsusi şöhrət qazanmışdı [14, 94]. Bu fakt da Qarabağda atçılığın ilk orta əsrlər dövründə də xüsusi yer tutduğunu, Qarabağ atlarının bu dövrdə də məşhur olduğunu təsdiq edir.


Qarabağın ilk orta əsrlər dövrü tarixi coğrafiyasından bəhs edərkən bir mühüm məqamı diqqətdə saxlamaq zərurəti vardır. Belə ki, tarixi həqiqətləri gizlətmək və saxtalaşdırmaqda usta olan, heç bir dövlətçilik tarixi olmaması müqabilində saxta “Ermənistan tarixi” yazmağı və çoxlu sayda saxta ilk orta əsrlər dövrünə aid etməklə erməni müəllifləri və onların əsərlərini uyduran erməni tarixçiləri (daha dəqiqi erməni qriqoryan kilsəsi) Albaniyanın Kür çayının sağ sahilində yerləşən vilayətlərini tutarlı mənbə məlumatları olmadan “Ermənistanın şərq vilayətləri” kimi təqdim etmiş, müxtəlif erməni tarixçiləri yazmış olduqları çoxsaylı əsərlərində bu məsələni dönə-dönə qələmə almışlar. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, birincisi, nə antik dövrdə, nə də ilk orta əsrlər dövründə Qafqazda, o cümlədən də Qafqazın böyük bir hissəsini əhatə edən Albaniyada ermənilər toplu şəkildə belə yaşamırdılar və buranın yerli əhalisi deyildilər. İkincisi, ilk orta əsrlər dövründə yazılı mənbələrin verdiyi məlumatlardan da aydın olur ki, ermənilər hansı ərazidə, hansı coğrafiyada yaşamışlar. Üçüncüsü, ilk orta əsrlər dövründə qonşu Bizans imperiyası ərazisində yaşayan ermənilərdən ayrı-ayrı şəxslər müxtəlif səbəblərdən Albaniyaya gələ bilərdilər ki, o cümlədən də Albaniyadan çox-çox sonralar xristianlığı qəbul etmiş ermənilərin hansısa din xadimi Alban kilsəsinə gələ bilərdi və ya din xadimləri arasında, kilsələr arasında dini məsələlərlə bağlı yazışmalar ola bilərdi. Dördüncüsü, Qarabağ ərazisi, tarixi Arsak və Uti əyalətləri nəinki ilk orta əsrlər dövründə, ümumiyyətlə, heç bir tarixi dövrdə başqa, yadelli dövlətin, o cümlədən də tarixdə mövcud olması belə şübhə altında olan “Ermənistan dövləti”nin hakimiyyəti altına düşməmiş, hüdadları daxilində olmamışdır. Beşincisi, “Ermənistan və ya Armeniya” və “ermənilər” istilahı altında tarixdə ifadə edilən ərazi və xalqın haylarla heç bir əlaqəsi olmamışdır. Haylar bu adları və onların tarixini mənimsəyib öz adlarına çıxmışlar. Hansı ki, burada dönə-dönə qeyd etmişik ki, qədim erməni dili hesab edilən qrabar dilinin də haylara heç bir aidiyyəti yoxdur. Qrabar dilinin lekisik fondunu əsasən pəhləvi, parfiya və arami mənşəli sözlər təşkil edir. Belə bir lekisik fonda malik dilin haylara nə dərəcədə aidliyi aydın şəkildə görünür. Haylar 1937-ci ilə kimi qrabar dilini tədris edərək öyrənmişlər. Tarixdə nə qədim erməni dili, nə də yeni erməni dili mövcud olmamışdır. İndiki hay dili necədirsə, ilk orta əsrlər dövründə də və bütün tarixi dövrlərdə də elə olmuşdur. Sadəcə əsrlər keçdikcə hay dilinin lekisik fonduna xristian istilahları arami dilindən keçmiş, bu dilin tərkibinə həm də iranmənşəli sözlər daxil olmuşdur.

Çünki hay dili elə bir xüsusiyyətə malikdir ki, heç bir vaxt dəyişmir və inkişaf etmir, yəni hay dili daxili qrammatik quruluşuna görə sintetik dildir və bu tip dillər tarix boyu necə varsa eləcə də qalır. Bir sözlə, hay dilinin qədimi və ya yenisi ola bilməz, qədim erməni dili – qrabar, müasir erməni dili – aşxarabar anlayışları erməni dilçilərinin uydurmasıdır. Mənşəyinə görə pəhləvi-fars dilinin qollarından biri və ya dialekti olan analitik-flektiv quruluşlu qrabarın sintetik qurluşlu aşxarabar erməni dili ilə heç bir genetik və tipoloji əlaqəsi yoxdur. Başqa sözlə, analtik-flektiv qurluşlu dilin sintetik qurluşlu dilə çevrilməsi qeyri-mümkündür. Sintetik qurluşlu dillər tarix boyu ta qədimdən öz quruluşunu saxlayır və başqa tipoloji quruluşa keçmir. “Qrabar dili” adlandırılan dilin ermənilərin qədim dili olması cəfəngiyatdır, ermənilərin belə bir dili olmayıb, bu dilidə olan mənbələrin də qəti olaraq ermənilərə, daha doğrusu haylara heç bir aidiyyəti yoxdur. Qrabar dilinin qədim erməni dili olması fikrini “əsaslandırmaq” üçün Qraca Açaryan uzun illər boyu apardığı tədqiqatlarda fars dili kimi analitik-flektiv quruluşlu qrabarın birdən-birə başqa quruluşlu aşxarbara (yəni guya yeni erməni dilinə) keçməsinin sirlərini “araşdırmaqla” məşğul olub və nəhayət belə bir qərara gəlib ki, qrabar dili türk (Azərbaycan) dilinin təsiri ilə analitik-flektiv quruluşdan aqlütinativ quruluşa keçərək “aşxarabarlaşıb”. Dilçilikdə belə bir prosesin getməsi mümkün deyildir və bu elmi baxımdan əsassızdır. Artıq yüz ildən çoxdur ki, “erməni tədqiqatçıları” dünyanı aldadaraq ilk orta əsr orta fars dilinin bir qolunda yazılmış Alban ədəbiyyatını mənimsəyərək öz adlarına çıxmağa çalışmışlar. Utanmadan da bütün dünyanı aldadaraq, orta fars dilinin bir qolunu “qədim erməni dili – qrabar dili” adlandıraraq öz adlarına çıxmışlar. Etiraf edək ki, acınacaqlı olsa da, dünya alimləri buna inanmış, tarixşünaslıqda ciddi yanlışlıqlar və səhv konsepsiya özünə yer eləmişdir. Bütün bu yanlışlıqları aradan qaldırmaq, tarixi həqiqətləri bərpa etmək zərurəti müasir tarixçilərin və diliçilərin üzərində ən vacib təxirəsalınmaz borcdur.


Albanşünas F.C.Məmmədova göstərir ki, ermənilərin saxta mülahizələrinə görə guya 387-ci ilə qədər Albaniyanın cənub sərhəddi Kür çayı boyunca keçirmiş, sağ sahildəki Arsak, Uti, Paytakaran və digər Alban vilayətləri Ermənistana məxsus olub və 387-ci ildədən sonra Albaniyaya qatılıb. Bi ideya mxitarist M.Çamçyana məxsusdur və o, həmin mülahizəni hələ 1787-ci ildə irəli sürmüşdür. Sonralar həmin mülahizəni əsaslandırmaq üçün daha bir neçə cəhd göstərilmişdir [14, 106].


1963-cü ildə S.T.Yeremyan belə bir mülahizə irəli sürmüşdür ki, Paytakaran e.ə. II əsrdə erməni çarı I Artaşes tərəfindən işğal edilmiş, 338-ci ildək Ermənistanın tərkibində olmuş, yalnız bundan sonra Albaniyaya qaytarılmışdır. Kürün sağ sahilindəki Arsak və Uti vilayətləri isə lap əvvəldən ermənilərə məxsus olmuş, 387-ci ildən sonra Albaniyaya qaytarılmışdır. Digər fərziyyəyə görə, Arsak və Uti e.ə. I əsrdə II Tiqran tərəfindən işğal olunub Ermənistana qatılmış, 387-ci il müqaviləsinə görə iranlılar və romalılar arasında bölüşdürülmüşdür. Albaniyanın Arsak və Uti vilayətlərinin Ermənistanın vilayətləri olması və ya onun hakimiyyəti altında olması kimi mühakimə və fərziyyələr S.T.Yeremyan, K.B.Trever, A.Ş.Mnatsakanyan və B.Ulubabyana məxsusdur [14, 106-107]. Albaniyanın Kür-Araz ovalığının, o cümlədən də Qarabağ ərazisinin e.ə. II əsrdən miladi 387-ci ilə kimi, bəzən də 428-ci və ya 450-451-ci illərə kimi tarixdə mövcud olmayan, uydurma “Böyük Ermənistan”ın tərkibində olması cəfəngiyyatı əksər erməni tarixçilərinin tədqiqatlarının ana xəttini təşkil etməkdədir. Tədqiatçı F.C.Məmmədova yazılı mənbələri nəzərdən keçirərək bütün bunların tarixi həqiqətlər olmadığını faktlarla sübuta yetirmişdir [14, 105-133]. Yunan və Roma mənbələri sübut edir ki, II Tiqran Alban torpaqlarını işğal etməmişdir [14, 108; 19, 154]. F.C.Məmmədova onu da sübut etmişdir ki, ümumiyyətlə, tarixdə 387-ci il müqaviləsi olmamışdır və belə bir müqavilənin olması haqqında mənbələrdə heç bir məlumat yoxdur. Bu yalnız erməni tarixçilərinin əsərlərində yer almışdır və onların uydurmasıdır [14, 116]. Müasir Qarabağ ərazisi, Albaniyanın tarixi Arsak və Uti əyalətləri bütün tarixi dövründə Albaniyanın hüdudları daxilində olmuşdur. Bu torpaqlar Azərbaycan türklərinin tarixi-etnik torpaqları olmuş, Azərbaycan xalqının əcdadı burada minilliklər boyu maddi mədəniyyət yaratmış və onun daşıyıcıları olmuşlar.


Erkən ərəbdilli qaynaqların yaradıcılarından biri kimi xarkterizə olunan Əhməd əl-Bəlazurinin “Kitab füth əl-buldən” əsərində ərəb sərkərdəsi Salman ibn Rəbiyyə əl-Bəhilinin komandanlığı altında ərəb qoşunlarının xəlifə Osmanın əmri ilə Arrana yürüşü haqqında bəhs edərkən göstərir ki, Beyləqandan sonra Salman Bərdəyə gəldi, Tərtər çayı sahilində düşərgə saldı. Bərdə şəhərinə daxil olduqdan sonra, onun atlı qoşunları Arranın Sakasen, Meskean (Meskuenk), Uti, Mesiran (Mesaran-Məsəran), Xarxilyan (Xarcilan), Təbər (Tsri) və başqa vilayətlərini tutdu [20, 22-23; 11, 69]. Bu adları çəkilən vilayətlər ərəb işğallarından sonra ərəbdilli mənbələrdə adları çəkilən Qarabağ bölgəsinin mahalları idi.
Ərəb mənbələri (əl-Bəlazuri, əl-Yəqubi və s.) Arranın ərəblər tərəfindən işğal edilmiş vilayətlərindən əl-Miskuanın (Meskuenkin), əl-Məsiranın (Mesiranın), Utikin (Utinin) və başqalarının adlarını çəkirlər. Bunlardan əl-Miskuan K.V.Trever tərəfindən Qarabağın Ağdərə rayonu ərazisində yerləşdirilir və “albanların təpəli, meşəli diyarı” Meskuenklə, əl-Məsiran isə vaxtilə indiki Ağdam və Ağdərə ərazisinin bir hissəsini tutan alban vilayəti Mesaranla eyniləşdirilir [21, 78-79; 22, 29-30].


Beləliklə, Qarabağın müasir Bərdə, Tərtər rayonlarının ərazisi, Ağdərə, Kəlbəcər, Ağdam və Ağcabədi rayonlarının ərazisinin bir hissəsi tarixi Uti əyalətinin, həmin rayonların digər hissəsi, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın rayonlarının ərazisi, eləcə də Dağlıq Qarabağ ərazisi Arsak əyalətinin hüdudlarına daxil idi. Müasir Yevlax rayonunun Kür çayının sağ sahilində yerləşən və Bərdə rayonuna yaxın ərazisi də Utinin vilayətinin ərazisinə daxil olmuşdur.


İstiadə edilmiş ədəbiyyat:


1. Qarabağnamələr (3 kitabda), III kitab, (tərtibçi və son sözün müəllifi N.F.Axundovdur.) Bakı, Şərq-Qərb nəşriyyatı, 2006, 248 s.
2. Sədiyev Ş.M. Qarabağın mənası. // “Elm və Həyat” jurnalı, №3, Bakı 1963, s.15.
3. Mahmudov Y.M., Şükürov K.K. Qarabağ: real tarix, faktlar, sənədlər. Bakı, Təhsil nəşriyyatı, 2005, 380 s.
4. Qeybullayev Q.Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, 248 s.
5. Qeybullayev Q.Ə. Qarabağ (etnik və siyasi tarixinə dair) Bakı, Elm, 1990, 236 s.
6. Qarabağlı (Məmmədov) A.B. Qarabağ, onun qədim tayfaları və toponimləri. Bakı, Mütərcim nəşriyyatı, 2008, 480 s.
7. Piriyev V.Z. Azərbaycan XIII-XIV əsrlərdə. Bakı, Nurlan nəşriyyatı, 2003, 458 s.
8. Piriyev V.Z. Azərbaycanın tarixi-siyasi coğrafiyası, Bakı, “Müəllim” nəşriyyatı, 2006, 148 s.
9. Göyüşov R.B. Qarabağın keçmişinə səyahət. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1993. 83 s.
10. Гейбуллаев Г.А. Топонимия Азербайджана. Баку, Элм, 1986, 192 с.
11. Azərbaycan tarixi üzrə qaynaqlar (S.Əliyarov və Y.Mahmudovun redaktəsilə), Bakı, Azərbaycan Universiteti nəşriyyatı, 1989, 328 s.
12. Даврижеци Аракел. Книга истории. (перевод Л.А.Ханларяна), Москва, Наука, 1973, 410 с.
13. Yüzbaşov R.M., Əliyev K.H., Sədiyev Ş.M. Azərbaycanın coğrafi adları (oçerklər). Bakı, Maarif nəşriyyatı, 1972, 100 s.
14. Məmmədova F.C. Azərbaycanın (Albaniyanın) siyasi tarixi və tarixi coğrafiyası. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1993, 262 s.
15. Xaqani Ədəboğlu (Rzaquliyev) Unudulmuş Turanın çöl çiçəkləri. Bakı, Nurlan nəşriyyatı, 2006, 558 s.
16. Cəmşidov Ş.A. “Dədə Qorqud kitabı”nda coğrafi mühit. // Dədə Qorqud dünyası (Məqalələr), Bakı, Öndər nəşriyyatı, 2004, s.109-124.
17. Əliyev İ.H. Dağlıq Qarabağ: Tarix. Faktlar. Hadisələr. Bakı, Elm, 1989, 120 s.
18. Kalankatuklu M. Albaniya tarixi. Mxitar Qoş. Alban salnaməsi. (Müqəddimə, tərcümə, qeyd və şərhlər akademik Ziya Bünyadovundur.), Bakı, Elm, 1993, 270 s.
19. Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək), Z.M.Bünyadov və Y.B.Yusifovun redaktəsilə, I cild, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, 688 s.
20. İbn əl-Əsir. Əl-kamil fi-t-tarix. (Tərcümə Muxtar Əfəndizadənindir.) Bakı, Azərbayan SSR EA nəşriyyatı, 1959, 216 s.
21. Vəlixanlı N. M. Ərəb xilafəti və Azərbaycan. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1993, 157 s.
22. Bağırzadə C.V. Ağdərə IV – XIII əsrlərdə (tarixi-arxeoloji tədqiqat), Bakı, Elm və təhsil nəşriyyatı, 2014, 126 s.

Bu xəbəri paylaşın: