«Noyabrın 10-da keçiriləcək parad Azərbaycan tarixinin ilk Zəfər paradı kimi tarixi bir paraddır. Ona görə də bu yolda əməyi olanların bu paradda iştirakını gözləyirdik».
Bu sözləri Fedai.az-a sabah Bakıda keçiriləcək Zəfər paradı haqqında danışan AVMVİB Mətbuat Xidmətinin rəhbəri Xaqani Ədəboğlu deyib. Onun sözlərinə görə, bu paradda arzu etdiyimiz bir çox hərbi birliklərin qalib əsgərlərini, qələbə bayrağını, hərbi texnikamızı, düşmən əsgərlərinin qoyub qaçdığı texnikaları və zəfərin əldə olunmasında mühüm rol oynayan Azərbaycan, Türkiyə, İsrail istehsalı olan pilotsuz uçuş aparatlarını, ən başlıcası isə şəhidlərimizin sayına uyğun olaraq 2783 nəfər əsgərin iştirakını görəcəyik. Bu böyük bir gündür. Şərəfli bir gündür. Azərbaycanın şərəfli bir günüdür.
Amma əvvəllər olduğu kimi veteranların 5 nəfər olmaqla dəvəti müharibə veteranlarının ciddi narazılığına səbəb olub.
AVMVİB Mətbuat Xidmətinin rəhbəri Xaqani Ədəboğlu bildirdi ki, döyüşün taleyi dəyişsə də, döyüşçüyə münasibət dəyişməz olaraq qalıb. Parad döyüşçülərin işidi. Nədənsə bu ölkədə hansısa gizli bir əl milli birliyimizə uzanmaqda davam edir. Nədənsə dindarı məscidə, əyyaşı meyxanəyə, döyüşçünü də parada buraxmırlar. Qardaş dediyimiz Türkiyədə və İranda qazilər paradın ön sırasında yer alırlar. Bizdə isə kənarda saxlanırlar. Kimdi bunu edən? Qısa bir vaxtda yüzlərlə şikayət almaqdayıq. Biz veteranlara qarşı olan çox boz sifətləri görmüşük. Onlar bizləri niyə sevmədiyinin nədənini də yaxşı bilirik.
Hər halda xalqımızı təbrik edirik. Amma biz neqativlərimizi deməliyik. İçimizdəki əl işləyir. Qaziyə, şəhid ailəsinə, müharibə iştirakçısına qarşı ciddi bir şeylər baş verir. Bunu Ali Baş Komandan bilməlidir.
Günün mübarək olsun, Azərbaycan!
Elnur Səlim

