Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 15-də Füzuli və Xocavənd rayonlarına səfər etmələri hər bir veteranın ürəyincədir.Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Xəzər rayon şöbəsinin sədri Rasət Tağıyev rayon veteranları adından cənab Prezidentimizin uğurlu, dayanıqlı, irəli görən siyasətini dəstəklədiklərini bildirib. Bu yolda Azərbaycan Respublikası vətəndaşı olaraq cənab Prezidentimizin daim yanındayıq.

Prezident İlham Əliyev Xocavənddə dediyi bu sözlər hər birimiz üçün bir fəaliyyət proqramıdır: «Yenə işğaldan azad edilmiş torpaqlardayam. Bu gün Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyacağam. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Azad edilmiş torpaqların bərpası başlamışdır. Füzulidən Şuşaya yol çəkilir- Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri başlamışdır.
Yenə də azad edilmiş torpaqlarda olarkən, bu dağıntıları görərkən bir daha görürük ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmişdir, bizim tarixi irsimizi silmək istəmişdir. Amma buna nail ola bilmədi. Biz bu torpaqlara qayıtmışıq. Qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıtmışıq. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq».
Ali Baş Komandanımız bölgədə erməni faşizminin dağıntıları ilə bağlı dedi: «Otuz il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən bir daşı-daş üstündə qoymayıb. Görün, yollar nə gündədir. Otuz il ərzində bu yollar asfalt görməyib. Onların bütün təbliğatı yalandır, bütün tarixi saxtadır. Özlərini dövlət adlandırırdılar, dırnaqarası “Artsax dövləti” – cəhənnəmə getdi. “Dövlət” idisə, bəs, niyə daş-daş üstə qoyulmayıb? Çünki bilirdilər ki, bu torpaq onların deyil. Bu torpaq azərbaycanlıların torpağıdır».
Bu gün xalqımız üçün əziz olan bu Novruz bayramının ilk günündə Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə misilsiz qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızın azad olunmasını, şanlı Qələbə qazanılmasını təmin etmiş Azərbaycan Silahlı Qüvvələrimizin şəxsi heyətini, müharibə veteranlarını, şəhid ailələrini, xalqımızı başda Ali Baş Komandanımız cənab İ. Əliyev olmaqla Zəfər müjdəli ilk bayramı münasibətiylə AVMVİB Xəzər rayon şöbəsi adından təbrik edirik.
Tanrı Azərbaycan Xalqını qorusun!
Elnur Səlim
