Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Qusar rayon şöbəsində təşkilatlanma prosesi son günlərdə daha da intensiv xarakter almışdır. Belə ki, təşkilata üzv olmaq üçün şöbəyə müraciət edən vətəndaşların sayı durmadan artır, bu da Qusar rayonunda vətənpərvərlik ruhunun və veteranlara olan dəstək hissinin yüksək səviyyədə olduğunu göstərir.
AVMVİB-in Qusar rayon şöbəsinin təşkilati məsələlər üzrə sədr müavini Arif müəllimin verdiyi məlumata görə, son günlər ərzində şöbəyə yeni üzvlərin qəbulu ilə bağlı müraciətlərin sayı əhəmiyyətli dərəcədə artıb. Onun sözlərinə görə, müraciətlər əsasən, müharibə veteranları, qazilər və Vətən qarşısında xidmətləri olan şəxslər tərəfindən edilir.
«Bizim əsas məqsədimiz təkcə təşkilati işi gücləndirmək deyil, eyni zamanda müharibə veteranlarının, qazilərin və onların ailə üzvlərinin hüquqlarını müdafiə etmək, sosial rifahlarını təmin etmək və onların cəmiyyətə fəal inteqrasiyasına kömək göstərməkdir», – deyə Arif müəllim «Fedai.az-a bildirib.
Hazırda şöbədə yeni üzvlərin qeydiyyatı ilə yanaşı, müxtəlif sosial layihələr, hüquqi məsləhətlər və psixoloji dəstək proqramları üzərində də işlər aparılır. Veteranlara və onların ailələrinə yönəlik bu təşəbbüslər rayon ictimaiyyəti tərəfindən də böyük rəğbətlə qarşılanır.
Qeyd edək ki, AVMVİB-in Qusar rayon şöbəsi fəaliyyətə başladığı gündən etibarən şəffaflıq, sosial məsuliyyət və milli-mənəvi dəyərlərin qorunması prinsipləri ilə fəaliyyət göstərir. Şöbə rəhbərliyi yaxın zamanlarda daha geniş miqyaslı tədbirlər keçirməyi və yeni sosial təşəbbüslərlə çıxış etməyi planlaşdırır.
AVMVİB-in Mətbuat xidməti



