Xankəndidəki erməni separatçıları növbəti dəfə əsl simasını nümayiş etdirdilər. Ermənilərin təxribat qrupu Xankəndidən Şuşaya gedən sonuncu su kəmərini partlatdı.
Bu barədə Axar.az-a rusiyalı hərbi ekspert Oleq Kuznetsov Rusiya sülhməramlıları içindəki mənbələrinə istinadən xəbər verib.
Məlum olduğu kimi, dünən Rusiyada “Sülhməramlı günü” qeyd edilirdi. Bu tarixdən istifadə edən Xankəndinin qondarma “meriyası” Rusiya sülhməramlılarının şərəfinə tədbir təşkil edib. Xüsusilə, şəhərin “meri” Rusiyanın Sülhməramlı Qüvvələri komandanının müavini ilə ünsiyyətdə olub, ona dəyərli hədiyyələr də verib.
“Bundan sonra, təbii ki, Rusiya sülhməramlıları arxayınlaşıb, öz döyüş vəzifələrində lazımi sayıqlığı göstərməyib və bunun nəticəsində ermənilərin təxribat qrupu Xankəndidən Şuşaya aparan su kəmərini partladıb. Şəhər susuz qalıb. Bununla ermənilər Rusiya sülhməramlılarına böyük mənəvi zərbə vurdu”, — deyə Kuznetsov deyib.
Onun sözlərinə görə, bu, Rusiya sülhməramlıları üçün çox ciddi praktiki və mənəvi dərsdir:
“Onlar bundan sonra başa düşməlidilər ki, erməninin yanında rahatlanmaq olmaz. Onlar düşünməməlidirlər ki, ermənilər onların dostlarıdır, guya onlar erməniləri azərbaycanlılardan müdafiə edirlər.
Sülhməramlılar nəzarət etdikləri ərazidə sülhü və əmin-amanlığı dəstəkləyirlər. Bu sülh və qanun-qaydanı, ilk növbədə, azərbaycanlılar deyil, ermənilər pozacaq, ötən gecə olduğu kimi. Rusiya sülhməramlılarının arxayınlaşmasından istifadə edəcək ermənilər Azərbaycanın Qarabağ regionunun azad edilmiş ərazilərinə maksimum iqtisadi ziyan vurmaq niyyətindədirlər. Onlar bunu yalnız ona görə edə biliblər ki, Rusiya sülhməramlıları ermənilərin nizam-intizamına inanıblar. Ermənilərin hiylələrinə qarşı döyüş hazırlığının səviyyəsini aşağı salaraq, sülhməramlı missiyanın protokolunun tələblərini yüz faiz yerinə yetirməkdən imtina edərək, öz peşə bayramlarını qeyd etmək qərarına gəliblər. Düşünürəm ki, Rusiyanın siyasi rəhbərliyi müvafiq nəticələr çıxarmalıdır. Düşünürəm ki, bu, yalnız sülhməramlı missiyanın miqyasındakı ciddi insident deyil, həm də Rusiya Sülhməramlıları Komandanlığının tabeliyində olanların fəaliyyətinə düzəlişi üçün ciddi əsasdır”, — deyə ekspert qeyd edib.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb.
Bu barədə «Azərsu» ASC xəbər verir.
Məlumatda deyilir ki, dövlət başçısının xüsusi tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşada həyat əhəmiyyətli infrastrukturların, o cümlədən içməli su təchizatı sistemlərinin bərpası işləri həyata keçirilir. Bununla əlaqədar “Azərsu”yun mütəxəssislərindən ibarət qrup Şuşa şəhərinə və işğaldan azad olunmuş digər rayonlara ezam olunub. Mütəxəssislər su mənbələri, magistral xətlər, anbarlar və paylayıcı şəbəkələrin mövcud vəziyyətini araşdırıb.
Şuşa şəhəri işğaldan azad olunduqdan sonra şəhərə içməli suyun verilməsi tam dayanıb. Belə ki, düşmən tərəf şəhəri tərk edərkən Şuşanı içməli su ilə təmin edən magistral su kəmərini də sıradan çıxarıb. Yaranmış içməli su probleminin həlli məqsədilə mütəxəssislər Şuşada araşdırmaya başlayıb.
İlkin olaraq Daşaltı kəndinin içməli su təchizatı sistemi araşdırılıb. Aparılan təftiş işləri nəticəsində su təchizatı sismində baş vermiş qəzalar aradan qaldırılıb və noyabrın 12-də kəndə suyun verilişi təmin edilib. Eyni zamanda, Şuşa şəhərini müvəqqəti olaraq maşına su ilə təmin etmək üçün Daşaltı kəndində sudoldurucu məntəqə yaradılıb.
Bununla paralel Müdafiə Nazirliyinin müvafiq bölmələri ilə birgə təhlükəsizlik tədbirləri görülməklə diametri 325 mm olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin texniki vəziyyəti təftiş olunub. Məlum olub ki, hərbi əməliyyatlar zamanı mərmi partlayışları nəticəsində şəhəri içməli su ilə təmin edən 9,4 km uzunluğunda polad borulardan ibarət magistral su kəməri üzərində 12 nöqtədə böyük qəzalar var. Qəzaların qısa müddətdə aradan qaldırılması üçün lazım olan texniki avadanlıq və mal-material tələbatı müəyyən edilib, həmçinin “Azərsu” ASC tərəfindən əlavə mühəndis-mütəxəssis heyəti, qəza-bərpa briqadası Şuşa şəhərinə ezam edilib.
Qəza-bərpa işlərinə cəlb olunmuş texnikanın maneəsiz hərəkəti üçün kəmərin marşrutu boyu mümkün olan yerlərdə istismar yolu salınıb, texnikaların hərəkətinin mümkün olmadığı yerlərə isə mal-materiallar əllə daşınaraq təmir işlərinə başlanılıb. Mürəkkəb relyefli ərazidə, meşə və dağ şəraitində magistral su kəmərinin qəzalı hissələri təmir edilib və noyabrın 25-də Şuşa şəhərinə suyun verilişi təmin olunub.
Şuşaya ezam edilmiş “Azərsu”yun Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadur Kəngərli şəhərdə görülən işlər barədə məlumat verərək bildirib ki, hazırda mərmi partlayışları səbəbindən Şuşa şəhərinin daxili paylayıcı şəbəkəsinin qəzalı vəziyyətə düşmüş hissələri hazırda təmir edilir, şəbəkədə hidravliki tənzimləmə işləri aparılır. Görülmüş işlər nəticəsində şəhərin böyük bir hissəsi içməli su ilə təmin olunub. Relyef baxımından yüksəklikdə yerləşən əraziləri su ilə təmin edən nasosları işə salmaq üçün isə anbar kompleksində generator quraşdırılacaq.
Ötən müddətdə magistral kəmərin təmiri ilə yanaşı, Kiçik Kirs dağının ətəyində dəniz səviyyəsindən 1 580 m yüksəklikdə yerləşən suqəbuledici qurğuda da müvafiq işlər görülüb və mənbədən şəhərə verilən suyun həcmi artırılıb.
Şuşa şəhərini içməli su ilə təmin edən digər mənbənin və magistral kəmərin bərpası istiqamətində tədbirlərin görülməsi də nəzərdə tutulur.