Bu payız ləngidi, yağan yağışlar…

Elbariz Məmmədli

Bu payız ləngidi, yağan yağışlar

KƏLBƏCƏR

Axır ki, əlinə yetdi əlimiz,
Salam, həsrət yüküm, salam Kəlbəcər.
Sənin həsrətinlə nələri çəkdik,
Qürurum Kəlbəcər, qalam Kəlbəcər.

Əridi həsrətdə, bir igid ömrü,
Sənsiz neynəyirdik bu, gidi ömrü,
Gəldin, qovğaları səngidi, ömrün,
Hər gün gözlərimdə dolan, Kəlbəcər.

Könüldə o qədər agrın,acın var,
Bilirəm, sənin də dərddən tacın var,
Şirin nəvazişə ehtiyacın var,
Övladım Kəlbəcər, balam Kəlbəcər.

Bu neçə illərdə nələr yaşadıq,
Arzusu, duyğusu mələr, yaşadıq,
Hər gün neçə kərə ölər yaşadıq,
Öldükcə yad əldə, talan Kəlbəcər.

Getdi, sinəndəki son yağı, getdi,
Getdi «İstisu»dan növrağı, getdi,
Taladı sonuncu yarpağı, getdi,
Təki gülsün üzün, qalan Kəlbəcər.

Hələ köksündədir, Ağdaban dağı,
Bir divan dağıdar bu, divan dağı,
Şəmşirin , Bəhmənin duyğu yarpağı,
Hər gün qadasını alan, Kəlbəcər.

Gəlirik, yolları aç, üzümüzə,
Çilənib sevinclər, köç üzümüzə,
Dünya da dirənsə heç, üzümüzə,
Qoymarıq ta səni nalan, Kəlbəcər.

QALIB


Siz elə bilməyin, bitib bu dava,
Hələ çox bəlanın divanı qalıb.
Budanan meşənin, odlanan evin,
Sökülən qalanın divanı qalıb.

Bir dünya dərd olub, torpaq çəkdiyi,
Hər gün bir bəlaya yurdun səkdiyi,
O nəmərd əllərin mərmi əkdiyi,
Yaralı talanın divanı qalıb.

Bu yurd binələnib, ər sak adıyla,
İşi yox , hayların sarsaq adıyla,
Bütün yer üzünə Arsax adıyla,
Deyilən yalanın divanı qalıb.

Bir kimsə yananda duymadı səsin,
Gərək yer ağlasın, torpaq titrəsin,
Ömrü köçkünlükdə bitən hər kəsin,
Dərdə mübtəlanın divanı qalıb.

Bu millət nə dava , nə qan istəyib,
Tanrıdan eşqinə məqam istəyib,
Hamı ağrısına divan istəyib,
Bizlərə olanın divanı qalıb.

Gəldi , ocaq verdik, dəyişdi çulun,
Dəyişdi adını cığırın, yolun,
Bu ruhu murdarın, əxlaqı qulun,
Bu özgə palanın divanı qalıb.

Dünya necə susdu, bu qanlı şəklə,
Gərək məhvərindən çıxa, sökülə,
Ruhu Xocalıda dara çəkilən,
Gör, neçə balanın divanı qalıb.

Qaçmasın divandan, ruhu səmələr,
Haqq tək tanınmasın, yalan demələr,
Qurulsun, qurulsun o məhkəmələr,
Yüz illik bir qanın divanı qalıb.

YENİDƏN QURARIQ…

Ruhunuzu diri saxlayın,
duyğunuzu duru saxlayın,
son savaşın verdiyi o qüruru saxlayın…
Hələ görüləsi çox işimiz var.
Sizi ağrıtmasın sökülən evlər,
könlünüzü üşütməsinbudanan bağlar,
içinizə dərd əkməsin,
Ağdamın yaddaşlarda muzeyləşən,
qələbəli çay evi,
Zəngilanın budanmış çinar meşələri,
Şuşanın daşları oynamış qala divarları,
Laçının ayağındakı yad addım səsləri,
Xan evinə yığılan əxlaq şikəstləri,
Cəbrayılın, Füzulinin, Qubadlının olum- ölüm əndişələri,
Kəlbəcərin tapdaqda qalan bənövşələri…
Bir gül bitirərik oda qalanmış yurdların
torpaqlaşan külündə,
mamır basmış qayalara
adını yazarıq şəhidlərin.

Silərik bu torpaqlardan son izini,
o yurdları yağmalamış quduz itlərin.
«Uvertura» sədaları altında
savaşa toparlandığımız kimi,
toparlanıb üzü

Qarabağa tərəf bir yürüşə çıxarıq.
Sinəmizdə yük olan,
amma xatirəsi böyük olan o dərdləri yıxarıq,
təzədən quracağımız obalarda.
Kötükləşmiş meşələrin son dərdini
yandırıb sobalarda…
Sinəmizdə daşlaşmış sevgi heykəllərinə can verib
Səpələyərik Qarabağ boyunca.
Bulaqların üşüyən ürəyindən öpüb doyunca
yenidən qurarıq, hər şeyi
növbəti zəfərin qalası kimi…

BU PAYIZ

Bu payız ləngidi, yağan yağışlar,
Ümidlər yollara əkildi, deyə.
Bu payız səmadan ulduz axmadı,
Şəhidlər göylərə çəkildi, deyə.

Bu payız torpağın rəngi dəyişdi,
Çimdi son çiçəklər şəhid qanında.
Bu payız göylərə tən oldu millət,
Vətənin sonuncu imtahanında.

Elə ürəyimiz səksəkədəydi,
Nə qədər yaşayar ürək, can belə,
Hər gün xəyalımız gəzib, gəlirdi,
Kəlbəcərdən belə, Şuşadan belə.

Çoxumuz çıxmırdıq, adam içinə,
Sükut bürümüşdü, el arasını,
Elə dolanırdıq, ölü ruh kimi,
Ağlayan yoxuydu, ruhun yasını.

Bu payız dəyişdi, ruhun ovqatı,
Tanrının əlinə yetdi əlimiz,
Bəlkə də min illər oxunacaqdır,
Bizim son işimiz, son əməlimiz.

Yağının bağrını elə yardı ki,
Cahanı titrətdi, qurd ağızlılar.
Hilallı bayrağı göylərə çəkən,
Vətən sevdalılar, yurd ağızlılar.

Bu payız milyonlar bir yumruq oldu,
Bu savaş hamının qeyrət işiydi.
Bu payız lallığa uymuş dənizin,
Dünyaya dalğalı nümayişiydi.

Fəqət, bu davalar hələ bitməyib.
Hamı bir könüldə gərək, can olsun.
Bu gün igidlərin yazdığı tarix,
Zəfərli sabaha ərmağan olsun.

Təqdim etdi: Allahverdi Gündoğdu

Bu xəbəri paylaşın: