Dom Feyzulla bomba rabotay: Abutalıbın «abtafası», Qüdrətin «atom bombası»…

XAQANİ Ədəboğlu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Mətbuat Xidmətinin rəhbəri

«

«Dövlət atını da, itini də iyi tanır. Vaxtı geldimi atı nallamasını, iti bağlamasını yaxşı bilir…».

Hulusi Akar

Öncə deyim ki, əgər Rusiya bu adamların ümidinə qalıbsa, kül olsun Velikorus imperiyasının başına. Mən öncədən bildirmişdim ki, 5-ci kolon yetimçələri qələbəmizin miqyasını kiçiltmək, Ali Baş Komandanı və döyüşçü əsgərlərimizi hədəfə götürmək, xalqdan qisas almaq, rus-erməni gücünü şişirtmək və s. kimi məlum mərkəzdən «ev tapşırıqları» alacaq və icra edəcəklər. Faktlar artıq göz önündədir.

Adlarını çəkdiyim və könlünüzü daha çox bulandırmamaq xatirinə çəkmədiklərimin, Azərbaycan Ordusunun şanlı zəfərinə çirkab atan bu adamların, hər iki müharibə zamanı «ellikcə və özləri daxil» müharibədən niyə yayındıqlarının səbəbləri də ortadadır. Bu gün bəyanatçı tutuquşular, ən azı 90-cı illərdə müharibədə iştirak etməliydilər. Korlarımı, keçəllərimi vardı, bunların?

Bircə faktı deyim ki, müharibəyə gedəndə, «Gənclik» jurnalında işləyir və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində II kursda əyani oxuyurdum. O dövrdə, xatırlayanlar yaxşı bilirlər ki, nə jurnalistləri, nə də əyani oxuyan tələbələri müharibəyə aparmırdılar. Amma bu «maralların» birindən yaşca, 2 yaş kiçik və o birindən 2 yaş böyük olsam da, mən hər şeyi atıb müharibəyə getdim. Mən müharibəyə gedəndə bunlardan biri Rövşən Cavadovun, biri də Əbülfəz Elçibəyin yanında pələsək döyürdülər. İndi kimin yanında, nə döyüb, nə döydürdüklərini görürsünüz…

Abutalıb Səmədovun rusa YALta YALtaqlığı boyda YALanlar uydurmasına ad tapmaq yəqin ki, çətindir. Bu adamcığa 1992-ci il mart ayının 12-də Ağdərə rayonu Baş Güneypəyə kəndinin özünü müdafiə batalyonunun təkcə bir dərədə gəbərtdiyi 28 nəfərlik dəstədən danışmaq istərdim, gəbərdilənlərdən yalnız 2 nəfəri (biri Krasnodar ermənisi olmaqla) erməni, qalanları isə Rusiya desant qüvvələrinə məxsus Dağ piyadaları (Qornaya pexota) olublar. Yəqin gəlib ərazidə Abutalıb Səmədovu «axtarırmışlar» ki, tapıb kömək eləsinlər. Bağışla, Abutalıb yoldaş, igid döyüşçülərimiz onları cəhənnəmə, «Qruz-200» edib yolçu etdilər. Başın heç sağ olmasın.

Bu günlərdə müharibə veteranları bu adamın özü və özündən ibarət partiyasının ləğv edilməsiylə bağlı Ədliyyə nazirliyinə müraciət etməyi planlaşdırırlar. Qanımız və canımızla azad etdiyimiz və müdafiəsində erməni-rus, hətta fransız legionlarına qarşı döyüşdüyümüz, öndə düşmən, arxada xainlər ordusunun yaratdığı bir çənbərdə apardığımız mübarizəni qaralayan vələduznalar, indi də qanı qurumamış şəhidlərimizin haqqına girmək növbəsinə durublar. Olmayan başınıza yaxşıca dürtün ki, Rusiya dünən də, bu gün də bu müharibədə TƏRƏF olub və Ermənisdtanla qucaq-qucağa məğlub edilib. 9 ədəd S-300, S-125, «İsgəndər» və digər ballastik raketlərini atanlar kimlər idilər? Rusiya buradan apardığı 278 nəfər leşin adlarını açıqlasın. Yəqin onlar Qarabağa «göbələk yığmağa» gəliblərmiş?

Vallahi, bu cır səsli Abutalıb necə bəyirirdisə, dedim bəlkə də elə biz yanlış bir iş görmüşük? Bəlkə də 366 — cı polk, o vaxt 7-ci ordu deyilən hərbi bazadan Qarabağa həftə boyu silah daşıyan helikopterlər (onlardan Mİ-8-i vurduğuma görə dəqiq bilirəm), rus-kazak polku, Pskov desant polku və s. gəliblərmiş ki, Abutalıb yoldaşa kömək etsinlər, amma yəqin duman «olduğuna» görə səhvən «istiqamətlərini» yanlış seçiblər.

Yaxud da yaxasını cıran, Abutalıb yoldaşın sizcə NATO «əndişəsi» nə deməkdir? Dolayısıyla, bu cənab anti Türkiyə təbliğatını bu pərdə arxasında aparır. Axı öz aləmində «siyasətçidir», xalqın bu mövqeyə görə onu nə edəcəyini bilir. Ona görə də straus quşu kimi başını gizləyib gizlin və şifrəli danışır. Çünki müharibədə adı keçən tək NATO üzvü hansı dövlət olmasını bilməyəniniz yoxdur. Həm də bolşevik Çalpapaq Kərəm demiş: «Duman olur, Qançanağı»…

Keçək «Dom Feyzullanın» bombaçısı millətə vəkil Qüdrət Həsənquliyevin bəsirətli açıqlamalarına…

Bu adam Həsənə qul olmaq əvəzinə, 5-ci kolona qulluq edir. Özü də buna baxıb Abutalıba o qədər şükür elədim ki, Abutalıb bilməsə də, Xaliq bilər. Millət vəkili xox eləyir ki, «dom Rossiya aviabomba rabotay». Nə yazıq ki, çıxıb efirdə ağzına gələni danışmaq şakəri olan silkin nümayəndəsi bilmir ki, haqqında danışdığı «oyuncaq» istənilən anda istifadə edilmir və ən azı atom bombasındansa, bu cür lokal və regional müharibələrdə bir minamyot mərmisi daha effektlidir.

Məlumat üçün bildirim ki, 1945-ci ilin yayına qədər Amerikalılar 3 atom bombası yaratmağı bacarmışdılar, bunlardan 2-sini Xirosima və Naqasakiyə atdılar və üçüncüsü isə onlardan əvvəl sınaqdan keçirilmişdi. Xirosimaya atılan «Körpə» («Malış») adlı uran nüvə bombasının dizaynı sadə və etibarlı idi (az təsirli olsa da) və Amerika alimləri onun müvəffəqiyyətinə şübhə etmirdilər.

İkinci Plutonium «Şişman adam, Gombul» adlı bomba isə daha mürəkkəb, eyni zamanda daha səmərəli bir dizayna sahib idi və sınaqdan keçirilməsinə ehtiyac var idi. Beləliklə, 16 İyul 1945-ci ildə Triniti (Üçlük, Troitsa) adlanan dünyanın ilk atom bombası sınağı New Mexikoda həyata keçirildi. Sonra da bunlardan ikisi Yaponiyaya atıldı.

Bu günədək qalib olsa da ABŞ beynəlxalq ictimaiyyətin qınağından xilas ola bilməyib. Qüdrət yoldaşın çıxışından elə anlaşılır ki, bu «cəbhədən cəbhəyə atlamamış» adam F-1 və yaxud da RGD əl qumbarasıyla atom bombasını qarışdırır. Çox yazmağa dəyməyən bu cür kolon nümayəndələri ilə, «tovariş Rossiya» uzağa gedə bilməyəcək. Hərçənd ki, hələlik, ona görə sakitik ki, informasiyamızın əsas mənbəyi Simonyan Marqaritadır. Amma hər əvvəlin bir sonu və hətta, hər sonun da öz sonluğu var…

Bu məqamda, həmişə önündə baş əydiyim bir yazıçımızın — Əbdürrəhim bəy Haqverdiyevin «Bomba» hekayəsini xatırladım və siz də xatırlayın:

«Qorodovoy Kərbəlayi Zal iyirmi beş ildən artıq idi polis idarəsində xidmət edirdi. Onun arvadı hərdənbir deyərdi:

-A kişi, sənin saqqalına nə şaşka yaraşır, nə də şapka. Gəl sən bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Bir baqqal dükanı aç!

Kərbəlayi Zal cavab verərdi:

-Arvad, sən hökümətin ləzzətini anlamırsan. Əgər səni qorodovoy eyləyələr, min il qulluqdan çıxmazsan; bir də, mən iyirmi beş ildən artıqdır ki, polis qulluğundayam. Bir-iki ildən sonra pensiyam çıxacaq. Ondan sonra rahat əyləşib pensiyəni yeyərik. Belə danışıqdan sonra arvad həmişə sakit olardı.

-Nə deyirəm, kişi, özün bil! Bu dəfə Kərbəlayi Zalın ovqatı təlx idi.

Dəftərxanada pristav çağırıb demişdi:

-Kərbəlayi Zal, səndən narazıyam.

Sən köhnə, dünya görmüş qorodovoysan. Bununla belə, dünən Rusiyadan gəlmiş qorodovoy, görürsən, bomba tapır, tüfəng tapır, patron tapır… Həm ağasının üzünü ağ eləyir, həm özünün.

Amma sən indiyədək bir sınıq balta da tapmayıbsan. Görünür, sən də rüşvət alırsan, yainki qocalıb zay olubsan. Əgər belə getsə, bizim bir yerdə qulluq eləməyimiz tutmayacaq.»

Allah sənə rəhmət eləsin, Əbdürrəhim bəy!

Vallah bu adamlara siyasətçi deyirsinizsə, o zaman mən də kosmonavtam.

P.S. …. Video:

Bu xəbəri paylaşın: