AVMVİB sədrindən 8 Noyabr – Zəfər Günü münasibətilə xalqımıza təbrik

8 Noyabr — Zəfər Günü, xalqımızın tarixində misilsiz qəhrəmanlıq və milli qürur səhifəsi kimi əbədi həkk olunub. Bu münasibətlə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev xalqımızı, müharibə veteranlarını, şəhid ailələrini və bütün vətənsevərləri ürəkdən təbrik edib.

Füzuli Rzaquliyev təbrik müraciətində bildirib ki, Zəfər Günü — Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsi, Azərbaycan Ordusunun igidliyi və xalqımızın sarsılmaz həmrəyliyi nəticəsində əldə edilən tarixi qələbədir. Bu zəfərlə Ulu Öndər Heydər Əliyevin illərlə bəslədiyi arzusu — Azərbaycanın torpaq bütövlüyü və milli birliyi gerçəkləşdi.

“Bu qələbə təkcə hərbi nailiyyət deyil, eyni zamanda xalq və dövlət birliyinin, lider və millət birliyinin təntənəsidir. 44 gün davam edən Vətən müharibəsində xalqımız “dəmir yumruq” kimi birləşdi, düşmənin işğal siyasətinə son qoydu. Biz bu gün Ulu Öndərin “Qarabağ Azərbaycandır!” kəlamının reallığa çevrildiyi tarixi mərhələnin şahidiyik,” — deyə AVMVİB sədri vurğulayıb.

Füzuli Rzaquliyev qeyd edib ki, bu möhtəşəm qələbə şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanılıb və onların hər biri xalqımızın qürur rəmzidir. “Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə möhkəm can sağlığı arzulayıram. Onların göstərdiyi fədakarlıq və igidlik gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir.”

AVMVİB sədri həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib, bu humanist missiyanın Azərbaycan qadınının, Azərbaycan dövlətinin mərhəmət və sədaqət simvolu olduğunu qeyd edib.

“Zəfər Günümüz Ulu Öndər Heydər Əliyevin vəsiyyətinə sadiqliyin, Prezident İlham Əliyevin müdrik rəhbərliyinin və xalqımızın qəlbində yaşayan vətən sevgisinin nəticəsidir. Biz bu qələbəni qoruyacaq, Zəfər ruhunu gələcək nəsillərə ötürəcəyik,” — deyə Füzuli Rzaquliyev bəyan edib.

Sonda AVMVİB kollektivi adından Azərbaycan xalqına sülh, rifah və əbədi Zəfər arzulayıb.

Bu xəbəri paylaşın: