
NURLAN Məmmədli
Veteran.az saytının redaktoru
Zoom edib onun çöhrəsinə baxın...
Zoom edib onun çöhrəsinə daha diqqətlə baxın. Bu, Oğuz rayon Xaçmaz kəndindən şəhid olmuş Təbrizin atası İldırım Əbdürrəhimovdur. Müharibə bitəndən sonra oğlundan xəbər ala bilmədiyi üçün onu axtarmağa başlayıb. Bu gün oğlunun şəhid olması xəbərini alan bu atanın cəmi 47 yaşı var.
Axtatışda olduğu iki həftə ərzində bu ata iki ömür daha qocaldı. İşartısı sönmüş baxışları, saqqal basmış üzü, ağır dərdin bükmək istədiyi qürurlu duruşu və daxilindəki təlatümlərlə qarşısındakını narahat etməmək üçün həyəcanını gizlətməyə çalışan titrək əlləri Sizə onun şəhid atası olduğunu demirmi?
Siz heç boynunun yoğunluğundan sağa baxa bilməyən, pulunun bolluğundan matəm günü əyləncələr düzəldən, harınlığından və azğınlığından insanlara yuxarıdan baxan şəhid atası gördünüzmü?
Şəhid ataları bir-birinə çox bənzərlər çünki. Azərbaycanın var olduğu tarixin ən qədim səhifələrindən indiyədək bu torpaqları bizim üçün qoruyub çatdıran şəhid ataları məhz belə olmuşlar. Təvazökar. Dərdini için-için çəkən. Ümid və arzularından bir şey qalmasa da heç vaxt qürurunu sındırmayan və yaşadıqlarını yalnız öz çiyinlərinə yükləyib dərdləri ilə baş-başa qalan, ömrünün sonuna qədər döyünən ürəyinin hər çırpıntısında oğul həsrəti canını acıdan…
Amma sınmayan. Amma çökməyən. Peşman olmayan. Dərd təcəssümü olsa da heç vaxt dərdə təslim olmayan. Çünki bu ata elə XALQIN özüdür. Dünya durduqca var olacaq Azərbaycandır.
Başı dərdlər çəksə də, adı yaman dillərə düşsə də, nəhs aylara, nəhs illərə rast gəlsə də, yaşı bilinməyən bu qoca dövlətin nəsillərdən-nəsillərə ötürülən qürurlu şəklidir bu ata. Vətən nədir deyə soruşulduqda, tərəddüd etmədən cavab olaraq göstəriləcək şəkildir bu.
Hər şeyi ilə Vətəndir bu ata…

