Aleksey Navalnı Moskvada saxlanılıb

Rusiya müxalifətinin lideri Aleksey Navalnı bazar günü Almaniyadan Moskvaya qayıtdıqdan sonra Rusiyada Federal Penitensiar Xidməti (FSİN) tərəfindən saxlanılıb.

Navalnının Rusiyaya dönüşündən bir qədər əvvəl FSİN onu şərti cəzaçəkmə qaydalarını pozmaq ittihamı ilə axtarışa vermişdi.

Bundan əlavə, Navalnı dələduzluqda ittiham olunub və ona qarşı cinayət işi açılıb.

Aleksey Navalnı Rusiyada keçən ilin avqustunda zəhərləndikdən sonra koma vəziyyətində Almaniyaya aparılıb və orada təxminən 5 ay ərzində müalicə kursu keçib.

Almaniya ekspertləri Navalnın «Noviçok» adlı sinir-iflic maddəsi ilə zəhərləndiyini bildiriblər.

Navalnı buna görə Kremli ittiham edib.

Kreml onun iddialarını rədd edib.

Bu gün onun təyyarəsi Moskvanın Vnukovo aeroportunda eniş etməli idi, lakin son anda «texniki səbəblərə görə» təyyarə eniş etmək üçün Şeremetyevo aeroportuna göndərilib və orada Moskva vaxtı ilə təxminən saat 20:25-də yerə enib.

Vnukovo aeroportunda Navalnını qarşılamaq üçün onun çoxsaylı tərəfdarları və media nümayəndələri toplaşmışdı.

Sosial mediada yayılan məlumatlara əsasən, Vnukovo aeroportunda polis əməkdaşları Navalnını qarşılamağa gələn kütləni aeroportun ərazisindən sıxışdırıb çıxarmağa çalışıb, bu zaman onlarla adam polis tərəfindən saxlanılıb. OVD-İnfo nəşri Moskva vaxtı ilə axşam saat 21:00 radələrində azı 37 nəfərin saxlandığını bildirib.

Bu xəbəri paylaşın: