
Elbariz Məmmədli
Barıt qoxulu şeirlər…
Ay Şuşam
Bağışla, gözlətdim səni,
Gəldim, ay Şuşam, ay Şuşam.
Həsrəti yaşamadım ki,
Öldüm ay Şuşam, ay Şuşam.
Düşmədim dərdin dağından,
Asıldım yolun ağından,
Gözümdən yaş yerinə , qan,
Sildim, ay Şuşam, ay Şuşam.
Duymadım, cahan nə imiş,
İçi dolu fitnə imiş,
Bir məkri də sənə imiş,
Bildim, ay Şuşam, ay Şuşam.
Sən ruhumun şah zirvəsi,
Könlümün avazı, səsi,
Gəldi azadlıq müjdəsi,
Güldüm, ay Şuşam, ay Şuşam…

*****
ÇOXU ELƏ BİLİR…
Çoxu elə bilir, asandı dava,
Çoxu elə bilir qan ucuzlaşıb.
Hərənin dilindən bir avaz gəlir,
Hünər ucuzlaşıb, can ucuzlaşıb.
Orda hər döyüşün min qadası var,
Yollardan həsrəti dərir, ogullar.
Vətənin bağrına dəyməsin, deyə,
Köksünü gülləyə verir oğullar.
Burda oturmuşuq, isti odada,
Könlümüz oxşayır, qızıl payızı.
Orda rahatlığın adı xəyalda,
Qayalar əsgərin daş çarpayısı.
Elə bir şər ilə üz-üzəyik ki,
Hər yanda oxşarı, havadarı var.
Hərdən üstümüzə sərib, qoruyur,
Yaxşı ki, Tanrının qanadları var.
Gör, neçə illərlə çəkdik həsrəti,
Hara əl uzatdıq, əlimiz yandı.
Birinə dost dedik, birinə dindaş,
Kaş ki, deməyəydik, dilimiz yandı.
Biri tülkü deyir, digəri dovşan,
Düz deyin, düşmənin öz ünvanı var.
Hər daşın altında neçə «niyyət»i,
Hər daşın altında neçə «can»ı var.

Düşmənin böyüyü, kiçiyi olmaz,
Qəsdinə durubsa, yağı yağıdı.
Yüz illər hər kəsə inanmağımız,
Bu gün bu millətin sinə dağıdı.
Gərək unutmayaq, gərək susmayaq,
Bu millət sevərək, haqdan var olub.
Dünyada nə qədər güc mərkəzi var,
Hamısı qan üstə bərqərar olub.
Asan görünməsin, savaş kimsəyə,
Hər qarış torpaqda qanımız bitib.
Çoxu elə bilir asandı, dava,
Elə bil çoxunun yaddaşı itib.

******
Hamı döşünə döyməsin,
kasıb ocaqlarından asılan
bayraqlar,uddu davanı.
Yalın-yalavac böyüyən,
bir qarnı ac böyüyən
uşaqlar,uddu davanı.
Avtomat əvəzinə
taxta parçasını köksünə sıxıb,
«dava- dava» oynayan
qoçaqlar,uddu davanı.

******
ORALARDA NƏ VAR, NƏ YOX, İGİDİM?
Zirvələrdə yenə soyuqlar düşüb,
Əlçatmazda qar üstünə qar düşüb,
Meşələrdə gizlənən son bar, düşüb,
Oralarda nə var, nə yox, igidim?
Neyniyək ki, əl tətikdən çəkilib,
Zoru görüb, namərd dikdən çəkilib,
Uralayıb, gözəllikdən çəkilib,
Uralarda nə var, nə yox, igidim?
Sən zamanın ağ ümidli atlısı,
Haqqımızın xilaskar qanadlısı,
Yağılardı qara günün adlısı,
Qaralarda nə var, nə yox, igidim?
Böyümüşdü dığaların lovğası,
Səhər-axşam dərd verirdi, qovğası,
İndi qalıb aralıqda sovxası,
Aralarda nə var, nə yox, igidim?
Hələ dərdi bitməyib, o yerlərin,
Üstü bağlı müəmmalı sirlərin,
Sırasını möhkəm tutun ərlərin,
Sıralarda nə var, nə yox, igidim?

******
HƏLƏ…
Hələ görüləsi çox işimiz var,
Hələ keçdiyimiz yollar, yarıdı.
Hamının qəlbində yara bağlayan,
Vətənin həsrətli uzaqlarıdı.
Hamı əsgər kimi olsun, ayaqda,
Yağı qapıdadır, hələ qapıda.
Sabahkı savaşın ayaq səsidi,
Düşmənin evinin tap-tarapı da.
Orda — ucqarlarda xilaskar əsgər,
Bir üzü payızda, bir üzü qışda.
Hələ daşlarının qanını yuyur,
Yağıdan qurtulan dağlar, yağışda.
Hələ sovuşmayıb ölüm qorxusu,
Köksünü vüsala açan yurdların.
Gərək ruhumuzla qaldırıb qoyaq,
Daşını daş üstə, uçan yurdların.
Bir vaxt könlümüzdən keçib gedirdi,
Elə qırılıb ki, yollar, yarıda.
Çəkək canımıza ağrılarını,
Ovunsun, Vətənin uzaqları da.
Hələ Qarabağın dərdi bitməyib,
Ocaq qarışdırır, yeni maşalar.
Bilmirik, nə oyun oynayacaqlar,
Üzdə neytrallar, dalda qoşalar.
Çox üzlər gizlənib, astarın altda,
Bax, bunun tərsini öyrənməliyik.
Ana Vətən üçün təkcə ölmək yox,
Öldürmək dərsini öyrənməliyik.
Kimsə bu dünyadan aman ummasın,
Gördük istəyini, etibarını.
Yüz illər könlünü söykədiyi də,
Sındırdı bu xalqın arzularını.
Hələ görüləsi çox işimiz var,
Yollarda illərin günahı durur,
Bu qırılan yolun o tərəfində,
Böyük bir millətin sabahı durur.

******
ŞƏHİDİM
Hər kəs bir cür oxşayır,
Sevir, ovudur səni,
Çoxları göz yaşıyla,
Qəhər tək udur səni;
Şəhidim.
Biganələr duyammaz,
Ruhu heç vaxt oyanmaz,
Nadan cəcdə dayanmaz,
Axı, unudur, səni;
Şəhidim.
Axan qanın çiçəkdi,
Torpağa qeyrət əkdi,
Min il göyərəcəkdir,
Bax, sevgin budur, sənin;
Şəhidim.
Çaxıb getdin şimşək tək,
Ömrün isti külək tək,
Nə yaxşıdı, mələk tək,
Tanrı bərk tutur,səni;
Şəhidim.

******
ÖLMƏDİK
Yurdlarda unudulub bağlı qalan
vəfalı itlər öldü,
yüyənini yad əllərə verməyən
atlar öldü,
yağmalanıb oda qalanan
şəhərlər, kəndlər öldü,
şirin qayğıya həsrət
meşələr, bağlar öldü,
yad səslərdən diksinən
bulaqlar öldü…Amma
biz ölmədik.
İçimizdəki dərdi ocaqlara çiləyə- çiləyə
sabahlara yürüdük.
Çadır evlərin yaxasından
yurdların əksini asıbhər
gün xəyalımızda
doğma uzaqlara yürüdük.
Ölmədik,son savaşın əsgəri kimi…
Sancdıq qınında pas tutan qılıncları
şeytan yuvalarının ürəyinə,
daşlara lalə şəkli çəkdik
şəhid qanıyla
və bir səhər oyandıq
həsrətini çilikləyib divarlara çırpmış
Şuşa ünvanıyla.
Təzədən başladı həyat…
