Qondarma Dağlıq Qarabağ Respublikasında (“DQR”) rus dilinə dövlət dili statusu verilə bilər.
Artıq “DQR”in “parlamenti” bu barədə qanun layihəsi hazırlayır. Layihəyə görə, rus dili “DQR”də ikinci dövlət dili hesab ediləcək.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu addımı alqışladıqlarını deyib. Rusiya hakimiyyəti, Qarabağdakı rus dilinə ikinci dövlət dili statusunun verilməsini alqışlayır. “MK” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, rus dilindən Qarabağda, o cümlədən Azərbaycanda və Ermənistanda istifadə olunur. “Dünyanın bir çox yerində, o cümlədən postsovet məkanında bu dildə danışılır” deyən Peskov əlavə edib ki, Moskva rahat ünsiyyət vasitəsi olan rus dilinin yayılmasını və bilmə səviyyəsinin artırılmasını təşviq etməyə hazırdır.
Kremlin sözçüsü bildirib ki, Rusiya Azərbaycan və Ermənistana rus dilinə ikinci dövlət dili statusu verilməsini təklif etməyib. “Bu ölkələrin daxili işidir”, – deyə o qeyd edib.
Axar.az bu barədə yazır: «Əlbəttə, Peskov bu təşəbbüsü alqışlayıb, heç kəsi buna məcbur etmədiklərini bildirərək, ruscanın Azərbaycanda və Ermənistanda işlək olduğunu fəxarətlə deyib, “Qarabağda da” sözlərini isə erməni mediası xüsusilə fərqləndirərək, bunu manşet ediblər.
Əsas məqsəd rusca deyil, əsas hədəf “dqr”in “dövlət dili”ni Peskovun alqışlaması”nı hansısa formada təqdim etməkdir.
Bu primitiv, xəstə yaltaqlığın ilk baxışda “işə keçməyəcəyi”, Rusiyanın hər kəsin simasını, niyyətini yaxşı bildiyi haqda böyük məmnuniyyətlə yazmaq istərdik. Təəssüf ki, yaza bilməyəcəyik: çünki Rusiya həqiqəti bilsə də, elə məhz buna nail olmaq istəyirdi – ermənilərin diz üstə çöküb, yalvarmalarını, yaltaqlanmalarını, öz olmayan ləyaqətlərini ayaqlar altına atmaqlarını.»

ATMACA: Rusiya öz çirkin oyunlarını davam etdirir. Krasnodar Erməni Respublikasının prezidenti Putinin mətbuat katibi Peskov bu addımı alqışlamaq əvəzinə, «dqr» adlı bir qurumun olmadığını deməsi məqsədə uyğun olardı. Ona görə də təklif edirəm ki, Rusiya tərəfi «dqr» və yaxud da Dağlıq Qarabağ sözlərini leksikonlarından çıxarmadıqları dönəmdə biz də Rusiya əvəzinə, «KRASNODAR ERMƏNİ DÖVLƏTİ» adını işlədək. Bu gedişlə rus sülh məramsızları Azərbaycanda 1 ilini də tamamlamayacaq. Aparın bu qoca ermənilərə pasportlarınızı da elə Krasnodar Erməni Respublikasında verin. Çünki əhaliyə ruslar vətəndaşlıq verəcəklərini də vəd ediblər.
Rusiya, pardon, Krasnodar Erməni Respublikası bilməlidir ki, Azərbaycanda sadəcə Qarabağ bölgəsi olub və «parçala, hökm sür» rus siyasətiylə öncə Zəngəzur adıyla Qarabağın bir hissəsini zəbt edib Ermənistana peş-kəş eləyib. İndi də Azərbaycan ölkəsinin prezidenti cənab İlham Əliyev dəfələrlə deyib: “Status-kvo deyilən məsələ yoxdur. Qurtardı getdi. Status-kvo belə olmalıdı, elə olmalıdır. Mən dəyişdirdim status-kvonu. Bax orda, döyüş meydanında. Status-kvo yoxdur. Təmas xətti – yoxdur təmas xətti, yarmışıq onu. 30 ildir qururdular bu təmas xəttini. Özü də bu bölgənin relyefi belədir ki, o, təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də orada beton istehkamlar qurulub – 30 il ərzində! Yarıb keçmişik! Azərbaycan əsgərinin qabağında heç kim heç nə deyə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Deyirlər, yeni təmas xətti olacaq. Olmayacaq».

Məsələ bunca bəsit və sadədir. Hərçənd ki, anlamasalar bunu onların anlayacağı dildə deməyə çalışmalıyıq. Krasnodar Erməni Respublikasının prezidenti Putinin mətbuat katibi Peskov bunu anlamalıdır. Özü də rusca cəhənnəmə, Peskov, türkcə çox yaxşı bilir.
Krasnodar Erməni Respublikasının prezidenti Putin dünən deyib: «Hazırda Qarabağla bağlı üçtərəfli bəyanatın bəndləri ardıcıl olaraq həyata keçirilir.«
Rusiya prezidenti təmas xəttində və Laçın dəhlizi boyunca sülhməramlı qüvvələrin yerləşdirildiyini xatırladıb: “Hamı yaxşı bilir ki, «Dağlıq Qarabağ» münaqişəsi zonasında qan tökülməsini dayandırmaq, tam atəşkəsə nail olmaq və stabilləşmə prosesinə başlamaq üçün Rusiya tərəfindən aktiv vasitəçilik səyləri göstərildi”.
Krasnodar Erməni Respublikasının prezidenti Putin bölgəmizdə yürütdüyü siyasətə yenidən baxmalıdır. Azərbaycana Rusiyanın Ermənistanla birgə vurduğu zərbələri, qətliamları, soyqırımlarını, talanları və qeyri hərbi cinayətləri xalqımız unutmayıb və unutmayacaqdır…
Fedai.az Araşdırma Qrupu

