Mamedin paraşütü, ya da sosi-al: islahatmı, ishal-atmı?

Xaqani Ədəboğlu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Mətbuat Xidmətinin rəhbəri

Doğrusu bizimkilərin bu İsveçrə sevgilərinin banklardanmı, yoxsa patsefistliklərindənmi gəldiyini anlaya bilmədim. Amma düşündüm ki, yəqin tezliklə bu islahatlarla dünyanın ən çox əmək haqqı alan və səhiyyəsinə görə daim ilk 10-luqda olan bir ölkəsini hədəfə almağımız təsadüfi deyil. Yoxsa gündəlik qazancı 5 dollardan aşağı olan Mamed, durub durduğu yerdə, niyə gedib gündəlik gəliri 220 dollar olan bir ölkənin bostanına «islahat daşı atsın».

Keçək mətləbə: İsveçrədə əlillik


İsveçrədə ümumi 8,5 milyon əhalinin, təxminən 1,7 milyon nəfəri əlildir. Yəni səhiyyəsi yüksək səviyyədə olan bir ölkə əhalisinin 20%-i əlildir. Bunlardan 27% -i “ağır dərəcəli əlil” hesab edilə bilər. Bu cür xəstələr ixtisaslaşmış tibb müəssisələrində yaşayırlar, çünki müstəqil və tam baxımsız olaraq tək bir evdə yaşaya bilmirlər.


Əlil uşaqlara gəldikdə, onların sayını rəqəmlərlə qiymətləndirmək çətindir. Ölkədə təqribən 10.000 uşağın ağır dərəcəli, daha 44.000 nəfərin isə orta dərəcədə əlil olduğu bildirilir.


İsveçrəli kişilər dünyanın başqa yerlərdinəki kişilərdən daha uzun ömür sürürlər. Orta yaş həddi 81-dir.


Avropanın ən zəngin ölkələrindən biri kimi, yüksək keyfiyyətli səhiyyə, güclü şəxsi təhlükəsizlik və rifah, İsveçrə üçün xarakteristikdir. Bəzi araşdırmalarda buna səbəb kimi pendir və süd məhsullarından çox istifadə göstərilir.


Beynəlxalq qərargahların bir çoxu burada yerləşdiyinə görə ölkəyə çox sayda ekspat gəlsə də, onun coğrafi mövqeyi iş ilə daimi istirahət arasında balansı qorumağa kömək olur.

Ölkədəki özəl məktəblər də «planetin ən yaxşılarından» hesab olunur, bu isə gənc ailələr üçün çox cəlbedicidir.


(Mənbə: İsveçrə Federal Statistika İdarəsi)


Azərbaycan. Rəsmi rəqəmlərə görə, Azərbaycan əhalisinin 6 faizi, yəni əhalinin 620 minə yaxını fiziki məhdudiyyətlidir. Üstəlik bunlardan 12 min nəfəri müharibə zamanı xəsarət almış şəxslər olması məlumdur. Onlara əlillik dərəcəsinə uyğun sosial müavinətlər verilir. 2018-2019-cu illərdən dəyişməyən bu rəqəmlərin dəqiq olmadığı anlaşılandır. Əgər İsveçrə ilə müqayisə etsək elə bu göstərici ilə dünyanın ən xoşbəxt ölkəsindən ən azı 3,3 dəfə «xoşbəxt» yaşamaqdayıq. Əlbəttə ki, belə məmurları olan bir ölkədə özgə cür yaşamaq mümkün deyil. Ümumiyyətlə, dünya praktikasında ölkə əhalisinin 10 faizinin əlil statusu alması normal hesab olunur.

Artım dinamikasına diqqət yetirək. Azərbaycanda 2003-cü ildə əlillərin sayı 250 min nəfər, 2008-ci ildə 286 min insan əlilliyə görə təqaüd alırdı. 2013-cü ildə bu rəqəm 506 min nəfərə çatıb. 2003- 2013-cü illərdə Əmək və Əhalinin Sosial Təminatı naziri komersant Füzuli Ələkbərov olub. Bir sürü özünə bənzər kadrlarıyla bu rəqəmi 506 min nəfərə çatdırıb. 2013-2018-ci illərdə Əmək və Əhalinin Sosial Təminatı naziri hazırda həbsdə olan Səlim Müslümov olub və o da sələfi kimi bu rəqəmi 620 min nəfərə çatdırıb. Rəqəmlərdən aydın olur ki, 10 ilə 256 min əlillik vermiş və nazirliyi kommersiya obyektinə çevirmiş Füzuli Ələkbərov azadlıqda gəzib, biznesdə tender-tender oynayır, 5 il ərzində 114 min əlillik vermiş (Füzuli Ələkbərovun rekordunu təzələyə bilməyib, o 5 il ərzində 128 min nəfərə əlillik verib) Səlim Müslümov isə həbsxanadadır.

Bu gün 95 min nəfərin əlilliyini saxta hesab etsək, deyilənlərə görə, bu saxtakarlığın qiyməti müxtəlif vaxtlarda 3500-5000 və daha çox olub. Statistik olaraq bu adamlardan ən azı 380 milyon manat pul alındığı və üstəlik Dövlətə illərcə ziyan vurulduğu ortadadır. Bu, hər halda aidiyyatlı orqanların işidir.


Bir vaxtlar müharibə əlili və veteranların pensiyalarından kəsməklə pensiyadan qənaət barədə prezidentə yalan məlumat verən Səlim Müslümovun bu «islahatı» barədə məqalədə qeyd etmişdim: «Təqaüd yeganə ödəniş növüdür ki, ondan qənaət mümkün deyil». Sonra pulları kəsilmiş əlillər məhkəmə yolu ilə bu vəsaitləri bərpa elədi. Bu gün də eyni strategiyanı sosial sahə anlayışı olmayan bir komanda sərgiləməkdədir. Bu «islahatçı» kimi görüntü yaradan «isveçrəlilər» iki ayağı olmayan müharibə əlilinin əlilliyini ləğv ediblər. Sanki zalımlar Stalin babalarının «harada insan yoxdursa, problem yoxdur» deviziylə faktiki anadangəlmə əlillərə belə əlillik vermir və süründürməçiliklə məşğul olurlar. Yəni əlil yoxdusa, əlillik də yoxdur. Müharibədən dönmüş qazilərin narazılığı pik həddə çatıb. Komissiyaya sədrlik edən Yaqub Eyyubov müəmmasını, nazir Sahil Babayev tamamlayır. Bəlkə bu günədək təkcə mən 12-15 min qazi və veteran döyüşçüyə cavab vermişəm. Sayt olaraq veteran adıyla internetdən bizim nömrələri tapıb zəng edirlər. Ötən araşdırmada düşmən və acından ölən Ermənistanda müharibədə xəsarət almış şəxslərə 6 ay ərzində, yəni əlillik alanadək 600 dollar vəsait ödənildiyini qeyd etmişdik. Bizdə isə nəinki ödəniş yoxdur, hətta adi insani münasibətin olmamasından şikayətlər günbəgün artmaqdadır.

Bu günədək deməyə söz tapırdım. Tapmayanda «Vətən sağ olsun!»- deyə yola verirdim. Amma bu gün onları deyə bilmirəm. Gənclər anlayırlar ki, satanları sağ olduqca, Vətən sağ olmaz! 14 manata görə şəhid balasının işığı kəsilirsə, 20 manata görə Fətullaha 100 milyonluq villa tikənlər şəhidin körpəsinin suyunu kəsirsə, heç o Vətən sağ olmasa yaxşıdır…

Bu gündən müharibə veteranları və əlilləri kütləvi narazılıqları nəzərə alıb müzakirələrə start verməlidirlər. Yaxın günlərdə bu «İsveçrə sevərlərin» də iştirakıyla konfrans keçirilməlidir. Bu sosial narazılığa hesablanmış addımların qarşısı alınmalıdır.


Bu gün baş verənləri məlum bir Xaos planının tərkib hissəsi sayırıq. Bütün dünyada qanun və qərarların geriyə təsiri olmadığı halda bizim üzvlərimizdən də əlilliyi ləğv edilərək qəbul etdikləri bu «əndrabadi» üsullarla dərəcəni aşağı salmağı təklif edirlər. Özü də bunun yuxarıların göstərişi olmasını deyirlər.


Dəfələrlə yazmışam və yenə də yazıram ki, sosial dövlət quruculuğundan danışan bir ölkədə uşaq müavinəti yoxdur, pensiya yaşı orta yaş həddinə yaxınlaşdırılmaqdadır. Azərbaycanda statistik olaraq kişilər 72.7, qadınlar 77.6 yaş hədlərini BMT təkzib edir və müvafiq olaraq 69-72 yaş olduğunu qeyd edir. Bu gün bu «isveçrəli ishalatçılar» uşaq pulu kimi qlobal problemə çevirdikləri bir məsələnin həlliylə məşğul olmaq əvəzinə dövlətə qarşı narazı kütlə hazırlamaqla məşğul olmaları fakt kimi ortadadır. 95 min insanın təqaüdünü kəsmək hazırda yarım milyon potensial etirazçı deməkdir. Bunca saxtakarlıq varsa, bunu edənlərin ən azı 10 min nəfəri həbsxanalarda olmalıdır. Bu yoxdursa, demək fakt da yoxdur. Uşaq puluna gəlincə isə dünyanın bir çox ölkələri, hətta «acından ölən» Ermənistan belə 2 yaşa kimi 37 dollar uşaq pulu verir. Belə çıxır ki, bu ölkədə millətin demoqrafik artımını istəməyən qüvvələr mövcuddur.

Yaxud da 27 ildir ki, qazilərə «qan pulu» verməyi oyun kimi fırladırlar. Şəhidlərimizin ailələri pis yaxşı bu vəsaiti alsalar da, bu günədək aidiyyatlı qurumlar öz «armud oyunlarını» davam etdirirlər. Öncə «pas»ı Konstitusiya Məhkəməsinə, sonra Milli Məclisə, indi də «pas»ı məhkəmələrə atıblar. Yadıma Mamedin bir lətifəsi düşdü. Təyyarədə bir rus, bir gürcü, bir də Mamed uçurmuş. Birdən elan edirlər ki, təyyarədə nasazlıq var. Amma bir nəfərə paraşüt çatmadığı üçün hər kəsə bir sual veriləcək. Kim cavabı tapmasa ona paraşüt verilməyəcək. Rusdan Rusiyanın, gürcüdən Gürcüstanın paytaxtını soruşurlar. Mameddən isə soruşurlar ki, Cibutinin paytaxtı haradır? Mamed incik-incik deyir: «Day deyin vermirəm də». Mənim o qan pulu yazılanda 29 yaşım vardı…


İslahat bütün cəmiyyətlərdə inkişafın leytmotivi sayılır. İslahatın həyata keçirilməsi dünyagörüşün və milli əxlaqın dəyişməsiylə mümkündür. Bunlar olmayan topluma Quran kimi müqəddəs bir kitab verilsə, ya gedib cənnətə bilet satarlar, ya da ki, cəhənnəmin girişindəki basabasda durub ölülərə cərimə yazmağı düşünərlər.


Elə ona görə də sosial sahədəki filoloji islahatlar, əslində başlandığı andan ishal-ata çevrilib. Hər kəsin artıq «qarnı ağrıyır»…

Bu xəbəri paylaşın: