Səfərbərliyə alınan hərbşilər tərxis olunur. Şəhid və qazi ailələrinə nə qədər təqaüd veriləcək?

Azərbaycanın bütövlüyü uğrunda şəhid olanların ailələrinə və qazi statusu almış hərbçilər üçün maddi və psixoloji güzəştlər nəzərdə tutulub.

Bu yardım təqaüd şəklində həyata keçiriləcək.

Belə ki, şəhid ailəsi üçün təqaüdlərin məbləği 300 manat, müharibə səbəbindən əlilliyi olan şəxslər üçün təqaüdlərin məbləği 1, 2 və 3-cü dərəcəyə uyğun olaraq, 250, 230 və 210 manat təşkil edir.

Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində psixoloji dəstək mərkəzi də fəaliyyətə başlayıb. Bu dəstək müharibə zonasındakı vətəndaşlar, müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri və yaralanmış vətəndaşlar üçün dövlət hesabına təmin ediləcək. Sosial Xidmət Agentliyi tərəfindən «Qaynar xətt» (050 406- 75- 85) yaradılıb. Psixoloji yardıma ehtiyacı olan şəxslər bu nömrəyə zəng etməklə dövlət vəsaiti hesabına həyata keçirilən dəstəkdən yararlana bilərlər.

Həmçinin səfərbərliyə alınmış şəxslər dekabrın 2-dən hərbi xidmətdən tərxis edilir. Prezident bu haqda Sərəncam imzalayıb.

Bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış aşağıdakı kateqoriyadan olan hərbi qulluqçular 2020-ci il dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilsinlər:

1.1. üç və ya daha çox uşağı olan;

1.2. himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan;

1.3. himayəsində yetkinlik yaşına çatmayan bacısı və ya qardaşı olan;

1.4. ailənin tək övladı olan;

1.5. ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş;

1.6. döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan;

1.7. yaxın qohumları Ermənistan Respublikasının hərbi təxribatları və Azərbaycan Respublikasının ərazilərini atəşə tutması nəticəsində həlak olmuş;

1.8. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində, eləcə də onların filiallarında, Azərbaycan Milli Elmlər Akademiyasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda nəzərdə tutulmuş digər elmi təşkilatlarda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alan.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bu xəbəri paylaşın: