Laçının işğal tarixi kimi xatırladığımız 18 May indi özü bir tarix oldu!

18 may 1992-ci il Azərbaycan tarixində ən ağrılı günlərdən biri kimi yadda qalmışdır. Həmin gün Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın strateji əhəmiyyətə malik bölgələrindən olan Laçın rayonu işğal edilmişdir, kəndləri, zəngin təbiəti, mədəni irsi və coğrafi mövqeyi ilə seçilən Laçın rayonunun işğalı, təkcə ərazi itkisi deyil, həm də minlərlə azərbaycanlının öz yurdundan didərgin düşməsi, dərin humanitar və psixoloji travmalar demək idi. Bu işğal nəticəsində minlərlə insan doğma ev-eşiyini tərk etməyə məcbur qaldı, rayonun təbii sərvətləri və tarixi-mədəni abidələri erməni vandalları tərəfindən talan edildi və dağıdıldı. Ancaq zaman dəyişdi. Azərbaycan xalqı öz milli iradəsi, birliyi və əzmi ilə tarixə yön verə bildi.

2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq nəticəsində 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanıldı. Bu Zəfər nəticəsində işğal altında olan bir çox torpaqlarımız kimi, Laçın rayonunun da azad olunması tarixi reallığa çevrildi. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən, Laçın rayonu 1 dekabr 2020-ci ildə bir güllə atılmadan Azərbaycanın nəzarətinə qaytarıldı. Daha sonra isə, 2022-ci ilin avqust ayında Laçın şəhəri və ətraf kəndlər tam şəkildə Azərbaycanın nəzarətinə keçdi. Bu, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, ordu quruculuğu sahəsində atdığı məqsədyönlü addımlar və xalq-iqtidar birliyinin bariz nəticəsidir.

Bu gün biz artıq azad Laçındayıq! Bu gün Laçın rayonunda üçrəngli bayrağımız dalğalanır, quruculuq və bərpa işləri geniş vüsət alır. Dövlətimizin başçısının diqqət və qayğısı ilə Laçında müasir infrastruktur yaradılır, sakinlərin doğma torpaqlarına qayıdışı təmin olunur. Bu, yalnız Laçının deyil, bütün Azərbaycanın dirçəlişidir. 18 may tarixini biz artıq təkcə işğalın deyil, həm də qürurlu dönüşün başlanğıcı kimi xatırlayırıq. Bu gün Laçın şəhidlərinin ruhu şaddır, çünki onların uğrunda can verdiyi torpaqlar artıq azaddır. Biz bu gün tarixi ədalətin bərpasını yaşayırıq və əminliklə deyirik: Laçın Azərbaycandır!

Bu xəbəri paylaşın: