AVMVİB sədri Füzuli Rzaquliyevdən sərt bəyanat: “Sovet nostalgiyası ilə alışıb yananlar Azərbaycan şəhidlərinin ruhuna hörmətsizlik edirlər!”

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İmişli rayonunun Sarıxanlı kəndində baş verən və xalqımızın milli yaddaşı, azadlıq mübarizəsi və dövlətçilik prinsiplərinə zidd olan görüntülərlə bağlı kəskin mövqe bildirib.

Belə ki, 9 May – Qələbə Günü münasibətilə təşkil edilən tədbir zamanı bir qrup şəxs “Georgi lenti” taxmaqla kifayətlənməyib, sovet döyüşçülərinin xatirəsinə ucaldılmış abidə önündə SSRİ bayrağını açaraq, sovet imperiyasının rəmzləri altında “Den Pobedy” (“Qələbə günü”) mahnısını səsləndirmişlər. Həmin tədbirdə emosional notlarla çıxış edən İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun rus imperiyasının simvolları altında danışması və SSRİ bayrağı qarşısında sovet idarəçiliyinə nostalji dolu sözlər deməsi, təkcə siyasi savadsızlıq deyil, həm də xalqımıza, şəhidlərimizə və suverenliyimizə qarşı sayğısızlıqdır.

AVMVİB-in sədri Füzuli Rzaquliyev məsələ ilə bağlı qəti və prinsipial mövqe ortaya qoyan bəyanat vermişdir. Bəyanatda deyilir:

“Əlini minlərlə azərbaycanlının qanına bulaşdırmış sovet rejiminin cəlladlarını bu gün ehtiramla xatırlamaq, 20 Yanvar qırğınını, repressiyaları, milli kimliyimizə vurulan zərbələri unutmaq deməkdir. Bu, 1990-cı ilin qanlı yanvar gecəsində şəhid olan 147 günahsız insanın ruhuna, eləcə də Vətən müharibəsində canından keçən igid oğullarımıza qarşı hörmətsizlikdir. Biz bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun yazdığı şanlı Zəfəri qeyd edərkən, kimlərinsə sovet bayrağı altında keçmiş imperiyanı diriltmək istəyi xalqımıza qarşı mənəvi təxribatdan başqa bir şey deyil. Bu davranış nə vətənpərvərlikdir, nə ağsaqqallıq nümunəsidir, nə də xalqımızın qan yaddaşına sığışan hərəkətdir. Biz – Azərbaycan veteranları belə əməllərə qarşı sərt ictimai qınaq tələb edir, aidiyyəti dövlət qurumlarını bu məsələni diqqətlə araşdırmağa çağırırıq.”

AVMVİB sədri həmçinin qeyd edib ki, xalqın qəhrəmanlıq salnaməsini yazan şəhidlərimizin ruhuna sayğı göstərmək, onların mübarizəsini yaşatmaq, Azərbaycan Ordusunun və dövlətçiliyimizin yanında olmaq hər bir vətəndaşın borcudur. Tarixi unutmaq, düşmənə məxsus rəmzləri təbliğ etmək isə təkcə siyasi yox, mənəvi cinayətdir.

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: