Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Naxçıvan Muxtar Respublikası təşkilatının təşəbbüsü ilə Naxçıvan şəhərində “18 May Sədərək şəhidləri”nin əziz xatirəsinə həsr olunmuş anım günü tədbiri keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin xatirəsini ehtiramla yad etmək, onların şücaətini gənc nəslə aşılamaq və vətənpərvərlik ruhunu gücləndirmək olub. Anım mərasimi şəhidlərin əziz ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən AVMVİB Naxçıvan MR təşkilatının sədri Rövşən İsmayılxanlı 1990-cı illərin əvvəllərində baş verən Sədərək döyüşlərinin tarixi əhəmiyyətindən danışaraq bildirib ki, bu döyüşlər Azərbaycan xalqının milli azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin simvoluna çevrilib. O qeyd edib ki, şəhidlərin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq və onların göstərdiyi qəhrəmanlıq gələcək nəsillərə nümunə olacaq.
Tədbirdə həmçinin AVMVİB üzvləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və gənclər iştirak edib. Çıxışçılar Sədərək döyüşlərində şəhid olmuş qəhrəmanların vətənpərvərliyindən, onların keçdiyi şərəfli döyüş yolundan danışıblar.
AVMVİB-in Mətbuat xidməti



