Silahdan qələmə uzanan ömür — Xaqani Ədəboğlunun əziz xatirəsinə

8 noyabr – xalqımızın yaddaşında iki müqəddəs anlam birləşir: Dünən Zəfər Günü və bu gün, 9 Noyabr — Azərbaycanın ilk döyüşçü-jurnalisti, tarixçi-türkoloq, Vətən Müharibəsi veteranı və qazisi, mərhum Xaqani Rzaquliyevin (Xaqani Ədəboğlu) mövludu günü. Sanki tale özü onun doğum tarixini seçərkən bu günü – qələbə və qürur gününü – müəyyən etmişdi. Çünki Xaqani müəllim həyatını Vətənə həsr etmiş, onu həm silahı, həm də qələmi ilə qorumuş, mübarizəsini son nəfəsinə qədər davam etdirmişdi.

O, sevdiyi Azərbaycanın haqq mübarizəsində əvvəl döyüş meydanında, sonra isə informasiya cəbhəsində savaşmışdı. Qanıyla yazdığı dastanı sonradan qələmi ilə davam etdirdi. Məhz buna görə də, Xaqani müəllim bu gün həm də mənəvi-ideoloji şəhidlik zirvəsinə yüksəlmiş Vətən oğludur.

Onlarla jurnalist yetişdirən ədib

Azərbaycan mətbuatının tarixində Həsən bəy Zərdabi, Üzeyir bəy Hacıbəyov, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Nəriman Nərimanov, Məhəmməd ağa Şahtaxtlı kimi nəhənglərin imzaları xalq düşüncəsinin mayakları olub. Xaqani Ədəboğlu da bu silsilənin davamçısı olan ədiblərimizdən idi. O, Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideyasını türkçülük və turançılıqla kontekstində, milli ideologiyamızın yeni mərhələsini formalaşdırmışdı.

Onun yaratdığı “Ədəboğlu məktəbi” milli özünüdərkin, mənəvi bütövlüyün, dövlətçilik təfəkkürünün mərkəzinə çevrildi. Ədəboğluna görə, Azərbaycançılıq ideyası yalnız milli şüur deyil, həm də dövlətin ideoloji dayağıdır. O «Unudulmuş Turanın çöl çiçəkləri» əsərində yazırdı: “Tarix kimsəyə ‘əlvida’ deməz, hər zaman ‘görüşənədək’ deyər.” Bu kəlam həm onun həyat fəlsəfəsini, həm də milli varlığımıza baxışını əks etdirir.

Silah və qələm — Vətən sevgisinin iki simvolu

Xaqani Ədəboğlu təkcə jurnalist yox, həm də vətənpərvər müəllim, döyüşçü və ziyalı idi. Gənc yaşlarında məktəb direktoru vəzifəsinə qədər yüksəlmiş, pedaqoji fəaliyyəti ilə yüzlərlə gəncin həyatına və düşüncəsinə işıq salmışdı. Ermənistanın işğalçılıq siyasətinə qarşı döyüşlər başlayanda isə o, qələmini kənara qoyaraq silahı əlinə aldı, Qarabağ uğrunda savaş meydanına yollandı, ağır yaralansa da mübarizədən dönmədi.

Əli silah tuta bilmədiyi vaxtlarda o, qılıncını qələmlə əvəz etdi. Onun döyüş ruhu, milli iradəsi və intellekti Azərbaycan jurnalistikasına “hərbi publisistika” anlayışını gətirdi. Bu mənada Xaqani Ədəboğlu Azərbaycan hərbi jurnalistikasının banilərindən biri sayılır.

İnformasiya cəbhəsində də döyüşçü idi

44 günlük Vətən Müharibəsi dövründə o, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün gecə-gündüz çalışdı. Türk, rus və Azərbaycan dillərində yayımladığı yazılar, sənədlərlə sübut etdiyi faktlar düşmənin təbliğatını darmadağın edirdi. Onun məqalələri xarici mətbuatda geniş yayılır, minlərlə oxucu tərəfindən paylaşılırdı. Bu, bir ziyalının, bir döyüşçünün informasiya meydanında qazandığı Zəfər idi.

Lakin bu fəaliyyət düşmənlərin də hədəfinə çevrildi. Onun sosial şəbəkə hesabları dəfələrlə bağlandı, AVMVİB-in saytlarına kiberhücumlar edildi. Amma düşmənlər onun qələmini sındıra bilmədi. Ədəboğlunun başladığı informasiya savaşı onun ideyalarına sadiq AVMVİB rəhbərliyi tərəfindən davam etdirildi.

Bu gün biz onu qürurla, həsrətlə və ehtiramla xatırlayırıq. Onun ruhu Azərbaycan səmasının mavi işığında, Qarabağın azad torpaqlarında, hər bir qəhrəman döyüşçünün gözlərində yaşayır. Əziz müəllimim, Böyük Ustad Xaqani Ədəboğlu, Sizin ruhunuz ulularımızın yanındadır. Bu gün minlərlə Vətən müharibəsi fədaisi sizi anır, adınızı ehtiramla yad edir.

Mövludunuz mübarək, Ustad!

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: