İlk Baş Nazirimiz Fətəli xan Xoyskinin doğum günüdür

Fətəli Xan Xoyski  1875-ci il dekabrın 7-də Nuxada- indiki Şəki şəhərində anadan olub. O, əslən Cənubi Azərbaycanın Xoy şəhərindən olub, sonralar Şimali Azərbaycana — Şəkiyə köç etmiş məşhur xoyskilər nəslindəndir.  

 Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiya ının general leytenantı idi, anası isə Şərəbanı-xanım Hacı Molla Zeynal qızı idi. Xoy və Şəki sahibkar xanların nəslindəndir. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı. Təhsilini Yelizavetopol gimnaziyasındanda başa çatdırdıqdan sonra, Fətəli Xan Moskva dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. O, 1897-ci ildə 1-ci dərəcəli diplom ilə universiteti bitirdi və həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olundu.

Gürcüstanda bir neçə il hüquq vəzifələrində çalışdıqdan sonra Fətəli-xan Yelizavetpol quberniyasından Rusiyanın 2-ci Dövlət Dumasının nın müstəqil millət vəkili seçildi.Müxtəlif məqsədli komisiyalara seçilmişdir, habelə: maliyyə, şəxsiyyət toxunulmazlığına aid, ədliyyə nazirliyinin yoxlanışı üçün təqdim olunan Dövlət dumasının 55 üzvünün cinayət məsuliyyətinə cəlb edilməsinə aid (katib vəzifəsində) və amnistiya haqqında qanun layihəsini Dövlət dumasının müzakirəsinə qəbul edilənliyi məsələsinə baxılması üçün yaradılan komisiyalarda.

O, Dövlət Dumasının iclaslarında «Müsəlman fraksiyası» adından dəfələrlə çıxış edərək, çar Rusiyası əsarəti altında yaşayan müsəlmanların-türklərin milli haqq və hüquqlarını müdafiə üçün çalışırdı. Xoyski çar hökümətinin ucqarlardakı milli və dini ayrı-seçkilik ideologiyasına qarşı çıxırdı. Bu mənada o, Rusiyada milli və dini ayrı-seçkiliklərə görə vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğvinə dair Dövlət Dumasına təqdim edilmiş qanun layihəsini imzalayanlar arasında olmuşdu.  2-ci Dövlət Duması buraxıldıqdan sonra (1907) Xoyski bir müddət Gəncədə andlı iclasçı kimi işləyib, 1913-cü ildən etibarən isə eyni vəzifəni Bakıda həyata keçirib.  

Çar Rusiyası tamamilə süquta uğradıqdan sonra 1917-ci ilin noybarında Zaqafqaziya komissarlığı, 1918-ci ilin fevralında isə Zaşafqaziya seymi yarandı. Həmin seymin tərkibinə seçilən 44 müsəlman-türk fraksiyasının üzvülərindən biri də Fətəli xan idi. Seym Zaqafqaziyanın müstəqilliyini elan etdikdən sonra onun ədliyyə naziri olan Xoyski daim Qafqaz birliyinin tərəfdarı olmuşdu. Gürcüstan Seymdən çıxmaq arzusunu bəyan edəndə bu məsələyə münasibət bildirən Xoyski demişdi: «Zaqafqaziya xalqları ümumi mənafelərinə görə bir-birləri ilə elə sıx bağlıdırlar ki, onların ayrılması asan olmayacaqdır. Əgər ayrılmaq gürcü xalqının iradəsidirsə, bizim ona mane olmağa heç bir haqqımız yoxdur. Əlbəttə, belə bir şəraitdə Azərbaycan türklərinə də müvafiq qərar qəbul etməkdən başqa yol qalmır». 

Zaqafqaziya seymi dağıldıqdan sonra mayın mayın 27-də müsəlman-türk fraksiyası Tiflisdə bir araya gələrək Azərbaycan Milli Şurasını yaratdı ki, onların sıralarında Fətəli xan da var idi. Həmin iclasda Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Xoyski isə İcraiyyə Komitəsinin rəhbəri seçildi. Mayın 28-də Milli Şuranın ilk iclasında Azərbaycan Cümhuriyyətinin müstəqidiyiyi bəyan olundu və müstəqil dövlətin ilk baş naziri vəzifəsinə bütün şura üzvlərinin yekdil səsi ilə Fətəli xan gətirildi. Beləliklə, Fətəli xan baş nazir olmaqla yanaşı, daxili işlər naziri vəzifəsini də icra etməyə başladı.

Mayın 30-da Nazirlər Şurasının sədri F. X. Xoyski Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi barədə bir sıra xarici işlər nazirlərinə radioqram göndərdi:

 KonstantinopolBerlinVyanaParisLondonRomaVaşinqtonSofiyaBuxarestTehranMadridHaaqaMoskvaStokholmKiyevXristiyaniyaKopenhagen.
Xarici işlər nazirinə
Gürcüstanın çıxması və Zaqafqaziya Federativ Respublikasının dağılması ilə Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycanın istiqlaliyyətini elan etmiş, Azərbaycan Respublikasını yaratmışdır. Deyilənləri nəzərinizə çatdıraraq, zati-alinizdən bu barədə hökumətinizə xəbər vermənizi rica edirəm. Milli hökumətim müvəqqəti olaraq Yelizavetopol şəhərində yerləşir. İmza Xoyski, Azərbaycan Respublikası Nazirlər Şurasının sədri.

  O, Azərbaycan Xalq Cumhuriyyətinin ilk dəfə olaraq hökümətini formalaşdırıb. Ilk dəfə olaraq o, Azərbaycanda ali təhsil ocağının yaranmasının vacibliyini qeyd edib. Azərbaycan təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetinin təşəbbüskarıdır. Ən nəhayət məhz o Azərbaycanda baş nazir idarə formasının əsasını qoyub və Azərbaycanın ilk baş naziri kimi tarixə düşüb.   1918-ci il iyunun 17-də M.Ə. Rəsulzadənin sədrliyi altında Azərbaycan Milli Şurasının iclası oldu, yeni hökuməti təşkil etmək Fətəli xan Xoyskiyə tapşırıldı. O, Azərbaycan Respublikasının ikinci Nazirlərr Kabinetini təşkil etdi. F.Xoyski ikinci kabinədə Nazirlər Şurasının sədri və ədliyyə naziri vəzifələrini yerinə yetirdi. Fətəli xan Xoyski sonralar Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə naziri (1918) və xarici işlər naziri (1918—1919 və 1919—1920) vəzifələrində çalışdı..  

Fətəli xan yüksək əxlaq sahibi və vicdanlı dövlət xadimi idi. 1919-cu ilin fevralında onun hökumət kabinəsində çalışan bir şəxsin neftlə bağlı korrupsiyada iştirakını öyrənəndə baş nazir vəzifəsindən istefa verdi. Onun özünə qarşı heç bir şübhə olmasa da, vəzifədən getməyə üstünlük verdi. Fətəli xan Xoyski Azərbaycan Cümhuriyyəti dövründə üç dəfə hökumət kabinəsini formalaşdırmaq etimadını qazanmışdı. 1919-cu ilin dekabrında isə Nəsib Yusifbəylinin təşkil etdiyi hökumətdə xarici işlər naziri vəzifəsini tutmuş və 1920-ci ilin aprel hadisələrinə qədər həmin vəzifədə çalışmışdı…   Fətəli Xan Xoyski 1920-ci il yanvarın 11-də Azərbaycan Cümhuriyyətinin Paris sülh konfransının iştirakçı dövlətləri (Fransa, İngiltərə, ABŞ və b.) tanınmasını böyük sevinclə qarşılamış və bununla bağlı parlamentdəki çıxışında demişdi: «Bu yalnız bizim üçün deyil, ümum türk miləlti və türk aləmi üçün böyük bir bayramdır. Böylə bir günü dərk etmək üçün qeyri-millətlər on illərlə çalışmışlar. Biz isə onu az müddətdə bir il yarım içərisində qazandıq. Böylə az müddətdə istiqlaliyyətini alan bir millətin onu möhkəm saxlaycağına əminəm». 

1920-ci ilin aprelində Azərbaycan Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Fətəli xan Gürcüstana-Tiflisə getməyə məcbur qaldı. O dövrdə Məhəmməd Əmin Rəsulzadə Lahıcda gizli həyat yaşamağa məcbur olarkən, Fətəli Xan Xoyski, Həsən bəy Ağayev Azərbaycanı tərk etməli oldular. Çünki başa düşürdülər ki, onlara qarşı ciddi cəza tədbirləri görüləcək.  O zaman Gürcüstan hələ bolşeviklər tərəfindən işğal edilməmişdi. Onlar düşünürdülər ki, orada qalacaqlar və özlərinin siyasi fəaliyətlərini davam etdirəcəklər. Yenidən Azərbaycanın bütövlüyü üçün çalışacaqlar. Fətəli Xan Xoyski də bu istəklə Gürcüstana üz tutdu.  Amma Tiflisdə bolşeviklər onu təqib etməyə başladılar. Bu iş xain ermənilərə həvalə olunmuşdu. 

Nəhayət erməni quldurları 1920-ci il iyun ayının 19-da Fətəli xanı qətlə yetirdilər. Qatillər «Daşnaksütyun» partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan idi, onlar Tiflisdəki İrəvan meydanında Fətəli xan Xoyskiyə arxadan atəş açaraq öldürdülər. Onu şəhid etdilər. Fətəli xan indiki Tbilisi botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbirstanlığında dəfn edilib. Onun dəfn mərasimini Tiflisdəki İran konsulluğu həyata keçirib. 

 Fətəli xan Xoyskinin ailəsi də 1920-ci ildən sonra təqib olunub. Fətəli xan sonralar islamı qəbul edərək Ceyran xanım adını almış Yevqeniya Vasilevna ilə evli idi. Fətəli xan Xoyskinin üç övladı olub: qızı Tamara (1902-1990), iki oğlu Murad (1910-1973) və Ənvər (1914-1935). 

Maraqlıdır ki, qızı Tamara xanım məşhur bolşevik, sonralar Azərbaycan SSR-də müxtəlif vəzifələrdə çalışmış Mirzə Davud Hüseynova ərə getmişdi. Mirzə Davud Hüseynov 1930-cu illərdə represiyaya uğradıqdan sonra Xoyskinin qızı Tamara xanımı 10 il müddətinə həbs etdilər.  

Böyük oğlu Murad Bakıda nəqliyyat idarəsində çalışıb. Kiçik oğlu Ənvər isə diabet xəstəliyi iılə əlaqədar Moskvada əməliyyat olunduqdan sonra narkozdan oyanmadı…  (ATV.az)

Bu xəbəri paylaşın: