Azərbaycanda xüsusi karantin rejimi elan edildikdən sonra məlum olduğu kimi bir çox iş yerləri bağlanıb. Bu durum günəmuzd çalışan və ya ümumiyyətlə işsiz olan vətəndaşların sosial həyatında ciddi problemlər yaradıb.
Məhz bu səbəbdən Prezident İlham Əliyevin göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) heç bir gəliri olmayan, işsiz vətəndaşlara 190 manatlıq birdəfəlik yardım ediləcəyini açıqlayıb. Qeyd edək ki, bu yardımı almaq üçün vətəndaşlar Məşğulluq Xidmətinin elektron hesablarında qeydiyyatdan keçməlidir. Lakin son iki gündə “e sosial” və “e hokumet” saytlarına yüklənmə o qədər çox olub ki, saytda texniki problemlər yaşanıb.
Nazirliklərə gələn saysız-hesabsız müraciətlər və sosial şəbəkələrdə vətəndaşların yardım tələbləri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev məsələyə aydınlıq gətirib. Nazir açıqlamasında sözügedən yardımın hansı vətəndaşlara aid edildiyini bildirib:
“Son günlər işsizliklə bağlı müavinət almaq üçün hazırda işləyən sahibkarlar da müraciət edir: Müraciətlərin 60 %-i bunları əhatə edir. Bu da bizim iş prosesinin ləngiməsinə səbəb olur. Tələbələr, hərbçilər, adına pay torpağı olanlar işsiz hesab edilmir. Biz istənilən müraciəti elektron qaydada yoxlayırıq. Artıq 10 mindən artıq müraciət qeydə alınıb. Birdəfəlik ödənişə bir ailənin iki üzvünün hüququ yaranırsa belə, ödəniş yalnız onların birinə ödəniləcək. Xüsusi karantin rejimi uzadılsa, insanlarımız növbəti aylarda da bunu alacaqlar”.
Sözügedən açıqlama ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Vətəndaşların bir qismi hökumətin yardım paketinin sadəcə 190 manatı əhatə etdiyi kimi yanlış qənaətə yiyələnib. Mövzunun aktuallığını nəzərə alaraq Ednews.net məsələni araşdırıb.
Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə tədbirlər əksini tapır. Bu 4 istiqamət üzrə 10 dəstək tədbiri 1 milyon 900 min vətəndaşı əhatə edir. Həmin istiqiamətlər üzrə ayrılan vəsait isə 394 milyon manatdır.
Qeyd edilən 4 istiqamət üzrə, 4 kateqoriyadan olan vətəndaşlara dəstəyin göstərilməsini nəzərdə tutulur:
I kateqoriya — Dövlət sektoru üzrə tədbirlər — dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməyəcək və məzuniyyətə buraxılan işçilərin əməkhaqları ödəniləcək. Bu tədbirlər həmin sektorda çalışan 910 min işçini əhatə edir.
II kateqoriya — Özəl sektor üzrə tədbirlər — özəl sektor üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi üçün “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən gündəlik nəzarət təmin edilir. Həmçinin bu sektorda sahibkarlara xüsusi karantin rejimi dövründə gəlirlərinin azalmasına görə yardımlar ayrılacaq. Özəl sektorda çalışan vətəndaşların məvacibləri bu yardımlar əsasında kompensasiya ediləcək. Günəmuzd işləyənlənlərin günlük qazanclarının aylıq dəyəri müəyyənləşdirilərək, onlara ən çoxu orta aylıq əməkhaqqının miqdarı qədər (yəni maksimum 712 manat) ödəniş ediləcək. Bu istiqamətdə tədbirlər özəl sektorda işləyən 690 min insanı əhatə edəcək.
III kateqoriya — İşsiz kimi qeydiyyata alınan şəxslər — işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə veriləcək. Qeyd edək ki, bunun üçün 70 milyon manat vəsait ayrılıb. İşsiz şəxslər işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxslərdir. Muzdla (əmək müqaviləsi ilə) işləyənlər, mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, əyani təhsil alan tələbələr və b. məşğul şəxs sayılırlar və işsiz şəxs kimi qeydiyyata alınmırlar. Əgər ailənin bir üzvü əmək haqqı, pensiya və s. ödəniş alırsa, ailənin digər üzvü işsiz olsa da, artıq bu birdəfəlik ödəməni almayacaq.
IV kateqoriya — həssas qruplar (əlillər, aztəminatlı ailələr və s) – bu qrupa daxil olan vətəndaşlara əvvəlki dövrlərdə olduğu kimi aylıq ödənişlərin ödənilməsinə davam ediləcək.
Qeyd edək ki, birdəfəlik ödəmələr nağdsız qaydada, bank vasitəsilə vətəndaşlara çatdırılacaq. Bank kartı varsa, bank hesabına köçürüləcək, yoxdursa, ən yaxın bankda öz şəxsiyyət vəsiqəsini təqdim etməklə alacaqlar. Buna görə bütün banklar üzrə bankomatlardan nəğdləşdirmə haqqı olmayacaq.
Nicat İsmayılov