AVMVİB Binəqədi şöbəsi Aprel ŞƏHİDLƏRİNİ yad etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Binəqədi rayon şöbəsinin üzvü olan müharibə veteranları 2016-cı il dörd günlük Aprel döyüşlərində qazanılan qələbənin beş illiyi münasibəti ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin mərkəzində salınmış və Vətən uğrunda canlarından keçmiş əsgərlərimizin əziz xatirəsinə inşa olunmuş Şəhidlər Parkını ziyarət ediblər.


Ziyarət zamanı Vətənimizin suverenliyi, bütövlüyü və azadığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi.
“Şəhidlərin abidəsi”nin önünə gül qoyuldu.


AVMVB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov çıxış edərək, düşmən işğalı altında olan Vətən torpağının hər bir qarışının azad olunması naminə 2016-cı ilin Aprelində mənfur düşmən üzərində qələbə ilə yekunlaşan 4 günlük müharibənin Azərbaycan tarixində böyük qayıdışın başlanğıcı və böyük zəfərə aparan yol olduğunu vurğuladı.


Mərdan Ələsgərov qeyd etdi ki, Aprel döyüşləri zamanı biz sadəcə olaraq Ermənistana lazım olan mesajı verdik. Təəssüf ki, Ermənistan bu mesajdan da nəticə çıxarmadı və Aprel döyüşlərindəki məğlubiyyətdən özünə gəlməmiş növbəti təxribata əl atan düşmən bu dəfə qarşısında “Dəmir yumruğ”u gördü. 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki bu “Dəmir yumruq” isə düşmənin illər boyu yaratdığı mifi darmadağın etdi və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz düşməni diz çökdürdü. Dünyada gündəm olan bir şərəfli qələbə qazandı. 30 illik düşmən işğalına son qoyuldu. Ona görə də bu Zəfərin qazanılmasında öz canlarından keçmiş qəhrəman şəhidlərimizi unutmamalıyıq.

Mərdan Ələsgərov bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə bizim Binəqədi rayonunda ucaldılmış abidə çox qürur vericidir. Bu abidə bir örnəkdir. Şəhidlərimizin xatirəsi rayonumuzda həmişə əziz tutulur, adları əbədiləşdirilir. Onların xatirəsinə ucaldılan abidə bütün şəhidlərimizin ruhuna olan hörmət və ehtiramdır.


Şöbə sədri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevə şəhid ailələri, müharibə əlilləri və müharibə veteranlarına göstərdiyi diqqətə görə veteranlar adından təşəkkürünü bildirdi.

DD.Elnur Səlim

Bu xəbəri paylaşın: