AVMVİB üzvləri Daşaltı şəhidlərini Anım tədbirində bir araya gəldilər…

AVMVİB üzvləri Daşaltı əməliyyatı zamanı şəhid olmuş döyüş yodaşlarının əziz xatirəsini 29-cu dəfə anmaq üçün Şəhidlər Xiyabanında toplandılar.


İldönümü tədbirində müharibə veteranları ilə yanaşı, əməliyyat zamanı şəhid olmuş döyüşçülərin ailə üzvləri, ictimaiyyət nümayəndələri, o cümlədən AVMVİB rayon şöbələrinin üzvləri də iştirak edirdilər.


AVMVİB sədri Füzuli Rzaquliyev Anım tədbirində bildirdi ki, hər il olduğu kimi bu il də o tarixi günün iştirakçıları və onlarla birgə müxtəlif cəbhələrdə Vətənin müdafiəsində yaxından iştirak etmiş müharibə veteranları öz vəfa borclarını vermək üçün bu müqəddəs məkana toplaşıblar. Biz onları unutmadıq. Həqiqətən də «Şöhidlər ölməzlər». Buraya gələn döyüşçülər öz döyüş dostlarının görüşünə toplaşıblar.


Xatırladaq ki, “Daşaltı” əməliyyatı keçirilən ərəfədə Azərbaycan cəmi üç ay idi ki, kağızda, yəni hüquqi müstəqillik qazanmışdı, SSRİ-nin süqutundan heç bir ay ötməmişdi və Sovet ordu hissələri hələ Azərbaycan ərazisindən, o cümlədən, Xankəndidən çıxarılmamışdı. Respublika rəhbərliyinin Tofiq İsmayılov, Məhəmməd Əsədov, İsmət Qayıbov, Osman Mirzəyev və s. kimi ən vətənpərvər kadrları isə 1991-ci il noyabrın 20-də Qarakənd səmasında helikopterdə məhv edilmişdi. AXC-nin yalnız karyera güdən bəzi liderləri və onlardan yararlanmaq istəyən digər qüvvələr də var-gücləri ilə hakimiyyətə can atır, iqtidardakı keçmiş kommunist rəhbərlik isə özünü Rusiyanın, İranın, həm də Qərbin təzyiqlərindən, eləcə də hakimiyyətə can atanlardan qorumağa çalışırdı. Belə bir mürəkkəb tarixi şəraitdə əməliyyatın məğlubiyyətlə nəticələnməsi labüd görünürdü.


Həmçinin Daşaltı əməliyyatı Azərbaycan əsgərinin ən ümdə bir xüsusiyyəti ortaya çıxdı. Azərbaycan əsgəri öz torpağı uğrunda ən çətin şərtlər altında belə ölüb öldürməyi bacardığını tarixin səhifəsinə həkk elədi.


Düşmən terrorçuların və muzdlu rus hərbçilərinin cəsədlərini heç zaman saya almayıblar. Yəni hələ də bəziləri bu əməliyyatı bəzən faciə adlandırmaları doğru deyil. Düşmənə yetərli zərbə vurulmuşdu, sadəcə uğursuzluq əməliyyatın başa çatdırılmaması idi…


Müharibə veteranları Şəhidlər Xiyabanında Əbədi Məşəl abidəsi önünə əklil qoymuş və burada uyuyan şəhidlərin məzarları üzərinə tər qərənfillər düzmüşlər. Tədbir Daşaltı əməliyatı zamanı həlak olmuş şəhidlərimizin adları həkk edilmiş abidə qarşısında yekunlaşıb.

Elnur Səlim

Fotolar Azad Musayevindir

Bu xəbəri paylaşın: