XAQANİ ƏDƏBOĞLU
Bu hərbi-siyasi şərhə Odessa yəhudilərinin lətifəsi ilə başlamaq istəyirəm. Moşe İsraildən zəng edib odessalı dostundan soruşur ki, deyirlər, müharibə başlayıb, itkilər varmı? Dostu deyir ki, hə var, 5 təyyarə, 15 tank, 35 BMP, çoxlu əsgər ölüb. Moşe soruşur: «Rusiya hansı istiqamətdən hücum edir?» Dostu cavab verir: «Rusiya hələ gəlməyib»…
Bu lətifəni bizim saytların Ukrayna-Rusiya müharibəsi barədə yazdıqları yalan xəbərləri oxuyunca xatırladım. Demək olar ki, bizim saytlarda bu istiqamətdə informasiyalar hər gün tirajlanır. Dəfələrlə bunları yalanlayan yazı yayınlasaq da bu «müharibə davam edir». Öncə düşündüm ki, bu, `bizim «şok xəbər» jurnalistikasının öz atalarını söydürməklə «like» qazanmaq istəyidir. Amma belə deyilmiş. Müharibəyə təhrik etmək öncə bir qlobalist istəyidir. Çünki bu müharibədə qlobalistlər hər iki nəticəyə uyğun olaraq öz qazanclarının hesabatını aparıblar. Ukrayna qalib gəlsə, regionda möhkəmlənəcəklər. Ukrayna məğlub olsa, müəyyən əraziləri tam nəzarətə götürəcəklər.
Bizim saytların belə canfəşanlığına səbəb olan ikinci bir versiya isə, Rusiya «propaqandonu» Marqarita Simonyanın dəsti-xəttidir. Ukrayna-Azərbaycan dostluq əlaqələrinə zərbə vurmaq, yalan informasiyalar yayaraq, ictimai fikri müharibənin Ukrayna tərəfindən başladılmasına yönləndirmək və s. kimi məkrli bir plana uyğun şəkildə həyata keçirilir. Ona görə də informasiyanı filtirdən keçirmədən yaymaq olmaz. Bunu anlamayan zavallılarla dolu olan «Əli Həsənov-Ramiz Mehdiyev» yetimçələri öz çax-çuxlarındadırlar.
Bəs əslində bölgədə nə baş verir?
Rusiya həyasızcasına bütün qonşu dövlətlərə qarşı təcavüzkar bir tərzdə davranmaqdadır və utanmadan işğala, soyqırımlara məruz qoyduğu ölkələrin əzəli torpaqlarını az qala Rus torpaqları elan edir. Bu gün demoqrafik cəhətdən iflasa uğrayan Rusiya, 85 milyonluq çox millətli bir ölkəyə çevrilib. Ölkə əhalisinin tam 55%-i qeyri ruslardan ibarətdir. Dünyaya ermənilər sayaq 140 milyonluq demoqrafik say sırıyan bu ölkə, bunca ərazilərdə yaşayan insanları təmin edəcək bir durumda olmadığı ortadadır. Bunun adı vandalizmidir. Xəstə Velikorus təxəyyülü ilə «mən yaşaya bilmirimsə, kimsəni də yaşamağa qoymayacağam» xətti yürütməklə qeyri xalqlardan qisas almağa çalışır. Növbədə Ukraynadır.
Rusiya Türkiyənin Ukraynaya SİHA-lar satmasını tənqid edib. Bunu Rusiyanın antitürk siyasətinin qurucusu Xarici İşlər naziri Sergey Lavrov bildirib. O, deyib ki, bəzi ölkələr Ukraynanı hərbi addımlar atmağa sövq edir: “Moskva Türkiyə və digər ölkələrə Kiyevi hərbi addımlar atmağa sövq etməməsi barədə xəbərdarlıq edir”.
Amma reallığı dərk edən Moskva erməni ağzı ilə dediyini, bir rus ağzı ilə təkzib etməyə çalışdı. Rusiyanın Türkiyə ilə hava əlaqəsini dayandırması qərarı Ukrayna Prezidenti Vladimir Zelenskinin Ankaraya səfəri ilə əlaqəli deyil. Kremlin mətbuat katibi Dmitri Peskov atılan addımlarla bağlı deyib: “Xeyr. Bu, epidemioloji vəziyyətlə bağlıdır”. Çünki bu əlaqələrə Türkiyənin deyil, Rusiyanın daha çox ehtiyacı var. Çökməkdə olan Rusiya iqtisadiyyatı və xarici əlaqələrdəki böhran tələb edir. Bu gün dünya siyasətinə yeni nəfəs verən Türkiyə ilə əlaqələrin zəifləməsi belə Rusiyanın çöküşünü sürətləndirəcək başlıca amillərin birincisidir.
Çünki Türkiyənin yürütdüyü ədalətli və ardıcıl siyasət qarşısında Rusiyanın qonşulara qarşı ədalətsiz və işğalçı siyasəti duruş gətirə bilməz. Həmçinin ölkə daxilindəki milli muxtariyyətlərdə və federasiya subyektlərində milli varlığa qarşı aparılan Velikorus şovinizm siyasəti də, hətta ucqarlarda yaşayan etnik rusların Moskvaya qarşı ayaqlanmasına səbəb olacaq bir vəziyyət yaradıb. Ölkəni gəmirən korrupsiya, klançılıq və imperiya ambisiyaları pik həddədir. Beynəlxalq aləm birmənalı şəkildə Rusiyanı işğalçı kimi qəbul edib.
Ukraynalı jurnalist İvan Yakovina «küsəyən» Rusiyanın bu hərəkətinə yumoristik münasibət bildirib: “Rusiya Türkiyə ilə uçuşları dayandırdı. Nəticədə isti dənizdə və parlaq günəşdə may bayramlarını keçirməyə hazırlaşan milyonlarla sadə rusiyalı evdə oturmağa məcbur qalacaq…
…Putin öz qərarı ilə onların istəklərini məhv etdi. Ərdoğanın Krımı işğal edilmiş ərazi adlandırması və ABŞ esminesini Qara dənizə buraxması Putini bərk küsdürdü. İndi isə bədbəxt ruslar çimərlikdə çimmək əvəzinə, Navalnının mitinqinə gedəcəklər. Əla!”
Putin bir aydır ki, Ukraynanı hədələyir. Nəhayət Ukraynanı real müdafiə edə biləcək bir ölkənin isə Türkiyə olduğu ortaya çıxdı. Prezident Ərdoğan Prezident Zelenski ilə görüşdü. Ərdoğan açıq mətnlə Krım və Donbas Ukraynanındır, Türkiyə Ukraynanın arxasında dağ kimi dayanıb və Ukrayna ilə birlikdə hərbi sənaye yaradacağı haqqında bəyanat verdi. Amma illərdir ki, Ukraynanın parçalanmasının marığına yatmış qorxaq və şərəfsiz Avropa rus həmləsinin olacağı günü gözləməkdədir.
Rusiyanın işğalçı siyasətindən öz payını qoparmaq üçün ABŞ qlobalistləri və sionistlərinin də planları ortadadır. Xatırladım ki, NATO-nun Rusiyanın qərb sərhədlərində 40 minlik hərbi qüvvəsi ilə hərbi təlimlərə hazırlaşması da diqqət çəkib. Ona görə də daim haqqı pozulanların, məzlumların yanında olan Türkiyənin dövrəyə girməsi bu imperialist güclərin mənfur planlarının pozulması deməkdir.
Daha öncə Ukrayna Prezidenti Vladimir Zelenski Ağ Evin rəhbəri Co Baydenə müraciət etmişdi. Bu barədə CNN məlumat yayıb. Məlumata əsasən, Ukrayna prezidenti ölkəsi ilə ABŞ-ın “yaxşı dost” olduğunu bəyan edib. O, qeyd edib ki, ABŞ Rusiyanın aqressiv hərəkətlərinin qarşısını almaq və münaqişəyə son qoymaq üçün daha çox iş görməlidir. Dövlət başçısı vurğulamışdı ki, Ukraynanın daha çox pula, silaha və ən əsası, NATO-ya üzv olmaq üçün daha böyük dəstəyə ehtiyacı var. O, demişdi: “Əgər ABŞ bizi NATO-da görmək istəyirsə, bunu birbaşa deməli və sözlərinə əməl etməlidir”.
Ukrayna prezidentinin mətbuat katibi Yuliya Mendel Rusiyanın ölkəsinin şərq sərhədləri yaxınlığında 4 mindən çox hərbi qüvvə topladığını açıqlayıb. Bu qüvvələrlə yanaşı Krımda da 40 mindən çox rus hərbçisinin olduğunu söyləyən Mendel Prezident Vladimir Zelenskinin Parisə gedəcəyini və Donbasda artan gərginlik və Rusiyanın addımlarından danışacağını deyib.
Mendel Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istədiyini, lakin hələ bir cavab almadığını bildirib: “Ümid edirəm ki, bu, dialoqdan imtina etdikləri anlamına gəlmir”.
Digər tərəfdən, Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanı qoşunlarını ölkə sərhədlərindən çıxarmağa və Minsk razılaşmasının şərtlərini yerinə yetirməyə çağırıb.
Rusiyanın isə öz planları mövcuddur. Xarkov, Melitopol və Odessa kimi iri meqapolislər daxil Azovadək əraziləri işğal edərək, Krımın ilhaqını tam başa çatdırmaq və Krımın yol, kommunikasiya və su təminatını həyata keçirməyi düşünür. Çünki rus oliqarxları Krım ərazilərini artıq öz aralarında bölüşmüşlər və bu da əhali arasında ciddi narazılıqlara səbəb olub. Yəni bu müharibəyə Rusiya hazırlaşır. Bir faktı bildirim ki, çökməkdə olan imperiyalar öz ömrünü uzatmaq üçün daha çox qan tökülməsinə can atırlar. Onu bu şansdan mərhum etmək elə onun çöküşünü təmin etmək deməkdir.
Kreml Donetsk və Luqansk vilayətlərini zəbt etmiş qiyamçılara 2014-cü ilin aprelindən yardım göstərməkdədir. Ukrayna ordusunun komandanı general Ruslan Xomçak Rusiyanın Ukraynanın şərq sərhədi boyu təxminən 20-25 minlik hərbi qüvvə cəmləşdirdiyini bildirib. Bu il martın sonunda ABŞ-ın The New York Times (NYT) nəşri adı çəkilməyən mənbəyə istinadən, Ukrayna sərhədinin Donbas hissəsində 4000-ə yaxın Rusiya hərbçisinin cəmləşdiyini yazıb. Sosial şəbəkələr Moskvanın Ukrayna sərhədinə yaxın bölgələrə əlavə qoşun göndərdiyini xəbər verib.
11 aprel 2021-ci il tarixində Rusiyanın Xəzər donanmasının desant və artilleriya gəmiləri Rostov Donda görüntülənib. Rusiya Xəzər donanmasının desant və artilleriya katerlərini Qara dənizə göndərir. Xəzərdən hərbi gəmilərin Qara dənizə aparılması “iki donanma arasında qarşılıqlı əlaqə” üzrə təlimlər çərçivəsində həyata keçirilir. Rusiya Dnestryanı separatçı bölgəsinə və Belorus ərazisinə də əlavə qüvvələr yeridib. Məqsəd Ukraynanın mühasirəyə alınmasıdır.
Üstəlik, adəti üzrə Rusiya separatçılar arasında muzdluların sayını günbəgün artmasına şərait yaratmaqdadır. Rusiya separatizmi dəstəkləyən bir ölkə kimi bölgədə separatçıların silah təhcizatını da həyata keçirir.
Düşünürəm ki, Ukrayna öz mövqelərini möhkəmləndirmək istiqamətində siyasi fəaliyyətə daha çox üstünlük verməli və Rusiyanın beynəlxalq təcridinə nail olmalıdır. Bu gün Ukrayna, Rusiyanın bütün gücüylə hazırlaşdığı bir savaşdan çəkinməlidir. Rusiyanın işğalçı güclərini daim təzyiq altında saxlamaqla iflic və psixoloji cəhətdən moral pozğunluğuna uğratmağa çalışmalıdır. Belə olarsa, Rusiyanın çöküşü qaçılmaz olacaqdır. Moskva hələ ki, öz sözünü Dmitri Kozakın ağzıyla belə ifadə edib: «Kreml, sülhün müharibədən baha olduğunu aydınlaşdırdıqda, hər hansı bir ölkə və ya ölkələrin bloku ilə müharibəyə qərar verəcəkdir».
Həm də 2017-ci ilin noyabrında rusların 59%-i Putinə güvənirdisə, bu gün yalnız 31%-i güvənir. Partiyası da oxşar vəziyyətdədir. Növbəti parlament seçkiləri sentyabr ayında keçirilməlidir. Buna görə Putin sınaqdan çıxarılmış bir vasitəyə müraciət edə bilər: kiçik bir zəfər müharibəsi, onun populyarlığını artıracaq. NATO-dan qisas almaq kimi təqdim edərək, populyarlıq qazanmağa çalışacaq. Putin və onun komandası beyni imperiya virusu ilə zəhərlənmiş xalqın böyük və axmaq kəsiminin yenidən etimadını qazanacağını düşünür. Bu baxımdan Ukrayna siyasi təzyiqləri maksimuma çatdırmalı və hərbi müdaxiləyə imkan yaratmamalıdır. Çünki Ukraynada 5-ci kolon və ruslaşdırılmış kəsim hələ də çoxluq təşkil etməkdədir. Daxili siyasətdə bu kolonun neytrallaşdırılmasına start verilməlidir.
Həm də eyni zamanda Ukrayna Türkiyə kimi etibarlı tərəfdaşlarıyla daha sıx əlaqələr qurmağa çalışmalıdır. GUAM yenidən dirçəldilməli və birgə aktiv fəaliyyətə keçməyin yolları müəyyən edilməlidir.
Beynəlxalq aləm Rusiyaya təzyiqləri bu cür artırsa, o, zəbt etdiyi Qarabağ, Abxaziya, Osetiya, Dnestryanı, Krım, Donbas və Luqansk bölgələrini öz əli ilə təhvil verməyə məcbur olacaqdır. Rusiyanın ağlı olsa, bunu daha tez bir zamanda edər.
Rusiya — Ukrayna düşmənçiliyi: