Əzrayılın gəlişiylə varlıların göz dikdiyi nökərə bənzəyir, Azərbaycan jurnalistikası…

XAQANİ ƏDƏBOĞLU

Dəyişən heç nə yoxdur. Qapı üzərindəki «Giriş», «Çıxış» lövhələrini dəyişməklə «ölü diriltmək» olmaz. Bu ölünü diriltməyə İsa olmasa da onun «ölü diriltmə ayinini bilən» birisi lazımdı. Bu gün sürücülük vəsiqəsinə oxşar jurnalist vəsiqəsi verməklə, jurnalistikanı inkişaf etdirəcək bir zehniyyətə Nobel mükafatı düşür. Bəlkə jurnalistlərə ABŞ pasportları verək, kovboy kimi düşünsünlər?

Yenə mətbuatımız «qan» eləyir. Hələ «Məhərrəmin» adını dəyişib «Məhi» qoyandan ilk dəfə səsi çıxdı. Kaş çıxmaz olaydı…


Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “Real TV”yə müsahibəsində deyib ki, jurnalist işləmədən cibində hər hansı bir vəsiqə gəzdirənlər, cəmiyyətimizin içərisində fəaliyyət göstərən insanlar da var. Amma indiki halda onların jurnalist olub-olmamasını müəyyən etmək mümkün deyil. Ona görə də jurnalistlərə sürücülük vəsiqəsi kimi vahid vəsiqənin verilməsi təklifləri ilə çıxış edə bilərik və “Media haqqında” yeni qanun layihəsinin hazırlanması prosesində bunu müzakirə edəcəyik.

Kişi düz deyir də. Yazmaq o yanda qalıb özlərini «kaptan» elan edən jurnalistlərə elə vəsiqə əvəzinə traktorçu vəsiqəsi vermək daha məqsədəuyğun olardı. «Bədbəxt» Əli Həsənovun «dəlləklik» etdiyi dövrdə Azərbaycan jurnalistikasını «cəlladını sevən məşuqəyə» bənzətmişdim. Simvolları, rəmzlərin rənglərini deyil, əxlaqı, proseslərə yanaşma tərzini və ən başlıcası zehniyyəti dəyişmək lazımdır. «Kamaz» sürücüsünü çıxarıb, yerinə pilot qoymaqla yaradıcı sahədə yenilik əldə etmək mümkün deyil. İstedad tələb olunan sahələrdə əsas meyar jurnalistika olmayınca, əldə olan 5-7 internet resursu da xaricdə söyüş söyən bədzatların resurslarına bənzəyəcək. Dəxli yoxdur, kimi söyürsən. Əsas məsələ söyməkdir. Mən dəfələrlə təklif etmişəm və bir daha təkrar edirəm ki, jurnalistika bir sahə kimi sertifikatlaşdırılmalıdır və bu işi görəcək komissiyaya peşəkar olmayan kimsə daxil edilməməlidir. Yoxsa o «joltıy press» vəsiqəsini elə Əflatun müəllim də vermişdi. Nə olsun?


Taylandın paytaxtı Krung Thep Mahanakhon Amon Rattanakosin Mahinthara Ayuthaya Mahadilok Phop Noppharat Ratchathani Burirom Udomratchaniwet Mahasathan Amon Piman Awatan Sathit Sakkathattiya Witsanukam Prasit şəhərində, yəni qısacası Banqkok (şəhərin tam adı) şəhərində 13 yaşlı qızın zorlamasından tutmuş, Məmmədhəsən əminin eşşəyinin itməsinə kimi «informasiya» ilə əhatə edən KİV-lərimiz, hərdən ayın tarixlərini də səhv yazmağa başlayıblar. Yəni mətbuatımız «qan-qan» eləyir. Elə son gün üçün bizim mətbuat Paşinyanı sui-qəsddə öldürüb, Sarqsyan itini də «sifariş» verib. Qubanın İcra Başçısını tutdurub, Siyəzəninkini də sifariş verib. Zalım uşağı, barı havadan yazanda, bayıra baxıb yazmırlar ki, düz informasiyaya sahib olsunlar. Bunların saxta informasiya yayan, yazdığını tez-tez təkzib edən mətbu orqanların dünyada ən nifrət bəslənən bir şey olduğunu belə bilmirlər. Özü də ölkə adına çıxan saytların adlarına baxın. Rusiya saytlarının adını götürüb yayınlayırlar. Belə çıxır ki, bunlar saytlara ad belə düşünüb tapmaq qabiliyyətində də deyillər. Ya da …


Savaş getdiyi günlərdə zərərli informasiyaların daxil olma və yayılma sxemini işlədim. Bizə və bizim müttəfiqlərimiz əleyhinə olan, hətta yaxın qonşularla münasibətlərimizi gərginləşdirməyi hədəfləyən bütün materialların 80-90 %-ini «Sputnik» və ermənipərəst «Regnum»dan alındığını gördüm. Yəni erməni Marqarita Simonyanla ermənidən daha pis olan Modest Kolerov olmasa, biz «batarmışıq». Eyni informasiyalar fərqinə varılmadan demək olar ki, bütün saytlarda yayınlanırdı. Bunca rəzillik olarmı? Bir az informasiya təhlükəsizliyi konsepsiyası haqqında düşünmək olmazmı? Bu gün tək informasiya deyil, onun haradan alınması da önəm daşıyır. Çünki bu günün savaş silahı informasiyadır. Bu işin adı artıq xəyanətdir. Jurnalistika ilə məşğul olmaq istəyənlərə vəsiqə deyil, onun cəmiyyətə verəcəklərini və rolunu izah eləmək vacibdir.

«Leeds Times» qəzetinin redaktoru olmuş, şotland yazıçı və filosofu (XIX əsr) Samuel Smaylsın məşhur bir sözü var: «Yazarlar yazdıqlarına görə cavabdehdirlər və bu cavabdehlik yazar öldükdən sonra da davam edir, bir əsər meydana gətirərkən, yazarlara bu fikir hakim olmalıdır.» Anlada bildimmi, «qələmin müqəddəs vəzifəsini»?


Neçə ki, at ət yemir, aslan saman yemir, bizim jurnalistikada yenilik əldə etmək mümkün olmayacaq. Çünki mənim bildiyim jurnalistikada əsas iş yazmaqdır, insanşünaslıqdır, ictimai fikrin kompleks şəkildə yönləndirilməsidir. Əks arqumenti olan biri, qoy rəhbərlik etdiyi nəşrin, yaxud da saytın bu istiqamətdəki fəaliyyətini yaydığı materiallar üzrə izahını versin.

Neçə ki, yazmaqdan uzağıq və neçə ki, hər yetən ucuz mövzular dalınca qaçmaqdayıq, reytinqli yazınız və yayanların əxlaqı «Ata qızını zorladı +99» (çox üzür istəyirəm -X.Ə.) informasiyasına uyğun olacaqdır. Vay o millətin halına ki, onun reytinqli məqaləsi, informasiyası budur. Belələrinin ortaya çıxardığı oxucunu və bu oxucunun quracağı cəmiyyəti fikirləşin. Bu, Vətən adına, Millət adına və Gələcək adına tarixi bir cinayətdir. Bu cinayəti isə işləyənləri sizlər daha çox tanıyırsınız? Sizə elə belə gəlməsin, bunun adı xəyanətdir. Bir millətə bundan böyük xəyanət olmaz. Çünki əsgərin uduzduğu mövqeni 30 il sonra qaytardığımızı gördünüz. Kəsilmiş ağaclar əkiləcək, sökülmüş evlər də tikiləcək. Amma deqradasiyaya uğramış milli mənəviyyatın bərpa edilməsi müşkül məsələdir.


Yenə Əli Həsənovun jurnalistikaya «kirvəlik» etdiyi əyyamda yazdığım bir yazıda demişdim ki, hər yetənə göz-qaş edən «namuslu» televiziyaların, nə də hər gecəsini biriylə keçirən «bakirə» qəzet və saytların bizim sənətə heç bir dəxli yoxdur. Bu sənəti dərk edən kimsə mənsub olduğu bir sənətə bunca xəyanətlər etməzdi. Əvvəl-axır kimsə «Kral lütdü» deməliydi. Amma demədilər. Bunu hər kəsdən öncə jurnalistikanın demək qabiliyyəti yoxdursa, niyə bu meydanda əsil peşəkarların yerini dar edirlər? «Əli öldü, yaşasın Vəli!»- şüarıyla mətbuatı «kolxoz yabısına» döndərən adamlar ictimai qınağa çəkilməlidirlər. Özünə peşəkar deyib susanlar da elə bunların taylarıdır.


Dəyişən heç nə yoxdur. Qapı üzərindəki «Giriş», «Çıxış» lövhələrini dəyişməklə «ölü diriltmək» olmaz. Bu ölünü diriltməyə İsa olmasa da, onun «ölü diriltmə ayinini bilən» birisi lazımdı. Bu gün sürücülük vəsiqəsinə oxşar jurnalist vəsiqəsi verməklə, jurnalistikanı inkişaf etdirəcək bir zehniyyətə Nobel mükafatı düşür. Bəlkə jurnalistlərə ABŞ pasportları verək, qoy elə kovboy kimi düşünsünlər?


Hələ ki, Azərbaycan jurnalistikası xam təbiblərin əlinə düşmüş xəstə kimi ortalıqda qalıb. Əzrayılın gəlişiylə varlıların göz dikdiyi nökərə bənzəyir, Azərbaycan jurnalistikası…

Evdə sınan və dağılan bir şey üçün suçlanan arzu edilməz qonağa bənzəyir, Azərbaycan jurnalistikası…


Dünən saytlarımız «qan» elədi. Yenə Paşinyana «sui-qəsd edib öldürdülər», Sarqsyan adlı itin də sifarişini verdilər…


Qubanın İcra Hakimiyyətinin başçısını «tutdurdular», Siyəzəninkini də «sifariş verdilər»…


Ziyanın, çoxlu Əlilərin, Kamaləddinin, Ramizin və daha kimlərin mülklərinin siyahısını yayıblar. Bizim saytların sayəsində bu adamların çoxları unutduqları bəzi mülklərini tapıblar…


Bizim mətbuat Co Baydenlə Kiryakos Miçotakisin gizli danışıqlarını «xəbər verib». İnanmırsınız gedin oxuyun…

Bu qədər…

Bu xəbəri paylaşın: