31 Mart Azərbaycanlıların Soyqırımı Günü tarixi yaddaşımızın unudulmayan faciəsidir

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi olaraq hesab edirik ki, 1918-ci ilin mart hadisələri zamanı azərbaycanlılara qarşı həyata keçirilmiş kütləvi qırğınlar bəşəriyyətə qarşı yönəlmiş ağır cinayətlərdir. Xüsusilə Qubada və digər rayonlarımızda törədilmiş kütləvi qırğınlar insanlığa qarşı həyata keçirilmiş amansız qətllər kimi qiymətləndirilməlidir. Dinc əhaliyə qarşı yönəlmiş bu vəhşiliklər nəticəsində minlərlə günahsız insan yalnız milli mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, xalqımız böyük faciələrlə üz-üzə qalmışdır.

Bu gün bizim əsas vəzifəmiz həmin qanlı hadisələrin tarixi həqiqətlərini daim yaşatmaq, gənc nəslə doğru şəkildə çatdırmaq və şəhid olmuş soydaşlarımızın xatirəsini ehtiramla yad etməkdir. Tarixi unutmaq yeni təhlükələrə yol aça bilər. Tarixi yaddaşı qorumaq isə milli birliyimizin, vətənpərvərlik ruhumuzun və dövlətçilik mövqeyimizin daha da möhkəmlənməsinə xidmət edir.

Ulu öndər Heydər Əliyevin bu məsələyə verdiyi hüquqi-siyasi qiymət xalqımızın tarixi yaddaşının bərpasında mühüm rol oynamışdır. Məhz onun təşəbbüsü ilə 26 mart 1998-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı imzalanmış, 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bu mühüm sənəd xalqımıza qarşı törədilmiş qətliamların mahiyyətinin dövlət səviyyəsində açıqlanması, onlara hüquqi qiymət verilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından müstəsna əhəmiyyət daşıyır. Bu gün də həmin siyasi xətt uğurla davam etdirilir, xalqımıza qarşı törədilmiş soyqırımı cinayətlərinin unudulmaması və gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl iş aparılır.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi 31 Mart faciəsi qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edir, xalqımıza qarşı törədilmiş bu soyqırımı aktını qətiyyətlə pisləyir. İnanırıq ki, tarixi həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılması, bu cinayətlərə siyasi və hüquqi qiymətin verilməsi istiqamətində ardıcıl fəaliyyət davam etdirilməlidir.

Allah bütün günahsız qurbanlarımıza rəhmət eləsin.

Allah bütün günahsız qurbanlarımıza rəhmət eləsin.

Füzili Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri

Bu xəbəri paylaşın: