İran şirkətləri Qarabağın bərpasında iştirak etmək istəyir

İran rəsmisi Mahmud Vaezi deyib ki, İran şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdı.

İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezinin Tehranda səfərdə olan Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə vurğulanıb ki, Qarabağın işğaldan azad edilməsindən sonra regionda yaranan yeni imkanlar region dövlətlərinin qarşılıqlı iqtisadi əlaqələr qurması üçün geniş imkanlar meydana çıxarıb.

Azərtac xəbər verir ki, bu görüşdə Mahmud Vaezi İranın «hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdığını» və Azərbaycan rayonlarının «işğaldan azad olmasının sevindirici olduğunu» deyib.

Görüşdə Bakı-Naxçıvan dəmir yolunun yenidən qurularaq istismara verilməsinin Rusiya, Azərbaycan, İran, Türkiyə və Ermənistanın bir-biriləri ilə iqtisadi-ticarət əlaqələri yaratmasına imkanı verəcəyindən bəhs edilib.

İran və Azərbaycan rəsmiləri nəqliyyat və tranzit sahəsində faydalı əməkdaşlıq əlaqələrinin qurulacağını vurğulayıblar.

Bu xəbəri paylaşın: